Bazar , 11 Yanvar 2026
Drone Cameras

BMT-nin Livandakı sülhməramlı missiyasının mandatı sonuncu dəfə uzadılıb

BMT Təhlükəsizlik Şurası  Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) missiyasının mandatını yekdilliklə 2026-cı ilin sonuna qədər uzadıb. 

Boyukmillet.com bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, BMT Təhlükəsizlik Şurasının 15 üzvü Fransa tərəfindən hazırlanan və ABŞ ilə kompromis əldə edildikdən sonra təqdim olunan qətnaməni yekdilliklə dəstəkləyib.

Qətnamədə UNIFIL-in 31 dekabr 2026-cı il tarixində fəaliyyətini dayandırması, həmin tarixdən başlayaraq bir il ərzində Livan hökuməti ilə yaxın koordinasiya şəraitində hərbi kontingentin nizamlı və təhlükəsiz şəkildə azaldılması və ərazidən çıxarılması qeyd olunur. Məqsəd ölkənin cənubunda təhlükəsizliyin yeganə təminatçısının Livan hökumətinin olmasıdır.

ABŞ-nin BMT-dəki müvəqqəti işlər vəkili Doroti Şi bildirib ki, bu, UNIFIL-in mandatının rəsmi Vaşinqton tərəfindən dəstəklənən sonuncu uzadılmadır. Onun sözlərinə görə, Livandakı təhlükəsizlik vəziyyəti ötən illə müqayisədə dəyişib və bu, Livanın daha çox məsuliyyət götürməsi üçün fürsət yaradır.

Qeyd edək ki, UNIFIL-in mandatı 2006-cı ildə İsrail ilə “Hizbullah” arasında baş vermiş bir aylıq müharibədən sonra genişləndirilmişdi. Missiyanın məqsədi Livan ordusuna ölkənin cənubunu silahlı qruplaşmalardan təmizləməkdə yardım etmək idi.

Check Also

Ukrayna Rusiyanı “Avropanı raketlə sınağa çəkməkdə” ittiham etdi: BMT və NATO dərhal toplanır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya Müdafiə Nazirliyinin bəyanatına sərt reaksiya verib.Boyukmillet.com xəbər verir ki, …