Cümə axşamı , 21 Noyabr 2024
Drone Cameras

Borel Əliyevə cavab verdi: “Biz Fransa və Niderlandla birlikdəyik”

Aİ rəsmisi hesab edir ki, Əliyevin fikirləri Azərbaycanın COP29-a ev sahibliyini sual altına alır

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borel (Jozep Borrel) Azərbaycanın Prezidenti İlham Əliyevin noyabrın 13-dəki çıxışından təəssüfləndiyini deyib.

Borel Əliyevin fikirlərini qəbuledilməz adlandırıb.

Azərbaycan Prezidenti İlham Əliyev COP29 çərçivəsində keçirilən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində Fransa və Niderlandı kolonial siyasətdə ittiham etmişdi.

Əliyev demişdi ki, Fransanın və Niderlandın dənizaşırı əraziləri, xüsusilə də Sakit Okean və Karib adalarında olan ərazilər çox böyük, ciddi çətinliklərlə üzləşirlər:

Artan dəniz səviyyəsi, təbii fəlakətlər, biomüxtəlifliyin itirilməsi bu regionlar üçün böyük təhdid yaradır. Həmin dövlətlərin səsləri Metropoliya hakimiyyət orqanları tərəfindən kobud şəkildə təqib edilir. Əsrlər boyu Paris onların təbii sərvətlərini talan etdiyi kimi, əhalisinə də zülm edib və zülm etməyə davam edir”.

“X” (Twitter) səhifəsində yazan Cozef Borel hesab edir ki, Prezident İlham Əliyevin Aİ, Fransa və Niderlandla bağlı açıqlamaları qəbuledilməzdir.

Onun fikrincə, bu qəbuledilməz bəyanatlar konfransın obyektivliyini və Azərbaycanın COP-a ev sahibliyini sual altına alır:

“Biz Fransa və Niderlandla birlikdəyik”.

Həmçinin, Niderlandın Xarici İşlər Nazirliyi də İlham Əliyevin çıxışına reaksiya verib. Bildirib ki, Niderland krallığı dörd muxtar və hüquqi bərabərhüquqlu ölkədən ibarətdir:

“Bu, referendumun və adalarla məsləhətləşmələrin nəticəsidir. Altı adanın hər birində vaxtaşırı demokratik seçkilər keçirilir”.

Bəyanatda vurğulanır ki, Niderland iqlim dəyişikliyi ilə bağlı həmişə kiçik ada dövlətlərinin maraqlarının fəal müdafiəçisi olub.

Noyabrın 11-dən 22-dək Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyası keçirilir.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …