2025-ci ilin ilk doqquz ayında dövlət büdcəsi xətti ilə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2 milyard 567 milyon manat vəsait xərclənib. İlin sonuna qədər bu xərcin 4,3 milyard manata çatacağı gözlənilir.
İşğaldan azad olunmuş torpaqların bərpasına yönəldilən xərclər infrastruktur layihələrinin icrasına, ərazilərin minalardan təmizlənməsinə, həmçinin təhsil, səhiyyə, mədəniyyət və idman sahələrinə aid sosial layihələrin həyata keçirilməsinə sərf olunub.
Maraqlıdır ki, doqquz ay ərzində proqnozlaşdırılan xərclərin cəmi 58,1 faizi icra edilib. Böyük ehtimalla, əvvəlki illərdə olduğu kimi, bu il də dövlət satınalmaları üzrə müqavilələrin əksər hissəsi noyabr–dekabr aylarında bağlanacaq və büdcədən vəsait həmin dövrdə ayrılacaq. Ekspertlərin fikrincə, dövlət investisiyalarının böyük hissəsinin hər il məhz ilin son aylarında ayrılması qeyri-şəffaflıqdan və korrupsiya risklərinin yüksək olmasından xəbər verir. Belə hallarda, vəsaitin növbəti ilə keçməməsi və xəzinəyə geri qaytarılmaması üçün son üç ayda kütləvi satınalma müqavilələri bağlanır. Bu zaman tenderlər keçirilmədən, bir mənbədən satınalmalar həyata keçirilir və layihələr müəyyən şirkətlərə ötürülür.
Maliyyə Nazirliyinin 9 aylıq büdcə icrasına dair arayışından da məlum olur ki, işğaldan azad olunmuş ərazilərin bərpası üçün 2025-ci ildə nəzərdə tutulan vəsaitin 42 faizi (təxminən 1,8 milyard manat) məhz ilin sonunda büdcədən yönəldiləcək.
Kanat yoluna 6,6 milyon, avtomobil yollarının tikintisinə 1,5 milyard manat…
Bu ilin ilk doqquz ayında istifadə edilmiş əsas kapital qoyuluşunun da böyük hissəsi – 2 milyard 234,8 milyon manat infrastruktur layihələrinin icrasına yönəldilib. 2025-ci ildə aşağıdakı layihələrə vəsait ayrılıb:
· Avtomobil yollarının layihələndirilməsi və tikintisinə – 1 milyard 525 milyon manat;
· Yeni yaşayış komplekslərinin tikintisinə – 461,1 milyon manat;
· Dəmir yolu xətlərinin tikintisinə – 107,3 milyon manat;
· Elektrik təchizatı işlərinə – 48 milyon manat;
· Su xətləri, kollektorlar və qurğuların tikintisinə – 44,3 milyon manat;
· Sənaye parkları və infrastrukturun yaradılmasına – 27,7 milyon manat;
· Geoloji kəşfiyyat işlərinə – 7,1 milyon manat;
· Şuşa, Xankəndi və Laçında kanat yolunun tikintisinə – 6,6 milyon manat;
· Digər zəruri işlərə – 7 milyon manat.
Bundan əlavə, təhsil, səhiyyə və idman yönümlü tədbirlərin, eləcə də sosial layihələrin həyata keçirilməsi üçün 291,7 milyon manat, ərazilərin minalardan təmizlənməsi üçün isə 41 milyon manat xərclənib.
21,5 milyard xərclənib, amma planlaşdırılan işin 50 faizi görülməyib
Qeyd edək ki, 2022-ci il 16 noyabr tarixində Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planı təsdiqlənib.
Ümumilikdə, 2020–2024-cü illərdə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən 17,6 milyard manat məbləğində vəsait istifadə edilib. 2025-ci ildə bu məqsədlə 4,3 milyard manat vəsaitin nəzərdə tutulduğu bildirilir ki, bununla da ümumi xərclərin məbləği 22 milyard manata çatacaq.
2026-cı ilin dövlət büdcəsi layihəsində isə bu istiqamət üzrə 3,5 milyard manat vəsaitin ayrılması planlaşdırılıb. Beləliklə, “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına dövlət büdcəsindən ümumilikdə təxminən 27 milyard manat yönəldiləcəyi gözlənilir.
Fəaliyyət planına əsasən, 2026-cı ilin sonunadək işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 280 min hektar ərazinin minalardan təmizlənməsi nəzərdə tutulur. Lakin rəsmi məlumatlara görə, 2022–2024-cü illərdə 120 min hektar, 2025-ci ilin yanvar–iyun aylarında isə cəmi 27,2 min hektar ərazi minalardan təmizlənib.
Tədbirlər planı çərçivəsində 34 500 mənzil və fərdi yaşayış evinin inşası əsas hədəflərdən biri kimi müəyyən edilib. Gələn ilin sonuna qədər təxminən 140 min məcburi köçkünün Qarabağ və Şərqi Zəngəzur bölgələrinə qayıtması planlaşdırılır. “Böyük Qayıdış” proqramının birinci mərhələsində, azad edilmiş şəhərlər də daxil olmaqla, ümumilikdə 100 yaşayış məntəqəsinin yenidən qurulması və məskunlaşdırılması nəzərdə tutulur.
Reallıqda isə, 2025-ci ilin birinci yarısına dair məlumatlara əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yeni tikilmiş və ya bərpa edilmiş evlərinə qayıdan keçmiş məcburi köçkünlərin sayı 3721 ailə olmaqla, təxminən 15 min nəfər təşkil edir. Ümumilikdə 15 yaşayış məntəqəsinin (şəhər, qəsəbə və kəndlərin) ilkin tikintisi başa çatdırılıb.
Hazırda 27 qəsəbədə tikinti, 25 qəsəbədə isə təmir-bərpa işləri davam etdirilir. Bundan əlavə, 21 yaşayış məntəqəsinin də təməli qoyulub.
Belə görünür ki, 2026-cı ilin sonuna qədər I Proqram çərçivəsində xərclər 27 milyard manata çatmasına baxmayaraq, qarşıya qoyulan hədəflərin yalnız təxminən 50 faizi yerinə yetiriləcək.
Müstəqil jurnalistlərin araşdırmalarına görə, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bəzi investisiya layihələrinin icrasında qeyri-şəffaflıq halları müşahidə olunur. Araşdırmalardan aydın olur ki, bəzi satınalmalar məhdud rəqabət şəraitində həyata keçirilir, satınalmalar əsasən prezident ailəsinə və məmurlara məxsus şirkətlərə həvalə edilir. Həmçinin, tikilən evlərin keyfiyyəti ilə bağlı mediada vaxtaşırı tənqidi materiallar və videoreportajlar dərc olunur.


Boyukmillet.com Biz yanmasaq vətən yanar
