Şənbə , 23 Noyabr 2024
Drone Cameras

“BÖYÜK ZƏFƏRİMİZDƏ SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN DƏ ÇOX ÖNƏMLİ PAYI VAR”

Vətən müharibəsi adlanaraq tarixə düşən İkinci Qarabağ savaşımızda xüsusi rola malik qurumlardan biri də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti oldu. Səfərbərlik Xidməti bu müddət ərzində peşəkar və sistemli fəaliyyət nümayiş etdirdi. 2012-ci il fevralın 13-də yaradılan Xidmətin bu günlərdə 9 illiyi tamam olacaq. Qurum ötən 9 ildə böyük inkişaf yolu keçib, üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələrək dövlətin və cəmiyyətin yüksək etimadını qazanıb. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli ilə söhbətimizdə o da inamla qeyd etdi ki, bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ən çevik, düzgün və səmərəli fəaliyyət göstərən qurumlardan biridir. Onun fikrincə, Səfərbərlik Xidməti tarixi zərurətdən və dövlətimizin rəhbərinin həm ümumən idarəetmə, həm də hərbi quruculuq sahəsində uğurla həyata keçirdiyi ciddi islahatlar nəticəsində yarandı.

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev artıq xeyli müddətdir ki, dövlət strukturlarında ciddi islahatlara start verib. Hərbi quruculuq sahəsini də əhatə edən bu islahatlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranması ilə daha bir mühüm nəticə ortaya qoydu. Cənab Prezidentin atdığı bu addımla çağırış və səfərbərlik sistemində şəffaflığın qorunması təmin edildi, müasirləşmə, xüsusən, elektron sistemə keçid kimi vacib işin əsası qoyuldu. Azərbaycan müharibə şəraitində idi, hər an müharibə başlaya bilərdi. Müharibəyə hazırlığın bir neçə mərhələsi var. Bu mərhələlər ordu quruculuğu, ordunun saxlanması, silahlanması, maddi texniki bazasının gücləndirilməsi, müasir kadrların hazırlanmasından ibarətdir. Eyni zamanda, orduya gənclər çağırış sistemindən gəlir. Bu funksiyanı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti böyük uğurla həyata keçirir. Dövlət başçısı tərəfindən qarşıya qoyulan ən mühüm tapşırıqlardan biri bu idi ki, Azərbaycan gənclərinin hərbi xidmətə çağırışı şəffaf olsun və bu istiqamətdə xüsusi, günün tələblərinə cavab verən vacib islahatlar həyata keçirilsin. Bilirik ki, müharibədə səfərbərlik sisteminin çox böyük önəmi var. Son dövr xidmətdən təxris olunmuş insanların, ümumiyyətlə, Azərbaycanın çağırış ehtiyatının səfərbər edilməsi, onun xüsusi qeydiyyatının aparılması, vaxtında yoxlanılması, eləcə də hansı xidmət qoşun növündən nə qədər insan təxris olunub, onların nə qədəri ölkədədir, nə qədəri hansı ixtisaslar üzrə xidmət edib və bu kimi başqa zəruri detallar müəyyənləşməli, həmin istiqamətlərdə tez zamanda səmərəli işlər görülməli idi. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu işin öhdəsindən çevik şəkildə və yüksək bacarıqla gəldi”.

Emin Həsənlinin sözlərinə görə, ölkənin səfərbərlik ehtiyatlarının qeydiyyatı Xidmət tərəfindən çox peşəkarcasına, dəqiqliklə və az bir zamanda icra edilməklə aparılıb. Eyni zamanda, ölkədə hərbi sahədə lazım olacaq nə qədər nəqliyyat vasitəsinin olduğu, onların kimə məxsusluğu müəyyənləşdirilib:


 
“Bu iş aidiyyətli dövlət qurumları ilə əlaqəli həyata keçirilirdi ki, müharibə zamanı bu məsələlər qısa müddətdə, yüksək səviyyədə icra edilsin. Hər il Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının, Dövlət Sərhəd Xidmətinin birgə koordinasiya olunmuş təlimləri keçirilirdi. Bu təlimlərə Səfərbərlik Xidmətindən də 10 minlərlə gənc cəlb olunurdu. Digər tərəfdən, elektron xidmətə keçid prosesin rahatlığını təmin edir. İstənilən vətəndaş xidmətin saytına müraciət edib məlumatlar ala bilir. Bununla paralel olaraq, gənclərin hərbi xidmətə hazırlanma məsələsinin mərhələli şəkildə effektli həllinə başlanılmışdı. Respublika üzrə orta məktəblərdə “Vətənin müdafiəsinə hazıram!” adlı silsilə tədbirlər keçirilirdi. QHT-lərlə birgə hər rayonda tədbirlər olurdu. Gənclər Fondu da sonradan bu prosesə qoşuldu. Hər il Səfərbərlik Xidmətinin xəttilə atıcılıq, rabitə, aşpazlıq və sair üzrə kurslar təşkil edilirdi və bu kursda iştirak edən gənclər sonralar əsgərlikdə bu ixtisaslar üzrə xidmət edəcəkdilər”.

E.Həsənli bir mühüm məqamı da diqqətə çatdırdı ki, Səfərbərlik Xidməti QHT-lərlə, mətbuatla çox sıx əməkdaşlıq edir, həmçinin, hərbi yönümlü ictimai qurumlarla mütəmadi görüşlər keçirilir, bayramlarda şəhid, qazi ailələri ziyarət olunur, xidmətini başa vurub qayıtmış gənclər qarşılanır və onlara diqqət göstərilir:

“Bu isə cəmiyyətdə Xidmətə olan inamı, etimadı haqlı olaraq artırıb. Mən şəxsən şahidəm ki, Xidmətin rəisi general-polkovnik Arzu Rəhimov başda olmaqla, qurumunrəh bərliyi, əməkdaşları bu prosesdə hər zaman çox həssaslıqla, fəal iştirak ediblər. Onu da qeyd edim ki, ölkəmizdə belə bir müsbət ənənənin ilk dəfə və möhkəm bərqərar olunmasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müstəsna rolu var. Xidmətdə işə qəbul zamanı da şəhid ailələrinə, müharibə əlillərinə və onların ailə üzvlərinə xüsusi güzəştlər tətbiq edilir. Xidmətin yeni kadr potensialı yaradılıb. Ayrı-ayrı universitetləri bitirən gənclər bu xidmətdə quruculuq işlərini və şəffaflığı izləyəndən sonra müraciət edərək işlə təmin olunurlar. İctimai rəy göstərir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyəti cəmiyyətin layiqli rəğbətini qazanıb”.

Hərbi ekspert bildirib ki, Xidmət fəaliyyətinin şəffaflığı, özünün əlçatanlığı ilə də seçilir, ölkədə bütün yaş kateqoriyalarına malik insanların təmasda olduğu bir qurum kimi bu baxımdan da işini səmərəli qurub.
E.Həsənlinin fikrincə, səfərbərlik və çağırış işini həyata keçirən dövlət qurumu çox geniş bir vətəndaş kontingentini əhatə etdiyi üçün milli-dövlətçilik düşüncəsinin, azərbaycançılığın, şanlı tariximizin təbliğinə də böyük önəm verir. Bu istiqamətdə də Xidmət rəhbərliyinin təşəbbüsü, təşkilatçılığı və dəstəyilə lazımlı addımlar atılır, mütəmadi olaraq tədbirlər həyata keçirilir.

Hərbi ekspert 44 günlük Vətən müharibəsi ərəfəsində və bu savaşın gedişində Səfərbərlik Xidmətinin göstərdiyi fəaliyyətə münasibət bildirərkən qeyd edib ki, Böyük Zəfərimizdə bu qurumun də çox önəmli payı var:
 
“Təbii ki, bir qədər əvvəl sadaladığım bütün faktorlar, görülmüş işlər ötən onilliklərdə Ümummilli lider Heydər Əliyev, daha sonra isə cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən müdrik, məqsədyönlü siyasətin parlaq nəticələridir. Eyni zamanda, bu möhtəşəm işlərə, xüsusən haqq savaşımız dönəmində, mühüm töhfələr verən, nümunəvi fəaliyyət göstərən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də qələbəmizin təmin edilməsində vacib rol oynadı. Vətən müharibəmizlə əlaqədar Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən qismən səfərbərlik elan ediləndə bu proses yüksək səviyyədə, tam mütəşəkkil formada aparıldı. Onminlərlə Azərbaycan gənci cəsarətlə, yenilməz ruhla Xidmətin müvafiq strukturlarının xəttilə səfərbər olunaraq haqq savaşımıza, qələbə naminə vuruşmalara cəlb olundu. Ondan öncə Tovuz hadisələrində 50 mindən artıq gəncimiz Səfərbərlik Xidmətinə müraciət etmişdi ki, düşmənlə mücadiləyə hazırıq. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yüksək təşkilatçılıq örnəyi göstərərək ordumuza gərək olan bütün ixtisaslar üzrə ehtiyatdan hərbi qulluqçuları toplayaraq cəbhəyə göndərdi. Bu gün tam cəsarətlə, əminliklə deyə bilərik ki, Səfərbərlik Xidməti Vətən müharibəsi sınağından uğurla, alnıaçıq çıxdı. Olduqca fərəhli haldır ki, parlaq zəfərimizdən sonra cənab Prezident İlham Əliyev bu qurumun da fəaliyyətinə layiqli qiymət verdi, Xidmət rəisini “Qarabağ” ordeni ilə və bir çox əməkdaşları orden-medallarla təltif etdi. Səfərbərlik Xidmətinin rəisi Arzu Rəhimova general-polkovnik, daha iki əməkdaşına isə general-mayor rütbəsi verildi. Bütün bunlar dövlətimizin başçısının Səfərbərlik Xidmətinin fəaliyyətinə verilən layiqli qiymətin göstəricisidir”.

“Böyük Zəfərdən sonrakı proseslərdə, xüsusən ölkədə davam edən ciddi islahatlar mərhələsində, sizcə, Səfərbərlik Xidməti hansı keyfiyyətdə iştirak edəcək” sualına cavab olaraq Emin Həsənli deyib ki, heç şübhəsiz, bu qurum işini daha da təkmilləşdirmək və davamlı yeniləşmə tələblərinə uyğunlaşmaqla yeni uğurlara imza atacaq:
 
“Xidmət rəhbərliyini və əməkdaşları yeni nailiyyətlərə ruhlandıran ən mühüm iki amildən biri şanlı vətənimiz qarşısında müqəddəs borc hissidirsə, digər vacib cəhət dövlətimizin rəhbərliyinin bu quruma olan etimadı, diqqət və qayğısıdır. Cənab Ali Baş Komandan ordu quruculuğuna daima diqqətli yanaşdığı kimi, səfərbərlik ehtiyatlarını, hazırlığını, resurslarını, səfərbərliklə bağlı görüləcək işləri, plan və proqramların icrasını da xüsusi nəzarətdə saxlayır. Çağırış sisteminin təkminləşdirilməsi, müasirləşməsi, şəffaflaşması üçün ali rəhbərlik tərəfindən hər cür şəraiti yaradıb və Xidmətin əməkdaşları da bu etimadı doğrulda bilib. Müşahidələrim göstərir ki, hər zaman əldə edilən nailiyyətlərə arxayın olmadan çalışmaq, ən müasir texnologiyanı işdə tətbiq etmək, nöqsanları aradan qaldırmağa can atmaq Səfərbərlik Xidmətinin əsas fəaliyyət prinsipləridir. Elə bir qurum yoxdur ki, orada çatışmazlıqlar olmasın. Lakin Xidmətin iş təcrübəsində meydana gələ biləcək nöqsanların qarşısı alınır, ya da təhlil olunaraq aradan qaldırılır. Azad edilmiş rayonlarımız bərpa olunduqdan sonra Səfərbərlik Xidmətinin yerli strukturları da öz ərazilərində fəaliyyət göstərməyə başlayacaq və bu, çox sevindirici haldır. Son olaraq, bildirim ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranma günü təkcə bu qurumun əməkdaşlarının yox, bütün xalqımızın bayramı, cəmiyyətimizin əlamətdar günüdür.  Ürəkdən inanıram ki, Səfərbərlik Xidməti və biz hamılıqla bundan sonra da hər il bu önəmli günü qürurla, fərəhlə qeyd edəcəyik!”

Nadir RZALI

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …