Bu aydan etibarən minimum pensiya məbləğinin 200 manata çatdırılması pensiyaya çıxmaq üçün tələb edilən minimum pensiya kapitalına təsir göstərib.
Boyukmillet.com Xəzər TV-yə istinadən xəbər verir ki, mövcud qaydalara əsasən pensiyaya çıxmaq üçün vətəndaşın hesabında minimum 28800 manat vəsait olmalıdır. Yaxud da vətəndaşın 25 il sığorta stajı olmalıdır.
Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Eyvaz İsmayılov bildirib ki, nəzərdə tutulan meyarlardan birinin olmaması vətəndaşın pensiya almayacağı anlamına gəlmir.
Eyvaz İsmayılov qeyd edib ki, ildən-ilə pensiya təminatı sahəsində islahatlar həyata keçirilir, sistem daha da təkmilləşdirilir.Nəticədə bir sıra amillər nəzərə alınıb.
Fondun şöbə müdirinin sözlərinə görə, bununla yanaşı 2019-cu ilin yanvarın 1-dən əmək pensiyaları haqqında qanuna edilən dəyişikliyə görə 2019-2020-ci illərdə əmək pensiyası yaşına çatmış şəxslərin fərdi hesabında 2018-ci ilin 1 iyul tarixinədək məbləğindən asılı olmayaraq pensiya kapitalı qeydə alınıbsa, onlara əmək pensiyası təyin edilərkən 25 il sosial sığorta staji hədiyyə edilir.Minimum pensiya məbləği artıqca tələb edilən minimal pensiya kapitalı da avtomatik artır.
Bəzi ekspertlər hesab edir ki,gələcəkdə minimum pensiya məbləği 200 manat deyil 300 manat olsa, o zaman tələb edilən minimum pensiya kapitalı 43200 olacaq.
Bu isə gələcəkdə pensiya təyinatında problemlərə səbəb ola bilər.Ona görə də pensiya kapitalının bir hissəsinin dövlət tərəfindən maliyyələşdirilməsi təklif edilir.
Dövlət sosial müdafiə fondunun şöbə müdiri bildirib ki, mövcud qanunvericilik hələki pensiya sığortaolunanları əhatə edir. Eyvaz İsmayılov əlavə edib ki, ildən-ilə pensiya islahatlarının davam etdiyini nəzərə alsaq, ehtiyac olarsa bu məsələyə də baxıla bilər.