Şənbə , 20 Aprel 2024
Drone Cameras

“Bu gün biz dünyadakı güclü erməni lobbisi ilə mübarizəyə səfərbər olmalıyıq”

Sentyabrın 27-də erməni silahlı birləşmələrinin müxtəlif istiqamətlərdən Azərbaycanın sərhəd bölgələrinə silahlı hücumuna Azərbaycan Ordusunun adekvat cavab verməsi nəticəsində indiki mənzərənin yaranacağını düşmən gözləmirdi. İllər boyu atyəşkəs reliminə əhəmiyyət vermədən sərhədlərimizə açdıqları atəşlər cavabsız qalmasa da, bu dəfə Ordumuzun şəxsi heyəti düşmənə layiqli cavabını verməklə öz gücünü göstərdi. Doxsanıncı illərdə işğal edilmiş torpaqlarının geri alınması məqsədilə Azərbaycan dövləti bu illər ərzində sülh danışıqlarına üstünlük versə də, Ermənistan rəhbərliyi çirkin niyyətlərini həyata keçirməkdən çəkinməyib. 44 gün ərzində Azərbaycan Ordusunun düşməni susdurması, xüsusilə işğal edilmiş torpaqların, yüksəkliklərin geri alınması Ermənistan rəhbərliyini qorxuya saldı. Onlar Azərbaycan Ordusunun gücünü gördülər və təslim olmaq üçün başqa dövlətləri vasitəçi olmağa çağırdılar. 

  • Bundan sonra informasiya və diplomatik müstəvidə mübarizə güclənəcək

Azərbaycan düşmənin niyyətini bilir, onlar sülh danışıqlarını istəmir, sadəcə vaxt qazanmaq, itirilmiş ərazilərin geri qaytarılmasını istəyir. Ancaq əldə olunan razılaşmanın şərtləri elədir ki,  Ermənistan buna nail ola bilməyəcək. Hazırda müharibənin aktiv fazası arxada qalıb. Bundan sonra informasiya və diplomatik müstəvidə mübarizə güclənəcək. Ermənistan və onun havadarlarının bir araya gələrək Azərbaycana qarşı vahid diplomatik cəbhə formalaşdıracaqları şübhəsizdir və artıq bunun ilikin işartıları görünməyə başlayıb.  Diplomatiyada səhvə yol verilməsi hərbi üstünlüklərimizin də əldən çıxmasına səbəb ola bilər. Döyüş bölgəsində Ordumuzun üstünlük nümayiş etdirməsi, düşmənin geri qaçması, torpaqlarımızın azad edilməsi  xalqımızda ruh yüksəkliyi yaradır. Təbii ki, heç kim atəşkəs istəmir, ancaq bunsuz da qələbəni rəsmiləşdirmək çətin olur. Belə bir zamanda erməni tərəfi məğlubiyyətin acısını görərək, sülh istəyib, təslim oldu. 

  • Düşmən işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarmayacaqsa, hərbi əməliyyatların bərpa olunması hər zaman baş verə bilər…

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev də danışıqların illər boyu boş və mənasız olduğunu, həmsədr dövlətlərin ermənipərəst mövqedə olduğunu bəyan edir. Xalqa müraciətində, ayrı-ayrı dünya telekanallarına müsahibəsində o, Azərbaycan Ordusunun kənardan heç bir köməyə ehtiyacı yoxdur, torpaqlarımızı özümüz geri qaytarmağa qadirik, deyə real faktlardan danışıb. Əgər bundan sonra Ermənistan yenə də öz siyasətini davam etdirəcəksə və işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarmayacaqsa, hərbi əməliyyatların bərpa olunması hər zaman baş verə bilər.

  • Hərbi və siyasi şərtləri indi Azərbaycan diqtə edir

Prezident İlham Əliyev həmişə, o cümlədən Ermənistanın hərbi təxribatlarına qarşı başlanılan son əks-hücum əməliyyatlarının gedişində yenilməz siyasi iradə, əzm, qətiyyət, prinsipiallıq nümayiş etdirməklə, düşmən ölkənin havadarları olan dövlətlər və böyük güclərin təzyiqlərinə baxmayaraq, Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etdi.  Bir daha sübut olundu ki, Azərbaycanın milli maraqları Prezident İlham Əliyev üçün ən ali dəyərdir. Prezident İlham Əliyev qəti siyasi iradə nümayiş etdirərək, 30 il ərzində qurulmuş və daim möhkəmləndirilən bu sistemi darmadağın etdi, Azərbaycanın işğalla heç zaman barışmayacağını sübut etdi. Hərbi və siyasi şərtləri indi Azərbaycan diqtə edir. Prezident İlham Əliyev qəti və məntiqli diplomatik gedişlərlə regionun geosiyasi mənzərəsini dəyişir. Bu yolda Azərbaycan xalqı öz prezidentinin yanında olduğunu ifadə edərək birlik nümayiş etdirdi. Qələbə uğrunda, torpaqlarımızın işğaldan azad edilməsi üçün könüllü olaraq səfərbərliyə yazılan, döyüş bölgələrinə yollanan yüzlərlə vətən övladı yüksək vətənpərvərlik nümayiş etdirdi. Bu, Azərbaycan xalqının milli iradəsidir, milli birliyidir, düşmənə qarşı barışmaz mövqedə olduğunun təcəssümüdür.

  • “Nə vaxt nəyi necə etmək lazımdır, bunu biz bilirik…”

Azərbaycan hərbi sahədə əldə etdiyi böyük uğuru həm də diplomatik müstəviyə keçirdi. Ermənistanın danışıqlar formatını dəyişmək və Dağlıq Qarabağdakı qondarma rejimin danışıqlar prosesində tərəf kimi çıxış etməsinə nail olmaq, o cümlədən 1994-cü il Bişkek protokolunu əlində bayraq etmək iddiasının üzərindən birdəfəlik xətt çəkildi. Ermənistan etiraf etdi ki, bu münaqişədə tərəf olan Dağlıq Qarabağdakı qondarma rejim deyil, məhz Ermənistan dövlətidir. Ermənistan baş naziri artıq 7 şərt irəli sürmür, ona diqtə edilən şərtləri qəbul etmək zorundadır. Bu gün danışıqlar prosesində məhz Azərbaycan öz iradəsini diqtə edir və şərt irəli sürür. Prezident İlham Əliyev dəfələrlə bildirib:  “Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik”

  • İndi biz çalışmalıyıq ki, diplomatik müstəvidə uduzmayaq

Bugünədək aparılan siyasət, atılan addımlar, o cümlədən sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları dövlət başçısının bu fikirlərinin tam əsaslı olduğunu təsdiq edir. İstər danışıqlar masasında, istərsə də hərb meydanında atılan hər bir düşünülmüş və dəqiq addım bizi əsas hədəfə daha da yaxınlaşdırır. Qısa müddət ərzində aparılan döyüşlərdə bütün dünya Azərbaycan xalqının əzmini gördü. Ərazilərin işğaldan azad edilməsi üçün bütün xalq Ali Baş Komandanın ətrafında səfərbər oldu. Tarixi günlərini yaşayan Azərbaycan düşməni torpaqlarımızdan çıxararaq Ermənistanı təslim bayrağı qaldırmağa məcbur etdi. 

Hazırda siyasi diplomatik müstəvidə müharibə davam etməkdədir. Azərbaycan diplomatiya tarixinə düşəcək elə strateji qərarlar qəbul edir ki, bu uğurlar təkcə Azərbaycanın statusunu deyil, bütövlükdə regionumuzun geostrateji mənzərəsini kardinal şəkildə dəyişir. Bu, bizim tarixi zəfərimiz, tarixi uğurumuz, ermənilərin isə sözün əsl mənasında tarixi məğlubiyyətləridir. Ona görə də hazırda regionda yaratdığımız yeni geosiyasi reallığı düzgün dəyərləndirməli, yeni siyasi tablonu bütöv görməyi bacarmalıyıq.

  • Beynəlxalq birlik və ermənipərəst xarici dairələr də anladı ki, xalqımız işğalla heç vaxt barışmayacaq

Azərbaycanın işi haqq işidir, biz torpaqlarımızın işğaldan azad olunması uğrunda mübarizə aparırıq. Döyüşlər bizim torpaqlarımızda aparılıb. Bizim şəhərlərimiz, kəndlərimiz kimin yaşamasından aslılı olmayaraq dağıdılır. Düşmən tərəf bizə alternativ yol tanımayıb. Əlbəttə ki, düşmənin arxasında duran böyük güclər var. Bunun nəticəsidir ki, 30 ilə yaxındır torpaqlarımız işğal altında saxlanılıb. İndi biz çalışmalıyıq ki, diplomatik müstəvidə uduzmayaq. Ermənistan bizə qarşı koalisiya yarada bilməsin. Biz belə bir şansı və bəhanəni onlara verməməliyik. Atəşkəs o demək deyil ki, biz hərbi yolla torpaqlarımızı azad etmək hüququmuzdan imtina edirik. Ermənistan Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə razılaşmasa, Azərbaycanın hərbi əməliyyatları davam etdirməkdən başqa yolu qalmayacaq. Beynəlxalq birlik və ermənipərəst xarici dairələr də anladı ki, xalqımız işğalla heç vaxt barışmayacaq. Yeni siyasi dönəm üçün, yəni informasiya və diplomatiya sahəsində uğurlarımızın davamı üçün xaricdəki diaspor təşkilatlarımızın üzərinə hansı vəzifələr düşür?

  • “Bu gün biz dünyadakı güclü erməni lobbisi ilə mübarizəyə sfərbər olmalıyıq”

Hazırda Türkiyədə işgüzar səfərdə olan Dünya Azərbaycanlıları Konqresi (DAK) icra aparatının rəhbəri və İctimai Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli  “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, döyüşün səngərdən diplomatiya və informasiya sahəsinə keçdiyi fikri ilə tammailə razıdır:  “Məhz bu məqsədlə hazırda Türkiyədə  səfərdəyik. Çox zəngin proqramla hərəkət edirik. Bir sıra vacib görüşlər və tədbirlər keçirdik. İstanbul, Köcaeli, İzmit şəhərlərindəki nüfuzlu media nümunələri, televiziyalara Azərbaycandakı real vəziyyət, xüsusiə də  Qarabağdakı müharibədən sonra yaşananlarla bağlı ətraflı müsahibələr verdim. Bilirsiniz ki, Türkiyədə Qarabağda baş verən prosesləri maraqla izləyirlər. Onlar bizim qələbəmizi öz qələbələri sayırlar. Türkiyə bizə hərtərəfli dəstək veriyi kimi, informasiya sahəsində də istənilən yardımı etməyə hazırdır. Bizim Türkiyədə uzun müddətdən bəri yaxından əməkdaşlıq etdiyimiz təşkilatlar var. Onların Avropa, ABŞ-dakı türk diaspor təşkilatları ilə əlaqələri olduqca genişdir. Budəfəki səfərimizdə onlarla koordinasiyalı şəkildə işləməyin yollarını da ətraflı müzakirə etdik. Yəqin ki, yaxın zamanlarda bizim Avropa ölkələrinə də birgə səfərlərimiz reallaşacaq. Bu gün biz dünyadakı güclü erməni lobbisi ilə mübarizəyə səfərbər olmalıyıq. Onlar haqsız ola-ola 30 il ərzində elə yalanlar uydururdular ki, sanki işğalçı deyillər. Bu gün üzləşdikləri məğlubiyyətlə heç cür barışmaq istəmirlər. Gücləri ancaq təmsil olunduqları ölkələrdə ürək bulandırmağa çatacaq. Biz də var gücümüzlə çalışmalıyıq ki, onların bütün fəaliyyətlərini neytrallaşdıraq”.

  • “Şübhə etmirəm ki, bu prosesdə də onların səfərbərliyini və birgə fəaliyyətini görəcəyik”

Təşkilat sədri bildirdi ki, Türkiyə səfəri çərçivəsində Kocaeli Böyükşəhər Bələdiyyə başkanı, İzmit Bələdiyyə başqanı ilə görüşüblər: “Azərbaycanın qazandığı zəfərlə bağlı əhalisi milyonlarla ölçülən şəhərlərin dövlət qurumlarının, siyasi partiyaların ordakı nümayəndələrinin və ictimaiyyətin iştirakı ilə geniş tədbirlər keçirdik. Bütün bu addımlar məhz bizim qazandığımız hərbi zəfərin diplomatik müstəvidə necə qorunub saxlanmasının yollarının müzakirəsinə yönəlib.  44 günlük müharibənin gedişi zamanı bizim bütün diaspor təşkilatlarımız prosesdən üzüağ çıxa bildi. Onlar həmin müddət ərzində əllərindən gələn nə varsa etdilər. Hətta ordumuza maddi yardımlar belə göstərdilər. Qələbəmizi lazımınca qeyd etdilər. Heç şübhə etmirəm ki, bu  prosesdə də onların səfərbərliyini və birgə fəlaiyyətini görəcəyik”.

Ən çətin və risqli işlərin öhdəsindən gələn diaspor təşkilatlarımız üçün indi tələb olunanlar  o qədər də çətin görünməyəcək. Sadəcə, bu istiqamətdə diasporun ideoloji olaraq düzgün yönləndirilməsi lazımdır ki, arada çaşqınlıq yaranmasın.

Məhəmmədəli QƏRİBLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

Check Also

DAK İdarə Heyəti toplandı: Təşkilatın güclənməsi üçün qərarlar verildi

Aprelin 14-də Dünya Azərbaycanlıları Konqresi İdarə Heyətinin onlayn toplantısı keçirilib. Azərbaycan, ABŞ, Türkiyə, Kanada və …