Türkiyədə ASC zərrəcik peyvəndi istehsal olunacaq.
Boyukmillet.com xəbər verir ki,Boğaziçi Universiteti Molekulyar Biyologiya və Genetika Şöbəsinin müdiri professor Nesrin Özören bu barədə danışıb.
Onun sözlərinə görə, koronavirusa qarşı mRNA, DNA, inaktiv və vektor peyvəndlərindən fərqli olaraq ASC zərrəcik peyvəndi dünyada ilk dəfə sadəcə Türkiyədə istehsal olunacaq. Peyvəndin heyvanlar üzərindəki sınaqları artıq tamamlanıb. Əldə olunan ilkin nəticələr müsbətdir.
“ASC zərrəcikləri virus orqanizmə daxil olduqda immun sistemini hərəkətə keçirir. ASC protein mikrokürəciklərinə əsaslanan platforma peyvənd texnologiyası orqanizmimizdəki protein quruluşunun immun sisteminə xəbərdarlıq göndərməsi vasitəsilə işləyir. Bu əsasda koronavriusa qarşı peyvənd istehsalı daha əvvəl həyata keçirilməyib. ASC proteini vücudumuzda olan bir proteindir və qəribə quruluşu var. Hüceyrəyə bir patogen və ya mikrob yaxınlaşanda təhrikedici bir kompleks yaradır. Başqa sözlə, koronavirus səthi zülalını daşıyan ASC mikrosfer quruluşları, hissəciklər vücudumuza girəndə ağ qan hüceyrələrimiz bunu qavrayacaq və müdafiə sisteminizi işə salacaq”, – professor bildirib.
Onun sözlərinə görə, peyvənddə ASC zülalı ağ qan hüceyrələrində yerləşəcək və virusu aşkar etdikdə müdafiə sistemini xəbərdar edəcək.
Otaq temperaturunda belə effektivliyini qoruyan, xarab olmayan peyvəndin 1-ci faza kliniki sınaqları mayda başlayacaq.
Tapıntının koronavirusla mübarizədə inqilab etməsi gözlənilir. (publika.az)