Cümə axşamı , 28 Mart 2024
Drone Cameras

“Bu, yeni bir siyasi sistemin başlanğıcıdır” – Millət vəkili

Koronavirus pandemiyası üç suala xüsusilə aydınlıq gətirdi. Birincisi, hər bir dövlətin siyasi, iqtisadi və sosial dayanaqlıq səviyyəsi necədir? İkincisi, hansı dövlət rəhbəri xalqının mənafeyini hər şeydən üstün tutub, dövlətin bütün resurslarını vətəndaşlarının xilası və sosial rifahı naminə səfərbər edə bildi? Üçüncüsü, hansı ölkənin vətəndaşları hakimiyyətlə həmrəylik nümayiş etdirib, özünü, ətrafını və ölkəsini bu ümumbəşəri bəladan xilas etməyə yardımçı oldu? Bu gün qürurla demək olar ki, Azərbaycan hər üç məsələdə dünyaya nümunə ola bildi.

Bu fikirləri  Milli Məclisin deputatı, araşdırmaçı alim Əziz Ələkbərli deyib.

Müsahibimiz ötən gün dövlət başçısı İlham Əliyevin Azərbaycanın pandemiyaya qarşı mübarizə paketinin 2,5 milyard manat olması və sosial sahədə heç bir proqramın ixtisar edilməyəcəyini elan etməsini xatırladıb.

Onun sözlərinə görə, Azərbaycanda illərdən bəri müşahidə edilən iqtisadi inkişaf bu prosesdə öz sözünü dedi və hamı gördü ki, heç bir kənar yardım olmadan Azərbaycan istənilən problemi həll etmək, dövlətini və vətəndaşını iqtisadi cəhətdən təmin etmək gücündədir:

“Cənab prezidentin koronavirusla mübarizə ilə bağlı ilk gündən etdiyi maliyyə ayırmaları buna sübutdur. Artıq koronavirusla bağlı ümumi dəstək paketi 2,5 milyard manata çatıb. Bu, bütün istehsal sahələrinin durdurulduğu Azərbaycan kimi bir ölkədə böyük rəqəmdir. Daha sonra hamı gördü ki, Azərbaycan hər dəqiqə dövlətinin və xalqının yanında olan, dövlətini və xalqını sevən güclü bir prezidentə malikdir.

Pandemiya qarşısında özünü itirən bəzi dünya liderlərindən fərqli olaraq, cənab prezident İlham Əliyev dərhal hökuməti səfərbər etdi, mərkəzi icra strukturlarını ayağa qaldırdı, lazımi qərarlar qəbul etdi, sərəncamlar verdi və biz bu çevik siyasət nəticəsində çox böyük fəlakətlərdən qurtarmış olduq.

Bütün bunlar dünyaya sübut etdi ki, Azərbaycan regionun qüdrətli dövləti olmaqla yanaşı, həm də dünya liderliyi səviyyəsində güclü bir prezidentə də malikdir. Məncə, təkcə bugünkü yox, gələcək nəsillər də cənab prezident İlham Əliyevin pandemiya dövründəki fəaliyyəti ilə xüsusi qürur duyacaqlar. Mən bu fəaliyyətə cənab prezidentin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqa etdikləri müraciət və çağırışları da əlavə etmək istəyirəm. Bütün bunlar yaxşı mənada qibtə ediləsi bir siyasi əxlaq örnəyidir. Və nəhayət, kiçik istisnalarla, Azərbaycan xalqı da dünyanın həsəd apara biləcəyi bir əxlaq nümayiş etdirdi. Aydın oldu ki, xalq dövlətinə və prezidentinə inanır, güvənir və onunla həmrəydir. Həkimlərimizin, polislərimizin, sosial xidmət sahəsinin əməkdaşlarının, könüllülərin, jurnalistlərin, müəllimlərimizin fədakarlığı tarixə yazıldı. Xalq gördü ki, hakimiyyət onun salamat qalması üçün mümkün olan və olmayan hər şeyi etdi”.

Millət vəkili əlavə edib ki, koronavirus pandemiyası bütün dünyada sosial siyasəti önə çəkdi:

“Bir çox sosial layihələr, sosial paketlər masa üzərinə qoyuldu. Mənə elə gəlir ki, bu, həm də yeni bir siyasi sistemin başlanğıcıdır və çox güman ki, bu siyasi xətt postkoronavirus dövründə də davam edəcəkdir. Xalqımızın və dövlətimizin bu bəşəri bəladan minimum itki ilə çıxması üçün bu günə qədər prezidentimiz hər şey etdiyi kimi, bundan sonra da lazım olan bütün addımları atacaqdır. Nəzərdə tutulan yeni maliyyə ayırmaları əhalinin bütün zəruri ehtiyaclarını və sosial qruplarını əhatə etmək üçün nəzərdə tutulub və lazım olsa yeni ayırmalar da ediləcəkdir. Mən şübhə etmirəm ki, xalqımız postkoronavirus dövründə bunun əvəzini öz əməyi, prezidentinə və dövlətinə sevgisi, minnətdarlıq və təşəkkür hərəkətləri ilə çıxacaqdır”.

Check Also

Mətbuat Şurası Vladimir Solovyovun qərəzli mövqeyini pisləyən bəyanat yayıb

“Crocus City Hall” konsert zalında törədilmiş və xeyli günahsız insanın ölümünə səbəb olmuş terror aktı …