Cümə axşamı , 9 May 2024
Drone Cameras

Camaatın korona fəlakətindən çirkli pul qazanan həkimlərin bioqrafiyasına baxın – gənc olmaq, xaricdə təhsil və dil bilmək hələ hər şey demək deyilmiş…

Samir Adıgözəlli: “Prezident də demişdi ki, kadr islahatları aparılmalıdır, ancaq təkamül yolu ilə, təbii yolla, burada da heç bir əyintilərə yol vermək olmaz”

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rüşvətə görə həbs etdiyi həkimlərdən biri də Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi İmran Əli Ağa oğlu Ağayevdir.

İ.Ağayev 1998-ci ildə Tibb Universitetinə daxil olub, 2003-cü ildə stomatoloq ixtisası üzrə oranı bitirib. 2003-2006-cı illərdə çənə cərrahı ixtisası üzrə internatura və kliniki ordinatura keçib. Stomatologiya kafedrasının assistenti olub, tibb elmləri namizədidir. Aktiv əmək fəaliyyətinə (Qırmızı Xaç Komitəsində 2004-2006-cı illərdə stomatoloq kimi çalışması və Təcili Tibbi Yardımda köməkçilik etməsini çıxsaq) 2009-cu ildə başlayıb. 2009-cu ildən Mərkəzi Gömrük Hospitalında, 2012-ci ildən “MediStyle Dental” klinikasında stomatoloq vəzifəsində işləyib. 2014-cü ildə isə diş həkimi qəfildən “MediStyle Hospital”ın baş həkimi olub. 2020-ci ildə də Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi təyin edilib. Həbs edilən digər baş həkimin də tərcümeyi-halı diqqət çəkir. Onun da cavan kadr olduğu və  xaricdə təhsil aldığı  məlum olur.

Koronavirus xəstəxanalarının baş həkimlərinin həbsi səhiyyə sistemində korrupsiyanın daha da irəlilədiyinin sübutudur. Həbs edilən baş həkimlərin karyeralarına baxırsan, adam heyrətə gəlir. Yaxşı təhsil, xarici ölkələrdə praktika, prestijli hospitallarda baş həkimlik, elmi işlər və sonda bu biabırçılıq. Demək ki, Vətənə, xalqa, dövlətə ləyaqətlə xidmət üçün yalnız gənc və yaxşı təhsilli olmaq yetərli kriteriya deyilmiş. Gənc olmaqla yanaşı, ən vacibi vicdanlı, gözütox, sadə xalqın arasından çıxıb millətimizin övladlarına yuxarıdan aşağı nəzərlərlə baxmamaqdır. Tibb sahəsindəki gənc kadrların bu biabırçı addımı nələri söyləməyə əsas verir?

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin  (İSBAM) sədri Samir Adıgözəlli  “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, xalqın bu vəziyyətindən istifadə edib pul qazanmaq, yumşaq deyilsə, insafsızlıqdır: “Mən özüm COVİD-ə yoluxub, ağır müalicə kursu keçmişəm. Birinci müalicəm Türkiyədə, ikinci isə Naxçıvanda olub. Heç birində hansısa qanunsuzluqla rastlaşmamışam. Bakıda bu sahədə həkimlərin möhtəkirliyə yol verdiklərini eşidirdik. İnsanlar arasında söz-söhbət gəzirdi ki, pul verməsən adamı xəstəxanaya yerləşdirmirlər. Həyata keçirilən həbslər bunun həqiqət olduğunu üzə çıxarmış oldu. Ən maraqlısı isə budur ki, bunu yeni islahatlar fonunda vəzifəyə təyin edilən gənc kadrlar edib”.

Ekspertin sözlərinə görə, 2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkilərindən sonra ölkədə  kadr islahatlarına start verildi: “Dəyişikliklər modern, çevik siyasətlə ayaqlaşa biləcək yeni gənc kadrların prosesə qoşulmasını özündə ehtiva edirdi. Bu məqsədlə  kadr islahatları davam etdirildi. Beləliklə aydın oldu ki, dövlət idarəçiliyi sistemini daim təkmilləşdirmək məqsədini qarşıya qoymuş komanda bu istiqamətdə mühüm addımlar atır. Təbii ki, istənilən sahədə aparılan islahatların son nəticədə iki məqsədi olur: ölkə vətəndaşının sosial rifahının yaxşılaşdırılması və dövlətin iqtisadi qüdrətinin artırılması. Doğrudur, bu zaman bəzi xırda məqsədlər də var. Ancaq əsas məqsəd məhz bu iki istiqamətdə fokuslanır. Prezident də demişdi ki,  kadr islahatları aparılmalıdır, ancaq təkamül yolu ilə, təbii yolla, burada da heç bir əyintilərə yol vermək  olmaz. Ölkə başşçısı bu islahatın modelini belə verdi. Təcrübə, bilik və gənclərin dinamizmi, novatorluğu, yeniliyə, islahatlara meylliliyi. Söhbət yalnız gənclərə etimad göstərməkdən yox, işi sistemli aparmaqdan gedirdi. Kimsə xaricdə təhsil alıb və gəncdirsə, buyursun keçsin yuxarı başa prinsipi ola bilməz. Baş həkimlərin həbsi bir daha sübut etdi ki, kadr islhatlarında bütün parametrlər nəzərə alınmalıdır”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Cənub rayonlarının enerji verilişində fasilə yaranacaq

“Azərişıq” ASC-nin Cənub Regional Elektrik Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində …