Uyğur məsələsi dünya üçün yeni deyil, hələ XVIII əsrin ortalarında Şərqi Türküstan regionunun Tsin-Mancur sülaləsi tərəfindən işğalı və ilhaqı ilə başlayan məsələdir. Uyğurlar işğalla heç vaxt barışmayıblar, bölgədə dəfələrlə üsyanlar baş verib, hətta bir neçə dəfə müstəqil Uyğur dövləti də qurulub. Sonuncu Şərqi Türküstan dövləti 1944-cü ildə yaradılsa da, 1949-cu ildə vətəndaş müharibəsində qalib gələn Çin kommunistləri 6 illik mübarizədən sonra bu coğrafiyanı ilhaq ediblər və 1955-ci ildə burada Sintszyan-Uyğur muxtar regionu yaradıblar. Çin Xalq Respublikası dövründə də Pekin bölgədə uzunmüddətli sabitlik yarada bilməyib, lokal üsyanlar və müqavimət davam edib. Yəni Çin hökuməti daima buranı özü üçün problemli ərazi hesab edib və son illər aparılan siyasət göstərir ki, mərkəzi hökumət problemin həlli üçün ən radikal üsullara üstünlük verməyə – müasir texnoloji vasitələrdən istifadə edərək insanlar üzərində daimi izləmə sistemi qurmağa, düşərgə kompleksləri yaradaraq uyğurları və digər türkdilli müsəlman xalqlarının nümayəndələrini təlim-tərbiyə adı altında oraya toplamağa başlayıb.
Sintszyan-Uyğur muxtar bölgəsi 1,65 milyon kv. km ərazisi ilə Çinin ən böyük inzibati-ərazi vahididir. Əhalinin 1953-cü ildəki siyahıyaalmasına görə əhalinin 75%-ni uyğurlar təşkil edirdi və ölkənin dominant etnosu olan han çinlilərinin sayı cəmi 6% idi. Mərkəzi hökumətin siyasəti nəticəsində 50 il ərzində demoqrafik vəziyyət dəyişdi və hazırda uyğurların sayı 46%-ə düşüb (təxminən 10 milyon nəfər), hanların sayı isə 40%-i ötüb. Ötən müddətdə uyğurların etirazlarının səbəblərindən biri də məhz Çin hökumətinin apardığı demoqrafik siyasətlə əlaqəli olub: mərkəzi hökumət müsəlmanları ölkə miqyasında olduğu kimi, bu bölgə daxilində də azlığa çevirməyə çalışır. Sintszyanın Çin üçün geostrateji önəmi böyükdür, bura Avrasiyanın tam mərkəzində yerləşir, ölkənin şimal-qərb qapısıdır və 8 dövlətlə sərhədi var: Monqolustan, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Əfqanıstan, Hindistan və Cammu-Kəşmirin Pakistanın nəzarətindəki hissəsi. Sintszyan Çin hökumətinin gözündə digər problemli region olan Tibet ilə də qonşudur, bu da Çin hökumətini bölgə üzərində möhkəm nəzarəti təmin etməyə yönəldən əlavə amildir ki, bir regiondan ortaya çıxacaq qarışıqlıq digərinə sirayət etməsin. Qədim İpək Yolu Şərqi Türküstandan keçirdi, müasir İpək Yolunun da bir istiqaməti bu zonanı əhatə edir. Çinin qlobal infrastruktur layihəsi olan Bir kəmər, bir yol çərçivəsində 3 trans-Avrasiya iqtisadi dəhlizindən biri – şimal dəhlizi (Çin-Orta Asiya-Rusiya-Avropa) Sintszyandan keçir. İnşa olunan 15 quru limanı (yük terminalı) və 2 hava limanı ilə Sintszyan mühüm logistika mərkəzi olacaq. Bu səbəblə, bölgədə uzunmüddətli sabitliyi bərqərar etmək və etiraz potensialını aradan qaldırmaq Çin üçün həyati əhəmiyyətli vəzifəyə çevrilib. Ərazi təbii ehtiyatlarla – neft, qaz və kömürlə də zəngindir, ölkənin quruda hasil etdiyi neftin 30%-i, təbii qazın üçdə biri və kömürün 40%-i bu bölgənin payına düşür, bu da Sintszyanın Çin üçün əhəmiyyətini artıran daha bir amildir.
Kamplara doldurulan xalq
Sintszyan-Uyğur muxtar bölgəsi son illər kobud insan haqları pozuntuları ilə dünyanın gündəminə gəlir. Əslində insan haqları problemi sərt mərkəzləşdirilmiş idarəçiliyin və təkpartiyalı rejimin hökm sürdüyü Çinin bütün materik hissəsinə xasdır, uyğurların və digər türkdilli müsəlmanların yaşadığı bölgəni fərqləndirən xüsusiyyət isə burada bütöv etnos və inanc qrupunun potensial qiyamçı kimi qəbul edilib, onların assimilyasiyasına yönəlmiş sistematik repressiv tədbirlərin həyata keçirilməsidir. İqtisadiyyatı dünyaya açıq olsa da, informasiya məkanı total nəzarət altında olan Çindən məlumat əldə etmək asan deyil. Müsəlmanların cəmiyyətdən təcrid edilərək xüsusi düşərgələrə yerləşdirilməsi peyk fotolarının Google Earth vasitəsilə analizini aparan, eləcə də düşərgələrin tikintisi barədə yerli administrasiyaların tender elanlarını öyrənən Qərb alimlərinin sayəsində sübuta yetirildi və dünyaya məlum oldu. Məsələn, Almaniyadakı Avropa Mədəniyyət və Teologiya Məktəbinin alimi Adrian Zenz podratçıların tenderlərə dəvət olunduğu sənədləri araşdıraraq hesablamışdı ki, 2016-cı ildən bəri düşərgələrin tikintisinə azı 680 milyon yuan (107 milyon dollar) xərclənib və yeni düşərgələrin inşaatı da davam edir. Tenderlərin əksəriyyəti düşərgələrdə təhlükəsizlik sisteminin – gözətçi qüllələri, tikanlı məftillər, videomüşahidə cihazlarının quraşdırılması ilə bağlı idi. Bu informasiyaları digər mənbələrdən əldə olunan məlumatlarla tutuşduran Zenz yüz minlərlə, hətta milyondan çox uyğurun düşərgələrə yerləşdirildiyi qənaətinə gəldi.
Düşərgələrdə insanlarla işləmək üçün kriminal psixologiya üzrə mütəxəssislər, Çin ordusunun keçmiş hərbçiləri və keçmiş polislər işə cəlb olunur. Bu barədə məlumatlar tədricən dünya mediasının da diqqətini çəkdi. CNN 2018-ci ilin fevralında Çində minlərlə uyğurun saxlanılaraq təlim-tərbiyə düşərgələrinə salındığı barədə xəbər yaydı. Bundan sonra beynəlxalq hüquq müdafiə təşkilatları (Amnesty International və Human Rights Watch) BMT-yə hesabatlar təqdim etdilər, nəticədə məsələ beynəlmiləlləşdi və BMT səviyyəsində reaksiyalara səbəb oldu. HRW-un Çin üzrə direktoru Sofia Riçardson beynəlxalq hüquq baxımından bu cür təlim mərkəzlərinin qanunsuz olduğunu söyləyir: “Saxlanılanların heç biri qanun çərçivəsində cəza almayıb və məhkəmə önünə çıxarılmır, yerli məmurlar onların vəkilə ehtiyacının da olmadığını bildirir. Bu, partiyaya sədaqəti təmin etmək üçün istifadə olunan üsuldur.” 2018-ci ilin avqustunda BMT-nin insan haqları üzrə Ali Komissarlığının toplantısında təşkilatın irqi ayrı-seçkiliyin aradan qaldırılmasına dair komitəsinin üzvü Gey Makduqal dəhşətli rəqəmlər açıqladı. O bildirdi ki, Çində 1 milyondan çox uyğurun gizli düşərgələrdə saxlanıldığı barədə çoxsaylı etibarlı məlumatlara malikdirlər və daha 2 milyon uyğur və müsəlman azlıqların digər nümayəndələrinin bu tip düşərgələrə göndərilməkdədir. ABŞ-ın BMT-dəki nümayəndəliyi rəsmi açıqlama yayaraq Çində uyğurlar və digər müsəlmanlara qarşı repressiyalardan narahatlığını ifadə etdi və Çini bu siyasətə son qoymağa, əsassız saxlanılan bütün şəxsləri azad etməyə çağırdı. Çin Hüquq Müdafiəçiləri adlı aktivist qrup 2017-ci ildə Çində həyata keçirilmiş həbslərin 21%-nin Sintszyan-Uyğur bölgəsinin payına düşdüyünü diqqətə çatdırıb.
Bütün bu məlumatların fonunda BBC-nin reportyoru Con Soduort Çinə gedərək geniş reportaj hazırladı. Araşdırma yazısı 2018-ci ilin noyabrında BBC-nin saytında yayınlandı və problem barədə dünyanın məlumatlandırılmasında mühüm rol oynadı. Dabançen şəhəri ətrafında 16 qüllədən ibarət geniş kompleksin nə olduğu barədə jurnalistin sualına otel inzibatçısı belə cavab verib: “Təlim-tərbiyə üzrə məktəbdir. Orada minlərlə insan saxlanılır, onların fikirləri ilə bağlı hansısa problem var.” Otel inzibatçısının sözlərində müəyyən həqiqət var, düşərgə hər kəsin başa düşdüyü mənada bir təhsil müəssisəsi olmasa da, orada insanlara Çin dili öyrədilir, Kommunist Partiyasına sevgi aşılanır, əmək vərdişləri, şəxsi intizam qaydaları barədə təlimlər verilir. Düşərgələrin islah-əmək müəssisəsi standartlarına daha yaxın bir yer olduğunu söyləmək mübaliğə olmaz. Bu fikrimizi dress-kodun tətbiqi də təsdiqləyir, düşərgələrdə hər kəs vahid geyim forması ilə təmin edilir, müsəlman qadınların başlarını örtməsi qadağandır.
Düşərgə həyatı: acı hekayələr
Rejimin bütün məxfilik tədbirlərinə baxmayaraq, müsəlmanların məruz qaldığı fiziki-mənəvi işgəncələrə dair informasiya və hekayələr Çin səddini aşaraq dünyaya yayılır. Sintszyanda 3 ay düşərgədə qalmış Mehrigül Tursun 2018-ci ilin dekabr ayında ABŞ Konqresindəki toplantıda başına gələnləri danışdı. Tursun Misirə təhsil almağa gedib və orada ailə qurub. 2015-ci ildə o, yaxınlarına baş çəkmək üçün Çinə qayıtmaq qərarına gəlir. Çinə çatan kimi onu həbs edirlər və uşaqlarından ayırıb düşərgəyə aparırlar. Övladlarından biri sonradan ölür. 2017-ci ilin yayında onu düşərgədən buraxırlar və geri qayıtmaq şərti ilə Misirə getməsinə icazə verirlər. Tursun Misirdə ABŞ diplomatları ilə əlaqə yaradır və onların köməyi ilə bu ölkəyə yola düşür. “Məni yer altındakı pəncərəsiz, hər tərəfində videokamera olan bir otağa saldılar, orada təxminən 60 qadın var idi. Gecələr 15 nəfər ayaq üstdə dururdu ki, digərləri uzanıb yata bilsinlər. Hər 2 saatdan bir yerimizi dəyişirdik. Su və çox az düyüdən ibarət səhər yeməyindən əvvəl biz Kommunist Partiyasını vəsf edən mahnılar oxumalı idik. Onlar bizi naməlum həblər və ağ rəngli maye içməyə məcbur edirdilər. Həblər nəticəsində huşumuzu itirirdik, ağ mayedən sonra isə bəzi qadınların menstruasiyası dayanırdı, bəzilərində qanaxma başlayırdı. Ölənlər olurdu. Məni hündür stul olan xüsusi otağa apardılar və əllərimi-ayaqlarımı bağlayaraq elektrik buraxdılar. Sonuncu dəfə o qədər döydülər ki, məni öldürmələri üçün onlara yalvardım”.
Düşərgədə olmuş qazaxıstanlı Ömir Bekali oradakı gündəlik həyatı belə təsvir edir: “Düşərgədə gün hava işıqlanmadan başlayır. Əvvəlcə Çinin dövlət himnini oxumalısınız. Saat 07:30-da Çin bayrağı qaldırılır, sonra insanlar siniflərə aparılır və orada partiya və dövlətin şəninə bəstələnmiş mahnılar oxunur. Yeməkdən əvvəl hamı xorla qışqırır: ‘Təşəkkürlər, partiya! Təşəkkürlər, vətən! Təşəkkürlər, prezident Si!’ Qaydalara əməl etməyənləri təcridxanaya salır və saatlarla ayaq üstdə divara doğru durmağa məcbur edirlər.” Bekali 1976-cı ildə Çində doğulub, 2006-cı ildə Qazaxıstana köçüb. O, 2017-ci il martın 23-də Qazaxıstandan Çinə yaxınlarını görməyə gedir və ertəsi gün saxlanılır. Yeddi ay adi təcridxanada qalan Bekali daha sonra təlim düşərgəsinə aparılır. Burada özünütənqid ruhunda davranması, islamdan imtina etməsi və Kommunist Partiyasına tərif deməsi üçün təzyiqlərə məruz qalır. “Biz ekstremizmə qarşıyıq, separatizmə qarşıyıq, biz terrorizmlə mübarizə aparacağıq!” Bu sözləri düşərgə sakinləri gündə bir neçə dəfə təkrarlamalıdır. Əmrləri yerinə yetirməkdən imtina etdiyi üçün onu təkadamlıq kameraya salıb, 24 saat ac saxlayırlar. Düşərgədə 20 günlük əzablardan sonra Bekali intihara cəhd də edir. Səkkiz aylıq təcriddən sonra o, gözlənilmədən buraxılır (ehtimal olunur ki, Qazaxıstan hökumətinin səyi ilə) və 2017-ci ilin dekabrında Qazaxıstana qayıdır, orada başına gələnləri Associated Pressmüxbirinə danışır.
HRW-un Honkonqdakı baş elmi əməkdaşı Maya Vanq bildirir ki, hazırda Sintszyan dünyada Şimali Koreyadan sonra insanlara ən ağır təzyiqlərin tətbiq olunduğu regiondur. Burada yüksək texnologiyalardan istifadə edilərək mükəmməl izləmə sistemi qurulub, hər insanın identifikasiya nömrəsi altında onun barəsində məlumatlar toplanır, smartfonlar xüsusi proqramlar vasitəsilə daim nəzarətdədir. Azacıq şübhəli hərəkətə yol verən şəxs dərhal ya düşərgələrə, ya da həbsxanaya aparılır. “Uyğurlar mikroskop altındadır. Bu izləmə şəbəkəsindən heç kəs yayına bilməz,” – deyə Vanq söyləyir. Başqa bir praktika budur ki, müsəlmanların evlərinə 2 aydan bir dövlət qulluqçuları – məmurlar və müəllimlər gedir. Dəvətsiz qonaqlar evdə azı 5 gün qalır və ailənin dini, siyasi baxışları barədə məlumat toplayır. Onlar həm də Çin dilini zəif bilən ailələrə dil dərsləri keçir və dövlət himnini öyrədir.
Bilkız Həbibulla 2016-cı ildə 5 övladı ilə birlikdə Çindən Türkiyəyə mühacirət edir. O, 3 yaşlı kiçik qızı Səkinəni pasportu olmadığı üçün özü ilə apara bilmir. Səkinə atası ilə Çində qalır, plan belə olur ki, uşağın pasportu düzələndə onlar da Türkiyəyə gəlsinlər və ailə birləşsin. Lakin Həbibulla nə qızından, nə də həyat yoldaşından xəbər ala bilmir. Ata böyük ehtimalla həbs olunub, uşağın isə harada olduğu bəlli deyil. “Gecələr övladlarım yatdıqdan sonra oturub ağlayıram. Qızım haradadır, sağdır, ya yox? Bunu bilməməkdən daha pis heç nə ola bilməz,” – deyə Həbibulla bildirir.
Hədəfdəki dəyərlər: ailə və din
Uşaqlardan söz düşmüşkən, valideynləri düşərgələrə aparılan uşaqların taleyi yəqin ki, hər kəsin ağlına gələn suallardan biridir. Onlar üçün də xüsusi düşərgələr var imiş. İtalyan tədqiqatçıların Çində insan haqları və dini azadlıqlara dair yayınladığı Bitter Winter adlı onlayn dərgi bu düşərgələrdən birinin görüntülərini yayıb. İnsan haqları fəalları Çin hökuməti tərəfindən bu mərkəzlərə “Sevgi dolu qəlb” adının verilməsinin göz boyamaq məqsədi daşıdığını bildirirlər. Çin dilində təhsil verilən bu mərkəzlərdə qalan uşaqların ətraf dünya ilə əlaqəsi yoxdur. Bina müşahidə qüllələri, tikanlı məftillər və kameralarla qorunur. Uşaqların valideynləri ilə ayda bir dəfə, nəzarətçinin vasitəsilə, görüntülü danışmasına icazə verilir. Amma müəllimlərdən biri deyib ki, uşaqlar ata-anaları ilə danışdıqdan sonra uzun müddət ağlayır və özlərinə gələ bilmirlər. Mühacir uyğurlar deyir ki, bağça kimi təqdim olunan bu yerlər əslində beyinyuma və assimilyasiya mərkəzləridir və orada Çin kommunizminə sadiq və itaətkar nəsillər yetişdirilir. HRW Çin koordinatoru S.Riçardson müsəlman türk uşaqlarının qohum-əqrəbalarından qoparılaraq internatlara aparılmasının hökumət proqramının tərkib hissəsi olduğunu vurğulayıb. Çin KP-nin Sintszyan bölgəsi üzrə katibi Çın Çuenguo 2016-cı ilin oktyabrında bölgədəki valideyn nəzarətindən kənarda qalmış (yetim və valideynləri həbs olunan) bütün uşaqların dövlətə aid uşaq evlərində yerləşdirilməsi barədə təlimat verib. 2020-ci ilə qədər bu proses başa çatmalıdır.
Bir sözlə, uyğurların və digər müsəlman xalqlarının iki təməl dəyəri – ailə və din sistematik şəkildə sarsıdılır. Əvvəllər Çin dövləti assimilyasiyanı milli-mədəni zəmində aparırdısa (məsələn, dili unutdurmaq), son illər dini unutdurmaq üzərində siyasət qurulub. Çünki islam uyğur identikliyinin qorunmasında önəmli rol oynayır. Bu səbəblə, qədim məscidlərin, hətta müsəlman qəbristanlıqlarının dağıdılması barədə xəbərlərin çoxalması təəccüblü deyil. Peyk fotoları Hotan şəhərindəki mərkəzi məzarlığın yox edildiyini ortaya qoyub. Uyğurlar deyir ki, məqsəd bölgədən onarın izlərini yox etməkdir. France Presse dağıdılan 36 məscidin peyk fotolarını yayıb. (Tam və ya qismən dağıdılmış məscidlərin siyahısını bu linkdən görmək olar). Vaşinqton Universitetinin Uyğur araşdırmaları bölməsində çalışan professor Daren Bayler islam inancının bütün təzahürlərinin dini ekstremizm və etnik separatizm kimi qiymətləndirildiyini diqqətə çatdırıb.
Son 2 ildə uyğur bölgəsində həbs olunan və adları müəyyənləşdirilmiş müxtəlif peşə sahiblərinin sayı 300-dən çoxdur. Bunlar həkimlər, müəllimlər, alimlər, jurnalistlər, şair-yazıçılar, rəssamlar və sənətçilərdir.
Diplomatlar düşərgələrdə
2018-ci ilin sonlarında Qərb ölkələrinin Çindəki səfirləri (ümumilikdə 15 səfir) Kanadanın təşəbbüsü ilə yerli hökumətə məktub yazaraq vəziyyəti öyrənmək üçün Sintszyan bölgəsinə səfər etmək istədiklərini bildirdilər. Əslində bu müraciətdən əvvəl – avqust ayında Britaniya diplomatları bölgəyə gedərək araşdırma aparmağa nail olmuşdular. Böyük Britaniya xarici işlər naziri Ceremi Hant parlamentdə çıxışında bölgədə insan haqlarının vəziyyətinə dair hüquq müdafiə təşkilatlarının hesabatlarında əksini tapan faktların təsdiqləndiyini söyləmişdi. Almaniyanın xarici işlər naziri Hayko Maas isə noyabrda Pekinə səfəri zamanı Çin hökumətini müsəlmanların hüquqlarının pozulması məsələsində şəffaflığa çağırmış, düşərgələrin qəbuledilməz olduğunu bəyan etmişdi. Çin XİN-in rəsmi nümayəndəsi səfirlərin müraciətinə cavab olaraq bəyan etdi ki, bu məsələ səfirlərin diplomatik əlaqələrə dair Vyana Konvensiyasında nəzərdə tutulan mandatına daxil deyil, bu səbəblə, onların regiona səfərinə icazə verilməyəcək. Lakin bir qədər sonra Çin hökuməti qruplar halında xarici diplomatların bölgəyə səfərlərini təşkil etdi. Ümumilikdə dörd qrup Sintszyanda oldu, amma onların çoxu əhalisinin əksəriyyətinin müsəlman olduğu ölkələrin diplomatları idi. ABŞ və Avropa Birliyinin lider dövlətlərinin səfirləri heyətdə yox idi. Özlərinin insan haqları və demokratikləşmə sahəsində ciddi problemləri olan bu ölkələrin uyğurların vəziyyətinə görə tənqidi raportlar hazırlayacağını gözləməyə dəyməzdi, belə də oldu.
Çinin mövqeyi
Sintszyan-Uyğur Muxtar bölgəsinin Çin hökuməti üçün daimi narahatlıq mənbəyi olduğunu yazının giriş hissəsində vurğuladıq. Ərazinin mancurlar tərəfindən ilhaq edildiyi 1763-cü ildən bəri burada baş verən üsyanların hamısını sadalasaq, çox uzun siyahı alınar. 1930-cu illərdə Yaponiyanın bölgədə güclənməsini və öz sərhədlərində əksəriyyətinin müsəlman olduğu bir dövlətin yaranmasını istəməyən SSRİ Şərqi Türküstandakı üsyanların yatırılmasında çinlilərə kömək edib. Lakin 1940-cı illərin əvvəllərində SSRİ antikommunist Homindan təhlükəsinə qarşı bu dəfə müsəlmanlara dəstək verib və 1944-cü ildə SSRİ-nin köməyi ilə Şərqi Türküstan dövləti qurulub. 1949-cu ildə isə SSRİ-nin köməyi ilə Çin kommunistləri regionu nəzərətə götürərək orada 250 minlik ordu yerləşdiriblər və demoqrafiyanı dəyişmək üçün hanların Şərqi Türküstana kütləvi köçünü təşkil ediblər. O zamandan müasir dövrə qədər uyğurlar vəziyyətlə barışmayıblar, dəfələrlə həm silahlı, həm də dinc etirazlar olub. 1993-cü ildə yaradılan Şərqi Türküstan İslam Hərəkatının hadisələrdə rolunu da qeyd etmək lazımdır. Bu təşkilat Çinlə yanaşı, Qərb tərəfindən də terror təşkilatı kimi tanınıb.
Kampların yaradılması ideyasının ortaya çıxmasına 2008-ci, 2009-cu və 2014-cü illərdə baş verən qanlı hadisələrin təkan verdiyi güman olunur. Bu hadisələrdə yüzlərlə adam həlak olmuş və yaralanmışdı. Görünür, Çin hökuməti problemin ən radikal çözüm variantına əl ataraq bölgədə uzunmüddətli sabitlik yaratmağa qərar verib. Şübhəsiz ki, bütün suveren dövlətlər kimi, Çinin də terrorizmə qarşı mübarizə aparmağa haqqı var. Amma bütöv etnik-dini qrupa potensial terrorçu kimi yanaşıb, onlara qarşı toplu halda profilaktik tədbirlər görmək, XXI əsrdə nasistlərin konsentrasiya düşərgələrini xatırladan kamplar qurub, insanları kütləvi şəkildə istintaqsız, məhkəməsiz ora yığmaq təməl insan haqlarına, beynəlxalq hüquq normalarına, insanlığa, vicdana uyğun deyil. Əvvəlcə Çin hökuməti müsəlman azlıqların düşərgələrə yerləşdirildiyi barədə iddiaları və ittihamları rədd edirdi.
2008-ci ilin avqustunda BMT-nin insan haqları üzrə komissarlığında keçirilən müzakirələrə Çindən 50 nəfərlik nümayəndə heyəti qatılmışdı. Çin KP MK-nın təmsilçisi orada bildirmişdi ki, bütün Çin vətəndaşları, o cümlədən müsəlmanlar bərabər hüquqlara malikdir və 1 milyon uyğurun düşərgələrə salınması barədə iddialar yalandır. Bununla yanaşı, həmin toplantıda çinlilər dini ekstremizmin tələsinə düşmüş şəxslərin başqa yerə aparılacağı və yenidən tərbiyələndiriləcəyini söyləyərək düşərgələrin mövcudluğunu rəsmən etiraf etdilər. Rəsmi nəşr olan Global Times Uyğur regionunda sərt təhlükəsizlik tədbirlərini tanış arqumentlə əsaslandırıb: buranın Suriyaya və Liviyaya çevrilməsinə imkan verilməyəcək!
Çin hökuməti 2018-ci il oktyabrın 9-da Sintszyan-Uyğur muxtar rayonunda ekstremizmlə mübarizənin vəziyyəti adlı rəsmi sənəd açıqladı. Orada radikal dini ideyaların təzahürü, boykot (mal, xidmətlər və rəsmi tədbirlərə qarşı), gündəlik həyata və ictimai rəyə müdaxilə, nifrət, diskriminasiya və zorakılığı təbliğ edən çağırış və fəaliyyətlər ekstremizm kimi xarakterizə olunur. Düşərgələrin rəsmi adı belədir: Peşəkar təlim və ixtisasartırma mərkəzləri. Rəsmi sənədə əsasən ekstremizmin kökünün kəsilməsi üçün peşəkar təlim və ixtisasartırma mərkəzlərində fərdi təhsil verilməsi nəzərdə tutulur. Nikah və yas mərasimlərinin dini qaydalara uyğun keçirilməsi, halal anlayışı, televiziya və radiodan imtina, dövlət sənədlərini, milli valyutanı, bayraqları, ölkə liderlərinin fotolarını məhv etmək, uşaqların dövlət məktəblərində oxumasına mane olmaq qadağan edilir. Bu cür hallara qarşı mübarizə üçün dinin Çin sosializminin tələblərinə uyğunlaşdırılması nəzərdə tutulur. Telekommunikasiya şirkətlərinə tapşırılır ki, ərazidə monitorinq sistemi qursunlar və audio, video, yazılı mətn şəklində ekstremist kontentin yayılmasını əngəlləsinlər. Komsomola tapşırılır ki, Sintszyanda etnik qrupların bir-biri ilə qarışmasına (nikah yolu ilə) kömək etsinlər, yerli hakimiyyət isə nikahların qanuniliyi və təşkilinə cavabdehdir. Məsul işçilər ekstremizmə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi barədə hər il yuxarı orqanlara hesabat verir və işlərindəki uğurlara görə mükafatlandırılır.
Beynəlxalq səs-küyə və çağırışlara baxmayaraq, Çin hökumətinin öz siyasətini yumşaldacağına, düşərgələri ləğv edəcəyinə dair hər hansı məlumat hələ ki yoxdur.
Şahin Cəfərli, politoloq