Cümə , 29 Mart 2024
Drone Cameras

Çindəki soydaşımız: “Bu virusla bağlı heç vaxt içimdə qorxu olmadı – Səbəb o idi ki…”

“Hazırda Çinin Suzhou şəhərində yaşayıram. Burada artıq demək olar ki, virus bitmək üzrədir, həyat əvvəlki axarına düşüb. İş yerləri, alış-veriş mərkəzləri, restoranlar və ən əsası, məktəblərin çoxu  açılıb.

Küçəyə çıxmaqda heç bir məhdudiyyət yoxdur, istədiyimiz vaxt çölə çıxa bilirik. Fərqi yoxdur, hər bir halda istər gəzmək üçün olsun, istərsə də ərzaq almaq və ya iş üçün küçəyə çıxmağınız mümkündür”.

Boyukmillet.com bildirir ki, bu sözləri AzEdu.az-a açıqlamasında Çinin Suzhou Universitetində təhsil almış və hazırda da fəaliyyətini bu ölkədə davam etdirən Fidan Qasımova söyləyib.

Onun sözlərinə görə, Çində virusa yoluxma səngiyib, bunun səbəbi isə insanların tətbiq olunan qadağalara qarşı son dərəcə diqqətli olması ilə əlaqədardır:

“Çində virusa yoluxma sayı artıq azalıb. Rəsmi rəqəmlərə baxsaq, bunu görmək mümkündür. Bu azalmanın səbəbi isə insanların qaydalara və tətbiq olunan qadağalara əməl etməsi ilə bağlıdır. Dövlət insanlara evdən bayıra çıxmamağı məsləhət gördü və əhali də buna əməl etdi. Toplu halda bir araya gəlinmədi və belə olan halda insanların bir-birlərinin evində görüşmələrinin də qarşısı alındı”.

Həmyerlimiz karantin müddətində Azərbaycana dönmək barədə düşünmədiyini və Çinin koronavirusla mübarizəyə hər yöndən hazır olduğunu qeyd edib:

“Bu müddətdə Azərbaycana dönməyi heç düşünmədim. Ailəm, qohumlarım israrla qayıtmağımı məsləhət görsələr də,  belə bir fikrim olmadı. Çünki, Çində qısa vaxtda virusun bitəcəyini bilirdim, virusun yayılmasına qarşı bütün lazımi tədbirlər görülürdü, fikirləşirəm ki, Çinin iqtisadi gücünün də buna təsiri var idi.

Hazırda virus bitmiş hesab olunsa da, hər kəs yenə də maska taxır, maskasız  bayıra çıxan insan yoxdur. Yayılma ehtimal olmasını deyə bilmərəm, ancaq yayıldığı təqdirdə insanların buna hazır olduğunu düşünürəm”.

Soydaşımız Çində karantin dövründə maska tapmaqda çətinlik çəkdiklərini və burada yaşayan azərbaycanlıların bu problem ilə bağlı bir-birlərinə dəstək olduqlarını bildirib:

“Virus dövrü çinlilərin yaz bayramına təsadüf etdi, hansı ki, bu dövrdə çox iş yerləri bağlanır, istehsalat dayanır. Bu dövrdə qısa müddətdə maska tapmaqda çətinlik var idi. Ancaq daha sonra bu çatışmazlıq aradan qalxdı. Hal-hazırda elə bir problem yoxdur. Burada yaşayan azərbaycanlılar virus yayılan dövrdə həmyerlilərimizə dəstək üçün müəyyən məbləğdə pul yığıb, maska aldılar və maska tapmaqda çətinlik çəkən şəxsləri bu vasitə ilə təmin etdilər. Düşünürəm ki, bu, çox təqdirəlayiq bir addım oldu”.

“Bu virusla bağlı heç vaxt içimdə qorxu olmadı. Səbəb o idi ki, tapşırılan təlimatları yerinə yetirirdim – çölə çıxmamaq, dostlarla görüşməmək, toplu yerlərə getməmək, mütləq şəkildə maska taxmaq kimi qaydalara riayət edirdim. Ən pis halda yoluxardımsa belə, müalicə ilə sağalmaq ehtimalımın böyük olduğunu bilirdim. Çünki, vaksin hələ də tapılmasa da, bu virus anti-virus dərmanlarla müalicə oluna bilir”, – deyə azərbaycanlı xanım əlavə edib.

Fidan Qasımova azərbaycanlılara virusdan özlərini maksimum dərəcədə qorumaq üçün evdə qalmalarını məsləhət görüb:

“Həmvətənlərimə evdə qalmalarını tövsiyə edərdim, virusdan qorunmağın və yayılmasının qarşısını almağın ən effektiv yoludur. Zərurət yarandıqda çölə çıxdıqları zaman isə maska taxmaları vacibdir.  Hazırda bilirəm ki, maska çatışmazlığı yaşanır, hansı ki, çox ölkədə bu problem mövcuddur. Ümid edirəm ki, ölkəmizdə maska çatışmazlığı problemi tezliklə aradan qalxar”.

Check Also

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım – FOTO

“Mən və atam teraktdan zərərçəkənlər üçün 100 milyon köçürdük”. Boyukmillet.com bildirir ki, bu sözləri Xalq artisti …