Koronavirusla bağlı ölkədə qabaqcıl təhlükəsizlik tədbirləri görülür. Məlumdur ki, tədris müəssisələri müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Bununla yanaşı, iaşə obyektlərində, dövlət müəssisələrində dezinfeksiya işləri aparılır. Ancaq marketlərdə çörək və digər qida məhsullarının açıq şəkildə satışı hələ davam edir.
Nəzərə almaq lazımdır ki, çörək və digər un məmulatlarının qapalı şəkildə satılması ilə bağlı xüsusi standartlar müəyyən olunsa da, təəssüf ki, hələ də bu qaydalara riayət olunmur. Hazırda koronavirus təhlükəsi olduğu bir vaxtda çörəyin açıq şəkildə satışı düzgün deyil.
- Rasif Bağırov: “Marketlərdə çörək və qida məhsullarının açıq şəkildə satılması düzgün deyil”
Tibb eksperti Rasif Bağırov açıqlamasında bildirdi ki, bişmiş qidalarda heç bir qorxu yoxdur, bişməmişlərdə isə bu risq aşağıdır, bundan çəkinməyə dəyməz: “Bu virus da ən çox damcı üsulu ilə yayılır. İnsanlar danışdıqda ağızdan sıçrayan su vasitəsilə yayılır. Qidalara qaldıqda isə bu risq azdır. Çünki açıq satılan qidalar bişirilir. Bişirildikdə isə viruslar ölür. Açıq satılan meyvələrdə isə ola bilər olsun. Çünki insanlar toxunurlar və çiy halda yeyilir. Ancaq bu hal da çox az ola bilər. Çinin özündə bu qədər ölüm faktı qeydə alınıbsa, başqa dövlətə keçibsə, bu, ərzaqdan əlavə, əsasən insan vasitəsilə yayılıb.
Bu gün Azərbaycanda qrip virusları artıb. Səhiyyə Nazirliyi müəyyən etməlidir ki, bu, hansı qrip virusudur. Çünki qrip virusları çoxdur. Yəni bu gün ölkədə insanların yoluxduğu virusun da adı xalqa açıqlanmalıdır. Onu da deyim ki, bu gün Azərbaycanda yayılan virus heç də orqanizmə koronavirusdan az zədə vermir”.
Həmsöhbətimiz onu da vurğuladı ki, marketlərdə çörək və qida məhsullarının açıq şəkildə satılması düzgün deyil. Aidiyyəti qurumlar buna xüsusi nəzarət etməlidirlər.
Günel CƏLİLOVA