Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Daha 35 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə ev verilib

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun Vətən müharibəsində qazandığı möhtəşəm tarixi qələbə münasibətilə Bakının Azadlıq meydanında keçirilən Zəfər paradı hər birimizdə bir daha böyük iftixar hissləri yaratdı. Cəmi 44 günlük bir müddətdə erməni faşizmini məhv edərək, ölkəmizin ərazi bütövlüyünü təmin edən qüdrətli Ordumuzla bir daha sonsuz qürur duyğuları yaşadıq.

Boyukmillet.com  xəbər verir ki, bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün 11 rayonda (Masallı, Astara, Yevlax, Şəmkir, Zaqatala, Ağdaş, Ağcabədi, Şamaxı, Füzuli, Cəlilabad, Hacıqabul) 35 fərdi yaşayış evinin təqdim edildiyi şəhid ailələri və Qarabağ müharibəsi əlilləri vurğulayıblar.

Masallı və Astara rayonlarında evlərin təqdim edilməsi tədbirlərində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, Masallı rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Astara rayon İcra Hakimiyyətinin başçısının müavini İlqar Malıyev iştirak ediblər.

H.Abdullayev Azərbaycanın şanlı tarixinin yazıldığı, xalqımızın qələbə sevinclərini yaşadığı bu günlərdə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin sosial müdafiəsi tədbirlərinin da uğurla davam etdirildiyini bildirib.

Qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, bu kateqoriyadan olan vətəndaşların mənzil və fərdi evlə təminatı proqramı da ildən-ilə genişlənir. Əgər 2018-ci ildə Nazirlik tərəfindən şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil və fərdi ev təqdim edilibsə, 2019-cu ildə bundan 50 faiz çox olmaqla 934 mənzil və fərdi ev verilib.

Dövlət başçısının tapşırığına əsasən 2020-ci ildə rekord sayda – azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub və onlardan 1 100-dən çoxu artıq verilib. Ümumilikdə ötən dövrdə şəhid ailələrinə və müharibə əlillərinə 9 000-ə yaxın mənzil və fərdi ev təqdim edilib.

Nazir müavini Zəfərimizlə başa çatan Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələrinin, bu müharibədə yaralanmış hərbçilərimizin sosial dəstəklə əhatə olunması üçün də məqsədyönlü işlərin aparıldığını diqqətə çatdırıb.

Yeni fərdi evlərlə təmin edilən vətəndaşlar şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsinə, rifah halının yaxşılaşdırılmasına göstərdiyi xüsusi qayğıya görə Prezident İlham Əliyevə öz təşəkkürlərini ifadə ediblər.

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …