Azərbaycanda narkotik dövriyəsinə qarşı aparılan əməliyyatlar son illərin ən iri həbslərindən biri ilə nəticələnib. Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının Bakı, Sumqayıt və Masallı rayonunda keçirdiyi silsilə əməliyyatlar zamanı ümumilikdə 40 kiloqram tiryək, 500 ədəd metadon həbi və tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana dövriyyədən çıxarılıb.
Boyukmillet.com xəbər verir ki, əməliyyatlar nəticəsində əvvəllər məhkum olunmuş Əliağa Nağıyev, Cavid Ağasıyev, Mikayıl Xudaşov və Hikmət Hüseynov saxlanılıb. İlkin araşdırmalara görə, həmin şəxslər xarici ölkələrdə fəaliyyət göstərən narkotik şəbəkələrinin göstərişi ilə ölkə daxilində narkokuryerlik və vasitəçilik ediblər. Onların üzərindən və istifadə etdikləri ünvanlardan aşkar edilən maddələr üzrə cinayət işi başlanıb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçirdiyi əməliyyatlar tək bir epizoddan ibarət olmayıb. Bakı, Sumqayıt və Masallını əhatə edən koordinasiyalı tədbirlər narkotik şəbəkələrinin həm paytaxt daxilində, həm də regionlara yayılmış logistik xəttini hədəf alıb. İstintaq orqanlarının ilkin versiyasına görə, saxlanılan şəxslər birbaşa istehsalçı deyil, tranzit və paylayıcı zəncirin aşağı pilləsində yer alan şəxslər olub. Bu tip şəbəkələrdə kuryerlik və gizlətmə nöqtələri funksiyası daşıyan şəxslər adətən riskin ən yüksək olduğu halqalarda fəaliyyət göstərirlər.
DİN-in açıqlamasında xüsusilə vurğulanan məqam isə müsadirə edilən marixuananın “tərkibinə zərərli maddələr əlavə edilmiş” formada olmasıdır. Bu detal, əməliyyatın yalnız miqyas baxımından deyil, həm də keyfiyyət baxımından təhlükəli tendensiyanı üzə çıxardığını göstərir. Son illərdə beynəlxalq narkotik bazarlarında müşahidə edilən əsas dəyişikliklərdən biri “təmiz” narkotik anlayışının demək olar ki, sıradan çıxmasıdır.

Mövzu ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Musavat.com-a deyib ki, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) qiymətləndirmələrinə görə, xüsusilə marixuana bazarında sintetik qatqıların istifadəsi artıb: “Bu maddələr çox vaxt sintetik kannabinoidlər və digər psixoaktiv kimyəvi birləşmələr olur. Onların əsas xüsusiyyəti təbii bitkidən daha güclü və daha proqnozlaşdırılmaz təsir yaratmasıdır. Məhz bu səbəbdən istifadəçi çox zaman qəbul etdiyi maddənin real tərkibini bilmir. Beynəlxalq monitorinq hesabatlarının ümumi qənaətinə görə, marixuanaya əlavə edilən zərərli maddələr adətən istehsal mərhələsindən çox, zəncirin sonrakı, daha az nəzarət olunan hissələrində əlavə olunur. Ən geniş yayılmış üsul qurudulmuş bitki materialının üzərinə kimyəvi məhlulun püskürdülməsidir. Bu halda sintetik kannabinoidlər və ya digər psixoaktiv maddələr əvvəlcə maye halına gətirilir, sonra isə spreylə bitkiyə hopdurulur və qurudulur. Digər bir üsul isə bitkinin həmin məhlulda isladılmasıdır ki, bu zaman maddə daha dərin qatlara keçir və təsiri daha güclü, lakin daha qeyri-sabit olur.
Bəzi hallarda isə kimyəvi qatqılar toz formasında əzilərək birbaşa bitki ilə qarışdırılır və daha sonra yenidən qablaşdırılır. Bu metod xüsusilə yenidən paketləmə mərhələsində, yəni satışa ən yaxın nöqtələrdə tətbiq edilir”.
Arzu Nağıyev deyib ki,UNODC və Avropa Narkotiklər Agentliyinin müşahidələrinə görə, bu praktika həm məhsulun mənşəyini gizlətmək, həm də onun təsir profilini dəyişdirmək məqsədi daşıyır: “Bu prosesin ən təhlükəli tərəfi qeyri-bərabər paylanmadır. Eyni partiyanın müxtəlif hissələri fərqli dozada kimyəvi maddə ehtiva edə bilər. Bu isə istifadəçi üçün dozanın tamamilə nəzarətsiz və proqnozlaşdırılmaz olmasına gətirib çıxarır. ABŞ və Avropada aparılan toksikoloji araşdırmalar göstərir ki, sintetik maddələrlə qarışdırılmış marixuana ciddi ürək-damar pozuntuları, kəskin psixoz, qıcolmalar və ağır zəhərlənmə halları yarada bilər. Bəzi hallarda isə nəticə ölümcül olur. Bu cür qarışıqların ən təhlükəli tərəfi yalnız təsirin gücü deyil, həm də tam qeyri-müəyyənliyidir. İstifadəçi nə qəbul etdiyini bilmədiyi üçün orqanizmin reaksiyası da gözlənilməz olur”.
Arzu Nağıyev son əməliyyatın böyük həcmdə narkotik vasitənin dövriyyədən çıxarılması olaraq, dəyişən narkotik bazarının mahiyyətinə dair bir göstərici kimi qiymətləndirilməsinin mümkün olduğunu qeyd edib: “Əməliyyat nəticəsində aşkarlanan qatqılı marixuana faktı göstərir ki, problem artıq yalnız qanunsuz dövriyyə ilə məhdudlaşmır, eyni zamanda, ictimai sağlamlıq üçün getdikcə daha kompleks və görünməz təhlükəyə çevrilir”.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
