Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşkilatçılığı ilə 19 sentyabr 2017-ci il tarixində Beynəlxalq Mətbuat Mərkəzində AMEA Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Güney Azərbaycan elmi araşdırmalar şöbəsinin böyük aparıcı elmi işçisi, tədqiqatçı-alim Əkrəm Rəhimlinin (Bije) 85 illik yubileyi münasibətilə tədbir keçirildi.
Bundan sonra Əkrəm Rəhimlinin 85 illik ömür yoluna həsr olunmuş qısa film nümayiş etdirilib.
Tədbiri DAK həmsədri Sabir Rüstəmxanlı açaraq alimin xidmətləri, xüsusən də Güney Azərbaycanla bağlı araşdırmaları barədə ətraflı məlumat verdi: “Azərbaycanın böyük fikir, söz adamlarından, vətənin bütövlüyü uğrunda müdacilə aparan fəllarından, bir çox sahədə xidməti olan böyük şəxsiyyətlərdən biri də Əkrəm Rəhimlidir. Bu cür fasiləsiz, gecə-gündüz çalışmaqla 85 il yaşamaq hər kişinin işi deyil. Davamlı olaraq Güneylə bağlı araşdırmalar aparan Əkrəm müəllim Quzeyin inkişafı üçün də fəaliyyət göstərib. Bu cür faydalı və məhsuldar ömür yaşamaq igidlikdir. Biz DAK olaraq, belə qərara gəldik ki, onun 85 illik yubileyini qeyd edək. Çünki Ə.Rəhimli bizim vacib tədbirlərimizdə həmişə iştirak edib, təşkilatın öndərlərindən, qabaqcıllarından biridir. Güneylə bağlı elə bir hadisə olmur ki, Əkrəm müəllim reaksiya verməsin. Bu baxımdan o akademik işlə məşğul olsa da yolumuz birdir. Fikir məclislərində bir yerdə oluruq. Belə bir alimin yubileyini qeyd etmək önəmli tədbirlərdən biridir”.
S.Rüstəmxanlı çıxışına yubilyara həsr olunmuş sənədli filmlə ara verdi. Ə.Rəhimlidən bəhs edən vidoematerial izlənəndən sonra DAK həmsədri sözünə davam etdi. O bildirdi ki, Quzey Azərbaycanın inkişafı və müstəqilliyi yolunda fəaliyyət göstərmiş böyük şəxsiyyətlərin həyatı və yaradıcılığı ətraflı araşdırılmalıdır: “ Quzeyin inkişafında əməyi olan güneyli alimlərin zəhməti hər zaman qeyd olunmalıdır. Mirzə Fətəli Axundovdan başlayaraq bu işi davam etdirmək olar. Heydər Əliyevin də kökü Güneydəndir. Biz böyük xidmətləri olan Mirzə İbarahimovu, Zöhrab Tahiri, doktor Cavad Heyəti və digər şəxsiyyətləri həmişə minnətdarlıqla yad etməliyik. O ulduzlar silsiləsində Əkrəm Rəhimlinin də öz yeri var”.
Daha sonra AMEA Şərqşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə geniş məruzə ilə çıxış edərək vurğuladı ki, şəxsiyyətin meydana gəlib formalaşmasında tarixi şərait əsas zəmin rolunu oynayır: “Bu zəmin yarandığı zaman elmi özlərinə həyat amalı seçənlər, xalqın mənafeyini şəxsi maraqlarından üstün tutanlar, millətinə, torpağına qəlbən bağlananlar, onu irəli aparmaq istəyənlər həyatları bahasına olsa belə, tarix yazırlar. Bu insanlar hamı tərəfindən sevilir, böyük hörmət sahibinə çevrilir, əsl ziyalı vəzifəsini son dərəcə məsuliyyətlə yerinə yetirirlər. Azərbaycan elminin görkəmli nümayəndəsi, yüksək intellekt sahibi, təcrübəli tədqiqatçı, prinsipial mövqeyi, dərin məntiqi və özünəməxsus dəst-xətti ilə tanınan əməkdar elm xadimi Əkrəm Rəhim oğlu Bije məhz belə alimlərimizdəndir.
Eyni zamanda filologiya üzrə elmlər doktoru, professor İslam Qəribli, “Borçalı” İctimai Birliyinin sədri, filologiya üzrə elmlər doktoru, professor Qulu Məhərrəmli, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli, filologiya üzrə fəlsəfə doktoru, dosent, ədəbiyyatşünas, publisist Pərvanə Məmmədli, DAK-ın Qarabağ Departamentinin rəhbəri Siyavuş Mustafayev, DAK Azərbaycan nümayəndəliyinin rəhbəri Dr. İsmayıl Ağayev, DAK-ın Güney Azərbaycan nümayəndəliyinin rəhbəri Babək Muğanlı, DAK idarə heyətının üzvü Zəlimxan Məmmədli və başqaları çıxış edərək yubilyarı təbrik ediblər.
Bundan başqa, DAK tərəfindən Əkrəm Rəhimliyə plaketl təqdim olunub.
DAK Mətbuat Xidməti