Dünya Azərbaycanlıları Konqresi İranda baş verən hadisələrlə bağlı bəyanat qəbul edib. Bəyanatda bildirilir ki, İran İslam Cümhuriyyətinin bir çox şəhərlərində başlayan kütləvi aksiyalar bu ölkənin dərin sosial-siyasi, mədəni və etnik-milli böhranlar içində olduğunu bütün dünyaya bir daha nümayiş etdirmişdir.
İran vətəndaşı olan milyonlarla azərbaycanlının taleyini düşünən hər bir soydaşımız dünyanın harasında yaşamasından asılı olmayaraq bu prosesləri narahatlıq və diqqətlə izləyir. İnsan dəyərlərinin ali sayıldığı, sosial və milli haqların ümumbəşəri ideyalara çevrildiyi XXI əsrdə demokratik prinsiplər heç bir dövlətin yalnız daxili işi sayıla bilməz.
İranda mövcud rejim davam etdikcə daxili problemlərin demokratik islahatlar, insan haqları və milli dəyərlərə hörmət çərçivəsində həllinin mümkünsüz olduğunu görür, Prezident Pezeşkyanın bu istiqamətdə göstərdiyi səylərin nəticəsiz qalmasından təəssüf hissi keçiririk.
Dünya Azərbaycanlıları Konqresi olaraq İran etirazçılarının tələblərini haqlı sayır, eyni zamanda bu etirazlardan ayrı-ayrı qüvvələrin öz maraqları naminə sui-istifadə etməsini qətiyyətlə pisləyirik. Azərbaycan Respublikasının qonşuluğunda yeni qanlı Liviya və Suriya ssenarilərinin yaranmasını istəmirik.
Müasir dünyada qlobal dəyişikliklərdən təcrid olunmuş şəkildə yaşamaq mümkün deyil. Dövlətə etimadsızlıq göstərən vətəndaşlara qarşı zorakılığın tətbiqini qətiyyətlə pisləyir, yüzlərlə insanın qətlə yetirilməsini rejimin vandalizmi kimi qiymətləndiririk.
Dünya Azərbaycanlıları Konqresi bütün problemlərin demokratik, dinc və siyasi yollarla həllinin tərəfdarıdır. Ümid edirik ki, İranda insan haqları, demokratiya, söz azadlığı, milli dildə danışmaq, təhsil almaq, mətbuata sahib olmaq kimi hüquqlar tanınacaq, İran Konstitusiyasının 15-ci maddəsi nəhayət icra ediləcək və İranda yaşayan Azərbaycan türkləri ilə digər xalqlar öz hüquqlarından tam şəkildə istifadə edə biləcəklər.
Dünya Azərbaycanlıları Konqresi həm Pəhləviləri diriltmək, həm də mövcud fars-molla rejimini qorumaq məqsədi daşıyan təbliğatların nəticə verməyəcəyinə inanır və Azərbaycan türklərinin hürriyyət və istiqlalının yalnız milli iradəyə söykəndiyini qətiyyətlə bəyan edir.
DAK həmsədrləri
Sabir Rüstəmxanlı
Firudin Pərviz Nia


Boyukmillet.com Biz yanmasaq vətən yanar
