Saatlıda şikayətçilərlə yerli məmurlar canlı videodebata çıxarılacaq.
Boyukmillet.com xəbər verir ki, Milli Məclisin deputatı Əziz Ələkbərli respublikada elan olunmuş karantinin tələblərinə əməl olunmaqla Saatlı rayon Heydər Əliyev Mərkəzində seçicilərini qəbul edib.
Saatlı şəhərinin və rayonun müxtəlif kəndlərinin nümayəndələrinin, Saatlı rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlham Quliyevin, Saatlı rayon İcra Hakimiyyəti başçısının müavini Reyhan Ocaqovanın iştirak etdiyi görüşdə pandemiya şəraitində vətəndaşları narahat edən məsələlər diqqət mərkəzində olub.
Görüşdə şikayətçilər deputata pandemiya dövründə rayonun imkansız ailələrinə göstərdiyi yardımlara görə və pandemiya şəraitində seçiciləri qəbul etdiyinə görə təşəkkür ediblər. Əhalini narahat edən bir çox məsələlər – xüsusilə rayonda yardımların ədalətli bölüşdürülməsi, işsizlik problemi, içməli və suvarma suyunun çatışmazlığı və s. müzakirə mövzusu olub, bir sıra məsələlər yerindəcə həll edilib. Vətəndaşların rayondakı bəzi dövlət strukturlarından və bu strukturların rəhbərlərindən, əməkdaşlarından şikayətləri deputat tərəfindən nəzarətə götürülüb.
Görüşdə yaxın günlərdə ayrı-ayrı kəndlərin və onların sakinlərinin problemlərini araşdırmaq məqsədilə kəndlər üzrə sakinlərin iştirakı ilə canlı videogörüşlər keçirmək qərara alınıb. Bu cür videogörüşləri rayon həyatının ayrı-ayrı sahələri və həmin sahələr üzrə şikayətçi olan vətəndaşlar arasında debat şəklində keçirmək də məqsədəuyğun hesab edilib.