Cümə , 22 Noyabr 2024
Drone Cameras

Deputat hökumətə səsləndi: “Adamlar su maşınının ümidinə qalıb, heyvan-qara qırılır…”

“Havalar istiləşdikcə Neftçala camaatının rahatlığını əlindən alan, onların zəhmətini heçə çıxaran, yaşayışlarını pozan qayğılar da çoxalır. Artıq yarım aya yaxındır ki, hər gün rayondan həyəcanlı zənglər gəlir. Kürün suyunun azalmasıyla, keçən il olduğu kimi, bu il də Xəzərin suyu çay yatağını doldurub, adamlar yenə su maşınlarının ümidinə qalıb, heyvan-qara qırılır, duzlu dəniz suyu çay yuxarı qalxaraq Salyan ərazisinə yaxınlaşmaqdadır və s.

Gözlənilməz xəbər deyil, ağlı olan hər kəs keçən ilki faciəli durumuun bu il də təkrarlanacağını bilirdi”.

Boyukmillet.com xəbər verir ki, bunu deputat Sabir Rüstəmxanlı bildirib.

Deputat qeyd edib ki, təbiətin bizi üzləşdirdiyi bu çətinliyin qarşısını almaq üçün lazım olan işlər görülməyib, vədlər yerinə yetirilməyib, çayın, dənizin dilini bilən yerli insanların təklifləri nəzərə alınmayıb:

“Mən həmin təklifləri burda bir daha təkrarlamaq istəmirəm. Düzdür, dövlət ötən yay rayon camaatını susuzluqdan xilas etmək üçün qısa müddətdə mümkün olan bütün vasitələrə əl atdi, bütün qonşu rayonların su maşınları Neftçalaya yönəldildi, cəmi bir neçə ay ərzində Neftçala şəhərinə su kəməri çəkildi və hər kəs arxayınlaşdı. Lakir bu rayon təkcə Neftçala şəhərindən ibarət deyil və təəssüf ki, şəhərin də su şəbəkəsi yarıtmaz vəziyyətdədir, təzələnməli, tamamlanmalıdır.

Neftçala camaatı çörəyini daşdan, dənizdən, sudan çıxarmağa vərdiş eləmiş, hər çətinliyə əyilməyən, dövlətə, dövlətçiliyə bağlı, qanuna sayqı göstərən camaatdır… Köhnə müəssisələrin dağılmasına, işsizliyə dözür, ancaq susuzluğa dözmək mümkün deyil”.

Deputat bir daha Nazirlər Kabinetinə, əlaqədar dövlət qurumlarına müraciət edib:

“Yağış yağacağına, Kürün yenidən aşıb-daşacağına ümid bəsləməsinlər. Dünyada təbii su ehtiyatları bizdən qat-qat az olan ölkələr, dövlətlər var. Su məsələsini necə həll edirlər?Öyrənmək çətin deyil.

Bir yayı, iki yayı birtəhər yola verməklə iş bitməz. Aran rayonlarımızın su problemini əsaslı şəkildə həll etmək lazımdır”.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …