“Azərbaycan Respublikasında dövlət idarəçiliyinin optimallaşdırılması, şəffaflaşdırılması, onun operativliyinin və səmərəliliyinin yüksəldilməsi Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatların mühüm tərkib hissəsidir”.
Boyukmillet.com xəbər verir ki, bunu APA-ya açıqlamasında millət vəkili Naqif Həmzəyev bildirib.
N. Həmzəyev deyib ki, müxtəlif vaxtlarda yerli və mərkəzi icra orqanlarının strukturu, fəaliyyət istiqamətləri, prinsipləri, vəzifə və öhdəliklərinin dəqiqləşdirilməsi, paralelliyin aradan qaldırılması, qərarların çevik qəbul olunması və vəzifələrin mümkün qədər səmərəli icrası ilə bağlı qanunvericilik təşəbbüsləri irəli sürülüb: “Hazırda həyata keçirilən islahatlar paketinin mühüm tərkib hissəsi kimi Milli Məclis, Prezident Administrasiyası, Nazirlər Kabinetində həyata keçirilən struktur dəyişiklikləri müsbət nəticələrini verir.
Bu gün dövlət orqanlarının fəaliyyətində müşahidə olunan operativlik, ictimai rəyə, vətəndaşların problemlərinə həssas yanaşma, bürokratik əngəllərin, korrupsiya, rüşvətxorluq və digər neqativ hallara qarşı kəskin mübarizə əhali tərəfindən təqdir olunur, yeni idarəetmə fəlsəfəsi ictimai rəydə daha çox rəğbət qazanır. Bütün bunlar göstərir ki, qarşıdan gələn dövrdə də yerli və mərkəzi icra orqanlarının fəaliyyətinin optimallaşdırılması ilə bağlı tədbirlər davam etdiriləcək.
Gəncə şəhəri Nizami və Kəpəz rayonları inzibati ərazi bölgüsünün ləğv edilməsi ilə bağlı irəli sürülən təşəbbüs ölkənin ikinci böyük şəhərində idarəetmənin keyfiyyətinin yüksəldilməsi və vətəndaşların rahatlığının, məmnunluğunun təmin edilməsi məqsədi daşıyır. Əhalisinin sayına görə Gəncə şəhərinə yaxın olan Sumqayıt şəhərinin nümunəsi göstərir ki, idarəçiliyin bir mərkəzdən həyata keçirilməsi daha səmərəli və optimal mexanizmdir”.
Millət vəkili qeyd edib ki, bunun nəticəsində vətəndaşların müraciətlərinə baxılma mexanizmi sadələşdiriləcək, onların problemləri daha çevik şəkildə həll olunacaq, idarəetmə sistemində çoxpilləlilik, paralellik, təkrarçılıq, bürokratiya, süründürməçilik və digər bu kimi neqativ hallar aradan qaldırılacaq: “Eyni zamanda əhalinin sosial-mədəni və məişət ehtiyaclarının ödənilməsi və qanunçuluğun təmin edilməsi ilə bağlı qərarların icrasının səmərəliliyi daha da artacaq, böyük idarəetmə aparatı ləğv ediləcək və büdcə vəsaitlərinin sərfiyyatına qənaət olunacaq”.