“Cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə böyük Zəfərimizdən bir il ötür.
Bu bir il, zəfərin nəticələrinin qorunması baxımdan çox vacib bir dönəm idi ki, Azərbaycan bu mərhələni uğurla adladı. Heç şübhəsiz ki, kökündə həmrəyliyimiz dayanan bu qələbənin bir memarı var, o da cənab İlham Əliyevdir. Cənab İlham Əliyevin bu qətiyyəti milli səviyyəyə sığacaq məsələ deyil, bu Zəfər beynəlxlaq hüququn aliliyini təmin etdi, bütövlükdə bölgənin taleyini dəyişdi. Heç şübhəsiz ki, bizi bu qələbəyə şəhidlərin qanı, qazilərin sağlamlığı, döyüşən oğullarımızın qorxmazlığı apardı. Biz onlara, o cümlədən onların fədakar valideynlərinə nə qədər minnətdar olsaq, azdır”.
Boyukmillet.com xəbər verir ki, bunu parlamentin bugünkü iclasında deputat Bəhruz Məhərrəmov deyib. Deputat bildirib ki, Zəfərin əldə olunmasında müstəsna rolu olanlardan biri heç şübhəsiz ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevadır:
“Qələbə günü ərəfəsində bu adı çəkməmək ədalətsizlik olar. Müharibə dövründə arxa cəbhənin yükü faktiki olaraq onun çiyinlərində oldu, evinə şəhid tabutu gələn ailənin fəryadına yerli strukturlardan daha tez xanım Əliyevanın nümayəndələri yetişdi, Mehriban xanım hər bir şəhid anasının faciəsini onunla birgə yaşadı. O, hər bir qazi üçün ümid yeri oldu, onların müalicəsi üçün bütün imkanları məhz Mehriban xanım səfərbər etdi. Müharibə dövründə Ermənistan və havadarlarının saxta xəbər strategiyası məhz Mehriban Əliyevanın başlatdığı təşkilatlanma sayəsində darmadağın edildi.
Bütün təhlükələri gözə alaraq, cənab Prezidentlə birgə işğaldan azad olunmuş əraziləri qarış-qarış gəzdi, vandalizmə və mədəni terrora məruz qalmış milli mədəni, dini abidələrimizin bərpası istiqamətində köklü işlər başlatdı. “Xarıbülbül” musiqi festivalı və Vaqif Poeziya Günlərini ən yüksək səviyyədə təşkil edərək düşmənin mənən sındırılması məhz Mehriban xanımın adı ilə bağlıdır. Ən vacibi isə odur ki, o, bütün bunları cənab İlham Əliyevin rəhbərliyi altında, vahid siyasi xəttin ayrılmaz parçası kimi yerinə yetirdi. Bu mənada hesab edirəm ki, Vətən müharibəsində və postmüharibə dövründə Mehriban xanımın müstəsna xidmətlərinin nəzərə alınması,onun ali səviyyədə təltif edilməsi barədə Parlamentdən təşəbbüs göstərilməsi vacibdir”.
Deputat başqa bir məqama da diqqəti çəkib:
“Oktyabrın 25-də Qubadlıda cənab Prezidentin rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə həmkarımız dəyərli ziyalı Tahir Mirkişili çox maraqlı bir fikir ifadə etdi. Bildirdi ki, müharibə bir ildir dayansa da, Prezident hələ də döyüşür və hadisələr göstərir ki, biz Prezidentin rəhbərliyi ilə hələ çox döyüşməli olacağıq. Reallığı çox dəqiq ifadə etmiş bir fikir idi. Bu gün biz mübarizədəyik, amma artıq qalib tərəf kimi… Proseslərin gedişi göstərir ki, üstünlük bizim tərəfimizdədir, xüsusən də son bir neçə ayda yaşananlar göstərdi ki, biz uğurla bütün xarici təsirləri ram edirik, bundan sonra da edəcəyik. Amma o güclərin daxildəki uzantıları ipə-sapa yatmaq istəmirlər.
Təsəvvür edin, İranla münasibət gərginləşir, irançı olurlar, Rusiya ilə münasibətlər sərinləşir, rustpərəst olurlar, Türkiyə -Azərbaycan münasibətləri ən ali səviyyəsinə çatır, bunlar Türkiyə müxalifətçisi olurlar. Nə olur, kim olur-olsun, bunlar İlham Əliyev əleyhinə birləşməyə hazırdırlar, fərqi yoxdur, birləşəcəkləri kimidir, bu, düşmən də ola bilər, quldur da, terrorçu da, qatı cinayətkar da. Əsas odur Azərbaycan hakimiyyətinə qarşı olsunlar. Özü də hansı hakimiyyətə! 30 illik işğala son qoyub milli qürurumuzu bərpa edən, tariximizin ən taleyüklü problemini həll edib bizi hərbi-siyasi gücə çevirən bir iqtidara, bir liderə qarşı.
Bilirsiz, cənablar, bu cür olmur, ən azından 28 illik müxalifət təcrübəsi Sizə iqtidar və dövlət arasında fərqi başa salmalı idi. Əlbəttə, bu gün bu məzmunda danışmağı arzu etməzdim, amma reallığın ifşasından doğan zərurət də nəzərə almaq lazımdır. Hörmətli Sədr, mən çıxışımın sonunda qısaca Parlamentin rolunu qeyd etmək sizə xüsusi təşəkkür etmək istəyirəm. İstər müharibə, istər postmünaqişə dövründə parlament diplomatiyası məhz sizin rəhbərliyinizlə müstəsna çevikliyi və məhsuldarlığı ilə fərqləndi. Hər kəs şahiddir ki, həmkarlarımızın, başda siz, müavinləriniz olmaqla gecəsi- gündüzü olmadı və bu mənada qazi parlament adının qürurunu yaşamaq bizə nəsib oldu. Bir daha bayramımız mübarək”.
Vilayət Muxtar
Cebhe.info