Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Deputat: “Prezident İlham Əliyevə Türk Dünyasının Ali Ordeninin təqdim olunması çox qürurvericidir”

“İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü türk dünyasının birliyinin gücləndirilməsi baxımından tarixi hadisədir. Toplantıda qəbul edilmiş qərarlar türk dövlətlərinin birliyini daha da möhkəmləndirəcək”.

Boyukmillet.com xəbər verir ki, bu fikirləri “Report”a Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Onun sözlərinə görə, 12 ildir fəaliyyət göstərən Türk Şurası ötən dövrdə böyük inkişaf yolu keçib və beynəlxalq təşkilat kimi tam formalaşıb. Təbii ki, bunun üçün bütün üzv dövlətlərin səmərəli fəaliyyəti xüsusi vurğulanmalıdır. Bu baxımdan Azərbaycanın təşkilata və ümumilikdə türk dövlətləri arasında əlaqələrin genişləndirilməsinə verdiyi töhfələr əsl nümunədir. Belə ki, Azərbaycanın qlobal əhəmiyyət kəsb edən iqtisadi məsələlərdə türk dövlətləri ilə əməkdaşlığa, onların da beynəlxalq layihələrə cəlb olunmasına diqqət yetirməsi təşkilatın fəaliyyətinə mühüm təsir göstərir. Məsələn, respublikamızın təşəbbüsü ilə inşa edilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti Asiyanı Avropa ilə birləşdirən nəhəng infrastrukturdur. Artıq türk dövlətləri də bu yoldan istifadə edirlər. Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji layihələri də türk dövlətlərini birləşdirir, Qazaxıstan və Türkmənistanın ixrac imkanlarını artırır. Türkiyə isə neft-qaz boru kəmərlərinin keçdiyi əsas tranzit ölkədir. Bütün bunlar Azərbaycanın türk dünyasına böyük ərməğanıdır. Respublikamız şaxələndirilmiş nəqliyyat sistemi və logistika imkanları ilə həm də türk dünyasına öz töhfəsini verir”.

Deputat bildirib ki, Türk Şurasına sədrliyi dövründə Azərbaycan öz təşəbbüsləri ilə türk dövlətləri arasında əlaqələrin daha da dərinləşməsinə xidmət edib. Ümumiyyətlə, respublikamız Şuraya sədrliyi dövründə türk dövlətləri arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əməkdaşlığın daha da dərinləşməsi istiqamətində səylərini artırıb. Qlobal təhdidlərin çoxaldığı indiki həssas dönəmdə isə türk dövlətlərinin daha sıx həmrəylik nümayiş etdirmələri xüsusilə vacibdir. Bu baxımdan ötən ilin aprel ayında Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün keçirilməsi türk dövlətlərinin qlobal bəla olan koronavirusa qarşı birgə mübarizəsi, bir-birilərinə dəstək olmaları baxımından mühüm əhəmiyyət kəsb etdi”.

Fatma Yıldırım

Fatma Yıldırım

F.Yıldırım qeyd edib ki, 44 günlük Vətən müharibəsində qardaş Türkiyə Azərbaycana qətiyyətli dəstək göstərdi və bu amil qələbəmizdə mühüm rol oynadı: “Ümumiyyətlə, Türk Şurası ərazi bütövlüyümüzün bərpası məsələsində hər zaman ölkəmizə mənəvi və siyasi dəstək olub. Vətən müharibəsinin ilk günlərində təşkilatın yaydığı bəyanatda münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həll olunmasının vacibliyi qeyd edilib. Şura müharibənin əvvəlindən sonunadək Azərbaycanın yanında oldu. Bütün bunlar göstərdi ki, Azərbaycanın şanlı qələbəsi bütün türk dünyasının zəfəridir. Azərbaycan və Türkiyənin bir-birinə dəstəyi digər türk ölkələrinə bir mesaj oldu. Türk dünyası ölkələrinə bir təhdid olarsa, bundan sonra birlikdə qərar almaq imkanı yaranır. Bu isə çox doğru addımdır. Azərbaycan Prezienti İlham Əliyev Zirvə Görüşündə çıxışı zamanı türk birliyinin əhəmiyyətindən, Vətən müharibəsində qazanılan qələbənin önəmindən ətraflı bəhs edib. Eyni zamanda Zəngəzur dəhlizinin türk dünyası üçün önəmi xüsusi vurğulanıb. Azərbaycan xalqı olaraq bizim üçün Prezident İlham Əliyevə Türk Dünyasının Ali Ordeninin təqdim olunması çox qürurvericidir. Bu mükafat Türk Ölkələrinin Dövlət Başçıları Şurasının qərarı ilə dövlət başçısına təqdim olunub. İlham Əliyev bu ali mükafata Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbəyə görə layiq görülüb. Biz öz Prezidentimizlə qürur duyuruq və inanırıq ki, dövləti başçısının fəaliyyəti yeni-yeni zəfərlərlə müşayiət olunacaq”.

Deputat vurğulayıb ki, Türkiyə hazırda Qarabağın dirçəlişi prosesində fəal iştirak edir: “Bundan başqa, digər türk dövləti olan Özbəkistanın büdcəsi hesabına Füzuli rayonunda böyük bir məktəb tikintisi nəzərdə tutulur. Bu da qardaşlıq nümunəsidir. Bu baxımdan düşünürəm ki, türk dövlətləri işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulmasında Azərbaycanın yanında olacaqlar.

“Zirvə Görüşündə qəbul olunmuş qərarlar türk dünyasının uğurlu gələcəyindən xəbər verir. Qurumun adının dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılması, Türkmənistanın təşkilata müşahidəçi statusunda qəbul olunması, Türk Dövlətləri Təşkilatının İnvestisiya Fondunun yaradılmasının tamamlanması haqqında qərar və digər qərarlar, nəzərdə tutulan planlar türk birliyinin regional güc mərkəzinə çevriləcəyindən xəbər verir. Beləliklə, türk dövlətlərinin birliyi üçün mükəmməl bir model yaradılıb ki, bu platforma qarşıdakı dövrlərdə daha da inkişaf edəcək. Türk dövlətləri bundan sonra da hər bir məsələdə yekdil mövqe bildirməli, bütün məsələlərdə bir-birilərini dəstəkləməlidirlər. Onların müstəqil dövlət kimi güclənmələri bütövlükdə türk dünyası birliyini gücləndirməlidir və belə də olacaq. Hesab edirəm ki, türk dövlətlərin birliyinin böyük gələcəyi var”, – F.Yıldırım söyləyib.

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …