Cümə , 3 May 2024
Drone Cameras

Deputatdan Ukraynada şərlənərək həbs olunan qaziyə DƏSTƏK

“Son vaxtlar mətbuatda və sosial şəbəkələrdə çox narahatlıqla müzakirə olunan məsələlərdən biri də II Qarabağ müharibəsi iştirakçısı, həmyerlimiz Misir Qasımlının 1 ilə yaxın müddətdə Ukraynada həbsdə saxlanılmasıdır. Bu hadisə ilə bağlı mənə Misirin qohumları bir neçə dəfə zəng edib, bildiriblər ki, Ukraynada yaşayan Misir  milliyətcə erməni olan bir əcnəbi tərəfindən şərlənib. Onların dediyinə görə, heç bir sübut və dəlil olmadan həbsdə saxlanılan Misir Qasımlı artıq bir neçə gündür, aclıq aksiyasına başlayıb və səhhətində yaranan problemə görə həkim nəzarətinə götürülüb”.

Bu sözləri Modern.az-a həmyerlimizin başına gələn olay haqqında danışan Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Deputat qeyd edib ki, Misir Qasımlı 44 günlük Vətən müharibəsinin ilk günündə Müzəffər Ali Baş Kamandanın əmrinə və çağırışına qoşularaq II Qarabağ savaşında könüllü iştirak edib.

“Misir savaş vaxtı bir neçə dəfə yaralansa da, müalicəsini yarımçıq qoyaraq yenidən cəbhəyə, döyüşə yollanıb. O, bu xidmətlərinə görə möhtərəm Prezidentimiz tərəfindən “Kəlbəcərin azad olunması uğrunda” medalı ilə təltif olunub. Sosial şəbəkələrdə Misirin istər ermənilərə, istərsə də Kiyevdə hakimə verdiyi cavablarda da onun açıq-aşkar şərləndiyi qənaətinə gəlmək olur.

Misirin qohumları qeyd edirlər ki, Diasporla iş üzrə Dövlət Komitəsi və Ukraynada fəaliyyət göstərən diaspor təşkilatlarımız onlara daim dəstək verir, Misir Qasımlı ilə, həmçinin onun ailəsi ilə mütəmadi maraqlanırlar. Diaspor nümayəndələri bu işlə aktiv şəkildə məşğul olaraq, Misir Qasımlının hüquqlarının qorunmasına çalışırlar, haq-ədalətin bərqərar olunması üçün əllərindən gələni edirlər. Lakin ailə dəfələrlə Azərbaycanın Ukraynadakı səfirliyinə müraciət etsə də, onları səfirliyin heç bir əməkdaşı qəbul etməyib. Görünən həqiqət də budur ki, Ukraynada ermənilərin “qisas” əməliyyatının qurbanı olmuş qazimiz Misir Qasımlı olayı ilə bağlı səfirlik ölkə ictimaiyyətinin bu narahatlıqlarına bugünədək reaksiya göstərmir. İstənilən halda, hətta Misir hər hansı bir cinayət törətmiş olsa da, səfirliyimiz bu məsələ ilə bağlı öz münasibətini bildirməlidir. Misirin qohumlarının verdiyi məlumata görə, onun ailəsi Qərbi Azərbaycandan erməni təcavüzü nəticəsində deportasiyaya uğramış didərgin qaçqınlardandır. Onun rəhmətlik atası I Qarabağ müharibəsi qazisi olub. Əminəm ki, bu məsələ ilə bağlı tezliklə müvafiq qurumlar, eləcə də Xarici İşlər Nazirliyi öz dəstəyini göstərəcək”, – deyə deputat qeyd edib.

Check Also

Anar Məmmədli haqqında həbs qərarı verildi

Hüquq müdafiəçisi ittihamı absurd adlandırıb Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri, insan hüquqları …