Mədəniyyət Komitəsinin sədri millət vəkili Qənirə Paşayeva, millət vəkili Məşhur Məmmədov, Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının rəhbəri Səkinə Babayeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİM İB) sədri Arzu Bağırova İyulun 12-də Tovuz rayonu istiqamətində işğalçı Ermənistanın törətdiyi təxribatlar zamanı yaralanan hərbiçilərimiz Mahəddin Zeynalov, Rauf Musayev və Kənan Mənsurovun ailə üzvləri ilə görüşüb.
Görüş zamanı xalqımızın vətənin qəhrəman oğulları ilə fəxr etdiyi deyilib. Bir neçə gün öncə hərbçilərimizin müalicə aldığı hospitalı ziyarət edərək onların vəziyyəti ilə maraqlandığını deyən millət vəkili Qənirə Paşayeva bundan sonra da müalicələrinin yüksək səviyyədə davam edəcəyinə inandığını bildirib. Millət vəkilləri və QHT sədrləri həmçinin hərbiçilərimizin ailə üzvlərinin qayğıları ilə də maraqlanıblar. Ailələrin problemlərinin həlli istiqamətində aidiyyatı qurumlara müraciət edən millət vəkilləri bundan sonra da daima yanınızdayıq deyiblər və hərbiçilərimizin tez bir zamanda sağalaraq ailələrinin yanına dönməyi arzu ediblər.