Son günlər Ermənistan üçtərəfli bəyanatı kobud şəkildə pozur. Belə ki, Ermənistan hərbçilərinin Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə daşınması, Muxtarkənd, Şuşakənd məntəqələri yaxınlığında, eləcə də Kəlbəcər və Laçın rayonlarının inzibati hüdudlarının şərq istiqamətindəki ərazilərdə yeni erməni postlarının qoyulması halları müşahidə olunur.
Bu kimi hallar rus sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə baş verir. Nədənsə, sülhməramlılar Ermənistanın təxribatlarına göz yumur.
Ötən gün Azərbaycan tərəfi son hadisələrlə bağlı etirazını bildirdi. Müdafiə Nazirliyi 10 noyabr bəyanatından keçən son 9 ayda ilk dəfə olaraq rus sülhməramlılarına xəbərdarlıq etdi. Bildirildi ki, Rusiya sülhməramlı qüvvələri üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq müvəqqəti dislokasiya olunduqları Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin yerləşdirilməsi hallarına son qoymalıdır. Əks halda Azərbaycan adekvat tədbirlər görmək məcburiyyətində qalacaq.
Müdafiə Nazirliyinin rus sülhməramlılara xəbərdarlığının nəticəsi nə olacaq? Azərbaycan təxribatlara necə cavab verəcək?
Mövzu ilə bağlı Modern.az-ın suallarını Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov cavablandırıb.
Onun sözlərinə görə, MN-nin bəyanatı ona görə maraq kəsb edir ki, indi bu proses hər kəsin diqqətindədir:
“Azərbaycanda müvafiq orqanlar hər zaman sülməramlılarla əlaqə saxlayırdı. Bu və digər məsələlər müzakirə olunub, hansısa mövzular həllini tapırdı. Amma bu bəyanat ona görə maraq kəsb edir ki, indi bu proses hər kəsin diqqətindədir, yəni ictimaiyyətə orada olan problemlər maraqlıdır. Əslinə qalsa, Azərbaycan ərazisindən onların çıxarılması çoxdan gündəmdədir. Hətta Ermənistan mətbuatında belə məlumat vardı ki, mart ayından ratasiya üçün hərbçiləri göndərmirdilər. Görünür ki, bu, hansısa müddətdən sonra baş verib. Artıq Azərbarbaycan Müdafiə Nazirliyi öz iradını bildirib. Hesab etmək olar ki, bu prinsipial məsələdir. Birbaşa Laçın dəhlizinin fəaliyyəti ilə bağlıdır. İctimaiyyət tələb edir ki, dəhlizə Azərbaycan tərəfi nəzarət etsin. Bundan başqa, Ermənistanın Zəngəzur dəhlizinin açılmasından imtina etməsi prosesləri daha da sürətləndirdi. Bu mövzu artıq gündəmdədir”.
Sabiq XİN rəhbəri Azərbaycanın müzakirələrdə söz sahibi olduğunu əlavə edib:
“Proseslər bizim ərazimizdə baş verir, Ermənistan açıq şəkildə bəyanatın bəzi bəndlərindən imtina edir. Bu baxımdan mövzuya yenidən qayıtmaq və həll etmək Azərbaycanın əsas maraqlarından biridir.
Bəzən deyirlər ki, guya müharibə başlaya bilər və s. Mən doğrusu belə şayiələrə inanmıram. Çünki müharibə üçün hansısa ehtiyac yoxdur. Azərbaycan bu məsələni siyasi yolla həll etməyə qadirdir. İnanmıram ki, bu məsələdə Rusiya tərəfi ciddi maneələr törətsin. Ən azı mövzuya aid görüş ola bilər. Görüşün nəticəsində bu və digər şəkildə məsələnin həlli tapılacaq”.
Müharibədə ağır məğlubiyyətdən sonra Ermənistanın arxayınlaşmasının səbəbi nədir?
Tofiq Zülfüqarov suala cavab olaraq bildirib ki, Ermənistan yeni şəraitdə siyasətini dəyişmək istəyir:
“Artq seçkilərdən sonra Ermənistanın siyasi elitası baş qaldırıb. Müxtəlif bəyanatlarla gündəmə gəlirlər. Bu kimi şeylər onu göstərir ki, onlar öz siyasətini artıq formalaşdırıb. Səbəb Azərbaycana qarşı olan ərazi iddialarının davam etdirilməsidir. Amma digər şəraitdə orada olan erməni əhalisinin revanşist meyillərini daha da gücləndirməyə çalışırlar. Azərbaycanın niyyəti budur ki, Ermənistanın hərbi cinayətinə, təcavüzünə son qoyulsun, işğalçı ordu ərazimizi tərk etsin.
Görünür ki, ermənilər üzərlərinə götürdükləri öhdəliklərdən qaçmaq istəyirlər. Təbii ki, biz bunu qəbul etməyəcəyik. Bu variant mümkün deyil, çünki qüvvələr nisbəti fərqlidir. Onların arxayın olduqları Rusiya və digərləri də o fikirdə deyillər ki, ermənilərə dəstək versinlər. Hansısa propaqanda üçün döyüşlər və s. barədə fikirlər səslənə bilər. Hər halda Azərbaycan qarşı tərəfə layiqli cavab vermək gücündədir”.