Çərşənbə , 3 İyul 2024
Drone Cameras

Diri-diri yananlar

“Bina tövləyə oxşayırdı”. Bakıdakı narkoloji dispanserdə baş verən və otuza qədər insanın ölümünə səbəb olan yanğının foto-videolarını görəndə əksəriyyətimizin dilindən bu sözlər çıxdı.

Dünyada narkoloji dispanserlərin durumu, müalicə şərtləri ilə bağlı gəzişmə etdim, sayta material yazdım. Kurort kimi, ən müasir aparatlarla təchiz olunmuş, təmirli, işıqlı otaqlar, yüksək səviyyəli mühafizə və ən önəmlisi… insani şərtlər… Bir çox ölkələrdə ümumiyyətlə, narkoloji dispanserə giriş pulsuzdur, istənilən narkoman gəlib aylarla, müalicəsi bitənə qədər bir qəpik də ödəmədən qala bilər.

Bizdə isə… Başda dövlət başçısı olmaqla bir çox nazirlərin yanğın yerindəki fotolarını çoxunuz görmüsüz. Əslində simvolik mənzərədir. Yamaq-yamaq asfalt, uzaqda isə gerçəkdən tövləni xatırladan tikili. Dövləti təmsil edən bu şəxslərin Bakının paytaxtında, mərkəzdən çox da uzaqda olmayan bir yerdə olmasını təsdiqə min şahid lazım idi. Bəli, tikili, onun ətrafı içindəki vəziyyətin şahidliyini edirdi. Qeyri-səmimiliyə yer yox idi, üstü də təzək idi, altı da… Niyə?

Çünki binanın təzələnməsinə ayrılan pullar yeyilmişdi.

Çünki paytaxtdakı yeganə narkoloji dispanserə ayrılmalı olan diqqət, vəsait havayaca sovrulmuşdu.

Çünki çoxlarının “otxod” adlandırdığı, cəmiyyətin tör-töküntüsü hesab etdiyi bu kateqoriya üçün “bunun da çox olduğunu” düşünənlərin ölkəsində yaşayırıq.

Dünən sosial şəbəkədə diqqət etdim: narkomanların cəmiyyətə bəla gətirdiyini, buna görə də Allah tərəfindən ən ağır ölüm şəklinə məhkum olunduğunu yazanlar vardı. Belə insanların çoxluq təşkil etdiyi cəmiyyətdə narkoloji dispanserə dövlətdən ayrılan vəsaiti yeyərlər də, üstündən su içərlər də.

Bəli, biz belə yanğınları çox görmüşük, onların araşdırılması üzrə aparılan istintaqları da. Azadlıq prospektindəki yanğın işi üzrə məhkəmədə kimlərin cəzalandırıldığını xatırlayırsızmı? Aşağıdan da aşağı vəzifə tutan şəxslər, səlahiyyətin milyonda biri belə həvalə edilməyən sıravilər.

Dispanserdəki yanğının şahidi, adının çəkilməsini istəməyən mühafizəçinin sözlərinə görə, hər şey bir anda baş verib: “Səhərə yaxın idi. Bir də gördüm ki, hər yeri tüstü-duman bürüdü. Palatadakıları öskürək tutdu. Alovu görəndə özümü itirmədim. Tez otaqlara girib, xəstələri çölə çıxartmağa başladım. Təkbaşına 25 nəfəri xilas etdim. Sonra alov o qədər gücləndi ki, içəri girmək mümkün olmadı. Təqribən 24-25 nəfər diri-diri yandı”. Bu məlum açıqlamanı oxuyan kimi ağlıma gəldi ki, məsuliyyətə cəlb ediləcəklərdən biri məlum oldu. Əminəm ki, o yetimin boynuna öncə istintaqda, sonra da məhkəmədə “qalanları xilas etmədiyinə görə” bir neçə maddə yükləyəcəklər. Ya da vəzifə səlahiyyətlərini yerinə yetirmədiyinə görə. Mən ölü, siz diri. Məlum olacaq ki, vəzifəsi qapıda dayanmaq olan şəxs supermen olub uçmalı, hər qanadında da 10-15 nəfər xəstəni daşımalı imiş.

Azərişıq” ASC-in açıqlamasını da yaddan çıxarmayaq. Qurumdan bildirilib ki, “Azərişıq” sayğaca qədər gələn elektrik xətlərində baş verən hər hansı qəzaya cavabdehlik daşıyır: “Binanın daxilindəki xətlərə nəzarət etmək bizim səlahiyyətimiz çərçivəsində deyil”. Deməli, günah birbaşa daxildəki elektrik xətlərində imiş – dəcəllik ediblər, yanğın çıxıb. Bu da belə.

Meyidlər çıxarılanda onlardan bəzilərinin əllərinin bağlı olduğu görülüb və bunu da media yazdı. Amma ekspertlərin açıqlamasından bəlli oldu ki, müalicə məqsədilə onların əllərinin bağlanması təbii imiş. Bəs yaxşı, adamların əllərini çarpayıya bağla, çarəsiz duruma sal, fövqəladə hadisə baş verəndə də onları xilas etməyə bir quru canı ilə mühafizəçidən başqa adamın, heyətin olmasın. Bunun adı sui-qəsd deyil də, nədir? Müalicə dediyin bütün yönləri, təhlükəsizlik tədbirlərinin müşayiəti, baş verə biləcək ən pis ehtimallar nəzərə alınaraq aparılır.

Qorxuram ki, qısa müddət sonra neft daşlarında çıxan yanğını unutduğumuz kimi bu hadisəni də unudacağıq. Nə məsuliyyətə cəlb edilən olacaq, nə də hadisənin əsl səbəbkarları ifşa ediləcək. Sadəcə bir-bir yaxalarını kənara çəkəcəklər, biz də müşahidə edəcəyik. Yadda qalan tablo isə dispanserin qabağında diz çöküb zülüm-zülüm ağlayan o mərhum yaxınları, bacıları-anaları olacaq. (Sevinc Telmanqızı, musavat.com)

 

Check Also

Qardaşı: “Ələsgər Məmmədlinin səhhəti daha da pisləşib”

Nəsimi Məmmədli deyir ki, vəkil pis rəftarla bağlı Avropa Məhkəməsinə müraciət edib 1 saylı Bakı …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir