Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Dövlət əmlakının özəl əmlakla dəyişdirilməsinə imkan yaradılması III oxunuşda təsdiqlənib

Milli Məclisin növbədənkənar sessiyasının bugünkü iclasında Torpaq Məcəlləsində, Mülki Məcəllədə və “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi III oxunuşda qəbul edilib.

Boyukmillet.com xəbər verir ki, bununla Azərbaycanda dövlət mülkiyyətində olan əmlakın (o cümlədən dövlət torpaqlarının) qarşılıqlı razılıq əsasında xüsusi mülkiyyətdə olan əmlakla, o cümlədən torpaq sahələri ilə dəyişdirilməsinin hüquqi əsası yaradılır.

Bununla belə, özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı (dövlət torpaqları), dövlətin müstəsna mülkiyyətində olan və ya dövlət ehtiyacları üçün nəzərdə tutulan torpaq sahələri dəyişdirmənin predmeti ola bilməz.

Dəyişdirilən əmlakların, o cümlədən torpaq sahələrinin qiymətləndirilməsi əmlakların (torpaq sahələrinin) alqı-satqısı zamanı təşəkkül tapan bazar qiyməti nəzərə alınmaqla “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçiriləcək. Həmin qanuna təklif edilən dəyişikliklə dövlət orqanları (qurumları) və bələdiyyələr də qiymətləndirmə fəaliyyəti üzrə sifarişçi statusu əldə edirlər.

Qanun qəbul edildikdən sonra dövlət mülkiyyətində olan əmlakın, o cümlədən torpaq sahəsinin xüsusi mülkiyyətdə olan əmlakla və ya torpaq sahəsi ilə dəyişdirilməsinin qaydası təsdiq ediləcək.

Dəyişikliklər əmlakdan və torpaq sahələrindən daha səmərəli istifadəyə, torpaq bazarında dövriyyənin aktivləşməsinə, iqtisadi fəallığın yüksəlməsinə, dövlət və vətəndaşlar arasında qarşılıqlı razılıq əsasında daha çevik əmlak mübadiləsi imkanlarının yaranmasına, mülki dövriyyədə dövlətin digər mülki hüquq subyektləri ilə bərabər şərtlərlə iştirakının təmin edilməsinə xidmət edəcək.

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …