Cümə , 22 Noyabr 2024
Drone Cameras

Dövlət Komitəsində Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfrans keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev 100: azərbaycançılıq ideologiyası və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfrans keçirilib.

Boyukmillet.com xəbər verir ki, tədbirdə Dövlət Komitəsi və müvafiq orqanların rəhbər şəxsləri, dini konfessiya rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Əvvəlcə Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə çəkilmiş “Heydər Əliyev və azərbaycançılıq” filmi nümayiş olunub.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsindəki xidmətlərindən, o cümlədən milli-mənəvi dəyərlərimizin dirçəldilməsinə verdiyi töhfələrdən danışıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Rəşad Əliyarlı, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Azərbaycan İlahiyyat İnstitutunun rəhbərliyi yanında İctimai Nəzarət Şurasının üzvü Şahlar Əsgərov, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının mətbuat katibi Konstantin Pominovun Heydər Əliyevin zəngin irsi barədə çıxışları dinlənilib.

Sonra Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə din xadimləri və dini icma üzvləri arasında elan etdiyi “Heydər Əliyev siyasəti: Azərbaycanın dövlət-din modeli” mövzusunda yazı müsabiqəsinin nəticələrini açıqlayıb.

Sonda qaliblər mükafatlandırılıb.

Check Also

Gündüz İsmayılov: Azərbaycanda hər hansı məzhəbin üstünlüyü konteksində dini təhsil aparılmır

Azərbaycanda hər hansı məzhəbin üstünlüyü konteksində dini təhsil aparılmır. Boyukmillet.com xəbər verir ki, bunu Dini …