Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

Döyüş meydanında və beynəlxalq müstəvidə əldə edilən uğurlar Ali Baş Komandanın sarsılmaz qətiyyətinin göstəricisidir

İfrat millətçilik təfəkkürünün məngənəsində qalmış Ermənistanın hərbi-siyasi rəhbərliyinin iyulun 12-15-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində həyata keçirməyə çalışdığı hərbi təxribatın qarşısının uğurla alınması heç şübhəsiz ki, xalqımızın müasir tarixinin şanlı səhifələrindən birini təşkil edir. Çünki bəlkə heç düşmənin də gözləmədiyi halda Azərbaycanın dövlət rəhbərliyinin qətiyyəti və düzgün təşkilatçılığı, ordu rəhbərliyinin səriştəli peşəkarlığı, Azərbaycan əsgər və zabitlərinin şücaəti və fədakarlığı bütün xalqımızın coşqun iradəsi ilə birləşərək güclü və vahid bir axına çevrildi, Azərbaycan dövlətinin qüdrətini ortaya qoydu. Böyükdən kiçiyə hər bir insan cəbhədə düşmənlə üzbəüz olan bütün hərbçilərimizə dəstək oldu, Azərbaycan özü boyda bir mübarizə meydanına çevrildi, bütün dünyanı heyrətə salacaq bir həmrəylik nümayiş etdirildi. Baş verənləri qiymətləndirərkən Tovuz hadisələri bizim üçün yalnız qəfil hücumu ilə məqsədinə nail olmaq istəyən düşmənin yerinə oturdulması ilə əlamətdar deyil. Bu hadisələr eyni zamanda onu da nümayiş etdirdi ki, Azərbaycanın dövlətçilik həyatında xüsusi bir yeri olan Ali Baş Komandanlıq institutu da kifayət qədər yetkin bir qurum kimi formalaşıb və ölkə Prezidenti İlham Əliyev tərəfindən rəhbərlik edilən bu qurum Azərbaycanın dövlət maraqlarının müdafiəsində uğurlu fəaliyyət ilə müstəqillik tariximizə şərəfli səhifələr yazmaqdadır.

Boyukmillet.com xəbər verir ki, bu fikirlər Silahlı Qüvvələrin Hərbi Akademiyasının professoru, tarix elmləri doktoru, ehtiyatda olan polkovnik Mehman Süleymanovun Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribatlarla bağlı yazdığı “Döyüş meydanında və beynəlxalq müstəvidə əldə edilən uğurlar Ali Baş Komandanın sarsılmaz qətiyyətinin göstəricisidir” sərlövhəli məqalədə yer alıb. Məqaləni təqdim edirik.

Ali Baş Komandanlıq mahiyyət etibarilə ölkə daxilində hərbi və siyasi hakimiyyətin bir şəxsdə cəmləşdirilməsi deməkdir. Bu anlayış siyasi dövriyyəyə ilk dəfə XVII əsrdə gətirilsə də, onun ifadə etdiyi məzmuna hələ qədim dövrlər tarixindən rast gəlmək mümkündür. Dünya tarixindən Makedoniyalı İsgəndər, Qədim Roma dövlətinin böyük fatehləri hərbi və siyasi hakimiyyətin birləşdirilməsinin bariz nümunələri sayıla bilərlər. Azərbaycanın qədim və orta əsrlər tarixində də hərbi və siyasi hakimiyyətin bir adamda birləşdirilməsinin çoxlu nümunələri mövcuddur. Hətta demək mümkündür ki, XIX əsrin əvvəlində baş vermiş Rusiya işğalına qədər Azərbaycan torpaqlarında yaranmış dövlətlərin hamısında hərbi və siyasi hakimiyyət birləşdirilmişdi. Bu dövlətlərin rəhbərləri həm də qoşunların rəhbərləri idilər. Rəsmi şəkildə isə Ali Baş Komandan ifadəsi dünya siyasətində ilk dəfə XVII əsrdə İngiltərə, Şotlandiya və İrlandiya kralı I Karl tərəfindən imzalanmış sənədlərdə əksini tapmışdı. Amma o zaman Ali Baş Komandan yalnız birləşmiş qoşunların ümumi rəhbəri üçün nəzərdə tutulmuş ifadə idi.

Ali Baş Komandan anlayışının müasir təcrübəsinin formalaşması isə təxminən XX əsrin 30-40-cı illərinə təsadüf edir. İkinci Dünya müharibəsi isə Ali Baş Komandanlıq institutunun formalaşmasını dövlət idarəçiliyinin aktual məsələlərindən birinə çevirdi və hazırda bu təcrübə demək olar ki, dünyanın bütün dövlətləri tərəfindən istifadə olunmaqdadır.

Ali Baş Komandanlıq institutunun formalaşdırılması zəruriliyi, əslində, hər bir dövlətin əl atmaq məcburiyyətində qaldığı hərb işinin mahiyyətindən irəli gəlir. Müharibələr bu gün də bəşəriyyətin cığırdaşı olaraq qalmaqdadır və tarixi inkişaf heç də onların baş vermə ehtimalını aradan qaldırmayıb. Onun qarşısının alınması (təcavüzkar dövlətlər üçün isə onun başlanması) üçün həm ölkənin çox böyük canlı və maddi ehtiyatlarının hərəkətə gətirilməsi, həm də bu işə rəhbərliyin mərkəzləşdirilməsi obyektiv bir zərurətdir. Əks təqdirdə müharibənin artan ehtiyaclarını ödəmək və müharibədən qalib çıxmaq mümkün olmaz. Bu mənada dövlət aparatının çevik və davamlı fəaliyyət göstərməsi, ölkənin iqtisadi və səfərbərlik ehtiyatlarının hərb işi ilə səmərəli uzlaşdırılması müharibənin aparılması üçün həyati əhəmiyyət kəsb edən vaxt itkisini aradan qaldırmağa imkan verər. Ali Baş Komandanlıq institutunun yaradılmasında məqsəd də məhz müharibə dövrü və ya müharibəyə hazırlıq dövrü hərbi-siyasi idarəçiliyinin çevikliyinə nail olunmasıdır. Çünki ölkənin və cəmiyyətin bütün ehtiyatlarını öz əlində cəmləmiş olan dövlət rəhbəri onların birbaşa hərbi ehtiyaclara istiqmətləndirilməsi imkanlarına malikdir və bununla bağlı onun hər hansı bir orqan qarşısında məsələ qaldırmasına ehtiyac da qalmır. Hərbi ehtiyacların müəyyənləşdirilməsinin və onların aradan qaldırılmasının bir şəxsdə cəmlənməsi isə qarşıda duran vəzifələrin daha çevik həll edilməsinə şərait yaradır. Bu mənada Ali Baş Komandan cəmiyyətin və dövlətin bütün potensialını səfərbərliyə almaqla ölkənin müdafiəsinin təmin və təşkil edilməsinin bütün məsuliyyətini öz üzərinə götürmüş ali vəzifəli və səlahiyyətli bir şəxsdir. Bu səlahiyyət bir qayda olaraq ölkə prezidentinə və ya ölkənin ali səlahiyyətli şəxsinə həvalə olunur.

Azərbaycanın dövlətçilik həyatında Ali Baş Komandanlıq institutunun nə dərəcədə əhəmiyyət kəsb etməsini elə yaxın tariximizdən də görmək mümkündür. Müstəqilliyin bərpasının ilk illərinin hərbi uğursuzluqlarının başlıca səbəblərindən biri məhz Ali Baş Komandanlıq institutunun formalaşmaması və ya formalaşdırılmaması idi. Bunun nəticəsi idi ki, ölkənin potensialının hərbi məqsədlər üçün düzgün istiqamətləndirilməsinə nail olunmadı, dövlətin rəhbərliyi ordunun rəhbərliyini nəzarət altına gətirə bilmədi, ordu rəhbərliyi milli maraqların müdafiəsindən kənarda qalmış idarəolunmaz bir qüvvəyə çevrildi. Bunu elə o zamankı respublika rəhbərləri də öz müsahibələrində və yazılarında etiraf ediblər. Dövlət idarəçiliyində yaranmış xaos və özbaşınalıq isə son nəhayətdə Azərbaycanın müdafiəsində məlum ağır nəticələrə gətirib çıxardı.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında da müstəqilliyin ilk illərində Azərbaycanın rastlaşdığı bir çox bəlaların məhz bu xaosla bağlı olduğunu bildirirdi: “…o vaxt Azərbaycanda xaos, anarxiya idi, onlar (ermənilər – M.S.) bundan istifadə edib torpaqlarımızı zəbt etdilər”. Bu xaos və anarxiya Ali Baş Komandanlıq institutunun vəziyyətində də özünü göstərirdi və əslində, həmin illərdə bu institutun işlək və real bir qurum kimi mövcudluğundan söhbət açmaq da mümkün deyil.

Azərbaycanda Ali Baş Komandanlıq institutunun formalaşdırılması və onun dövlət idarəçiliyində strateji bir quruma çevrilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. İlham Əliyevin prezidentliyi dövründə isə bu institut öz inkişafının daha yüksək səviyyəsinə qalxaraq ölkənin müdafiəsinin bütün məsuliyyətini öz üzərinə götürmüşdür.

Ölkənin hərbi-strateji orqanlarını özündə birləşdirən Ali Baş Komandanlıq institutunun bütün fəaliyyəti sözsüz ki, Prezident İlham Əliyevin şəxsində təmsil olunan Ali Baş Komandan tərəfindən müəyyənləşdirilir, planlaşdırılır və onun təşkilatçılığı altında da həyata keçirilir. Bu fəaliyyət sahəsi kifayət qədər məxfi bir sahədir və bu sahənin məsuliyyəti, gərginliyi, ölkənin ali maraqları üçün qarşıya çıxan sınaqların necə aradan qaldırılması, idarəçilik və təşkilatçılıq zəhməti geniş ictimaiyyət üçün açıq olmayan məsələlərdir. İnsanlar isə daha çox yüksək və dəqiq təşkilatçılıqla, mövcud potensialın məqsədyönlü və səmərəli şəkildə səfərbərliyə alınması və bütün reallıqların düzgün ölçülüb-biçilməsi ilə əldə edilmiş nəticələri görəndən sonra Ali Baş Komandanın fəaliyyətinə öz münasibətlərini ifadə edirlər. Hətta Tovuz hadisələri ilə bağlı Müdafiə Nazirliyinin mətbuat xidməti tərəfindən davamlı olaraq yetərli məlumatlar verilsə də, kütləvi informasiya vasitələri tərəfindən geniş məlumatlar yayılsa da, ölkəmizin Prezidenti İlham Əliyevin Ali Baş Komandan kimi bu hadisələrin idarə edilməsi ilə bağlı fəaliyyətinin bütün detallarını görmək sözsüz ki, mümkün deyildir. Bunu Prezident və Ali Baş Komandan İlham Əliyev özü də Nazirlər Kabinetinin iyulun 15-də olmuş iclasında etiraf edirdi: “Əməliyyat haqqında bundan artıq demək istəməzdim. Çünki bu, hərbi sirdir, məxfi xarakter daşıyır. … Nə mümkün olubsa, onu göstərmişik, hesab edirəm ki, indiki mərhələdə bundan artıq informasiya vermək düzgün olmazdı”.

XIX əsrin birinci yarısında yaşamış böyük hərb filosofu Klauzevits özünün bu gün də dünya hərb nəzəriyyəçiliyinin zirvəsi sayılan “Müharibə haqqında” əsərində yazırdı ki, siyasi və hərbi hakimiyyəti özündə birləşdirən dövlət rəhbərinin məharəti yeni tətbiq edilən ideyanın səs-küylü görünüşündə deyil. Əksinə, burada heyranlığa səbəb sakit halda qərarlaşdırılmış məqsədin uğurla sonluğa çatması, planlaşdırılan və həyata keçirilən bütün fəaliyyətin səssiz harmoniyasıdır. Bu sözləri bütünlüklə Ali Baş Komandan kimi İlham Əliyevin rəhbərliyi altında Tovuz hadisələrinin uğurla başa çatdırılmasına da şamil etmək olar. Çünki pafoslu görüntü yaradılmadan Azərbaycan dövlətçiliyinə qarşı istiqamətlənmiş və arxasında böyük dövlətlərin dayandığı son dərəcə məkrli bir təxribatın qarşısı İlham Əliyevə xas olan bir inam və soyuqqanlıqla alındı və bu zaman onun dövlətçilik məsuliyyəti ilə əməli fəaliyyəti məntiqi bir harmoniyada üzə çıxdı.

Bütünlüklə qeyd edilməlidir ki, Tovuz hadisələrinin Azərbaycan dövlətçiliyi üçün uğurlu sonluğu İlham Əliyevin Ali Baş Komandan kimi əzmkar fəaliyyətinin daha bir əməli nəticəsidir. Daha geniş planda isə Tovuz uğuru Azərbaycan dövlətçiliyinin uğurudur. Bu dövlətçiliyin möhkəmləndirilməsi üçün qarşıya hansı vəzifələrin qoyulduğunu isə İlham Əliyev özü belə açıqlayırdı: Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi, Azərbaycanın güclü müdafiə qüvvələrinin yaradılması, Azərbaycanın haqq işinin beynəlxalq aləmdə daha geniş şəkildə dəstəklənməsinə, Azərbaycan xalqının iradəsini ifadə etməklə xalqla iqtidar arasında möhkəm birliyin əldə edilməsinə nail olunması, Azərbaycan daxilində siyasi-iqtisadi sabitliyin, mübariz mənəvi əhval-ruhiyyənin qorunub saxlanması və s.

Bu gün qarşıya qoyulmuş bu vəzifələr artıq reallığa çevrilib. Məhz bunun nəticəsidir ki, Tovuz təxribatının qarşısının alınması zamanı yeni bir tarixi qələbə əldə edildi, düşmənə layiqli cəza verildi. Bütün xalqın qürurunu və sevincini kükrədən həmin qələbənin təşkilatçısı isə Ali Baş Komandan kimi İlham Əliyev idi.

Tovuz hadisələrinin qarşısının uğurla alınmasının bir neçə obyektiv və ciddi göstəricisi vardır ki, onlar da Ali Baş Komandan kimi İlham Əliyevin məqsədyönlü, Azərbaycanın milli maraqlarına yönəlmiş fəaliyyətinin kimsə tərəfindən inkar edilməsi mümkün olmayan nəticələridir.

Ən başlıca göstərici heç şübhəsiz ki, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, Azərbaycanın söz sahibinə çevrilməsi, onun qüdrətinin artmasıdır. Doğru-düzgün seçilən siyasət Azərbaycanın dünya dövlətləri arasında layiqli yer tutmasına yol açıb. Bu gün Azərbaycan dünyada mövcud olan bütün obyektiv çətinliklərə baxmayaraq sürətlə və davamlı şəkildə inkişaf edən bir ölkədir. Bu inkişafın memarı isə dövlətin rəhbəri və Ali Baş Komandanı İlham Əliyevdir. Elə Tovuz hadisələrindən sonrakı çıxışlarının birində Azərbaycanın güclü dövlətçiliyə malik olması haqqında Prezident İlham Əliyev belə deyirdi: “Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü iqtidarı var, Azərbaycan iqtidarının güclü iradəsi var və ən önəmlisi xalqın dəstəyi var. …Bu gün Azərbaycan həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm mənfur qonşu ilə mübarizədə çox böyük bir gücə çevrilib. Bunu biz yaratmışıq, Azərbaycan xalqı yaradıb. Bu gün xalq-iqtidar birliyi Azərbaycanda sabitliyin inkişafının əsas şərtidir. … Bu günə qədər bizim bütün addımlarımız uğurlu olub – istər döyüş meydanında, istər siyasi müstəvidə, istər daxili vəziyyətlə bağlı, iqtisadi və digər sahələrdə”.

İndi Azərbaycan müstəqil və ardıcıl siyasət yeridən, dünya dövlətlərinin hesablaşdığı və dünya təhlükəsizliyinin təmin edilməsində özünəməxsus rolu olan bir dövlətdir. Azərbaycan öz inkişafının bütün parametrləri ilə müstəqilliyini miskin və mağmun bir duruma çevirən Ermənistanı xeyli dərəcədə qabaqlamaqdadır. Yalnız onu demək kifayətdir ki, İlham Əliyevin prezident seçildiyi 2003-cü ildə respublikanın dövlət büdcəsi 1,5 milyard ABŞ dolları olduğu halda, bu gün həmin büdcə 25 milyard dollara çatıb, dövlətin valyuta ehtiyatları isə 51 milyard dolları ötüb.

Tovuz hadisələrində qazanılan uğura yol açan göstəricilərdən biri də sözsüz ki, iqtidar-xalq birliyinin real qüvvə kimi Ermənistanın hərbi-siyasi rəhbərliyinə qarşı güclü zərbəyə çevrilməsi idi. Bu hadisələrin başlaması ilə Azərbaycan xalqı dövlət rəhbərliyinə qarşı dünyanı heyrətə gətirəcək bir həmrəylik nümayiş etdirdi və xalq Vətən torpaqlarının müdafiəsi üçün nəinki Ali Baş Komandanının yanında olmağa, hətta onun bir əmri ilə cəbhəyə yollanmağa hazır olduğunu ortaya qoydu. Bununla Vətənin müdafiəsi məsələsində Ali Baş Komandan-xalq vəhdətinin əyaniliyinə Azərbaycanın dostları da, düşmənləri də şahid oldular. Dünya təcrübəsi də göstərir ki, Vətənin müdafiəsi baxımından iqtidar-xalq birliyi son dərəcə vacibdir. Çünki xalq təkcə müharibə ehtiyaclarını ödəyə biləcək bir qüvvə deyil, həm də Vətənin müdafiəsini öz üzərinə götürmüş ordunun ilham mənbəyidir. Xalqın mübariz iradəsinin üzə çıxarılması və onun məqsədyönlü şəkildə yönləndirilməsi isə Ali Baş Komandanın təşkilatçılıq fəaliyyətinin mühüm istiqamətlərindən biridir. Dövlət rəhbərinin, Ali Baş Komandanın təşkilatçılıq məharəti ilə xalqın mübariz əhval-ruhiyyəsini coşduraraq onu Vətənin müdafiəsinə yönləndirmək də olar, düzgün qurulmayan təşkilatçılıq işi ilə xalqın mübariz əhval-ruhiyyəsini məhv etmək də olar. Tovuz hadisələri dövlət rəhbərinin öz fəaliyyətində, xüsusən Vətənin müdafiəsində xalqa dayaqlanmağın, ağır gündə xalqla bir yerdə olmağın yeni bir nümunəsini göstərdi. Prezident İlham Əliyev özünün son çıxışlarında bu birliyi belə dəyərləndirirdi: “Bizim hərbi qələbəmizi qeyd etmək üçün minlərlə insan küçələrə çıxdı, minlərlə insan dövlətə, orduya dəstək göstərdi. Bu gözəl mənzərə vətəndaş həmrəyliyinin bir rəmzi idi. … son günlər ərzində baş vermiş toqquşmalar və qanlı döyüşlər Azərbaycan dövlətinin, ordusunun gücünü, xalqla iqtidar arasındakı birliyi bir daha göstərdi. …Bu gün xalq-iqtidar birliyi Azərbaycanda sabitliyin inkişafının əsas şərtidir. …Dünən bir qrup vətənpərvər insan bu işlərə öz münasibətini bildirmək, Azərbaycan Ordusuna və Ali Baş Komandan kimi mənə öz dəstəyini ifadə etmək üçün Şəhidlər xiyabanına üz tutdu. Mən bu vətənpərvər addımı alqışlayıram. Mənə verilən məlumata görə, bu insanlar uzun məsafəni piyada qət edib və Şəhidlər xiyabanına gedən müddət ərzində vətənpərvər şüarlar səsləndiriblər – mənim haqqımda, ordumuz haqqında, xalqımız haqqında, Qarabağ haqqında. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı ağır günlərdə bir nöqtəyə vura bilir. Bu, xalq-iqtidar birliyini göstərən daha bir mənzərə idi”.

Tovuz hadisələri zamanı tarixi zəfərin əldə edilməsinin bir göstəricisi də heç şübhəsiz qüdrətli Azərbaycan Ordusunun mövcudluğudur. Qəfil şəkildə haqlanmasına baxmayaraq, qısa zaman ərzində toparlanan və düşmənə sarsıdıcı zərbə endirməyə qadir olan belə bir ordunun yaradılması İlham Əliyevin Ali Baş Komandan kimi bütün prezidentliyi dövründə xüsusi diqqət göstərdiyi sahələrdən biridir. İstənilən cəmiyyət daxilində mövcud olan çoxlu sayda ictimai, siyasi, mədəni, kütləvi və s. strukturlar içərisində heç bir struktur ordu qədər mərkəzləşdirilmiş rəhbərliyə ehtiyac duymur. Yalnız güclü dövlət və güclü mərkəzləşdirilmiş rəhbərlik olan yerdə güclü ordu yaratmaq mümkündür. Belə güclü dövlətin və mərkəzləşdirilmiş rəhbərliyin təmsilçisi isə Ali Baş Komandandır. Doğru-düzgün və real hədəflərin müəyyənləşdirilməsi və ölkə potensialının planlı şəkildə bu hədəflərin icrasına yönləndirilməsi indi Azərbaycan Ordusunu dünyanın ən güclü orduları sırasına yüksəldib. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş yeni Azərbaycan Ordusunun bugünkü səviyyəyə çatmasının memarı isə heç şübhəsiz ki, Ali Baş Komandan İlham Əliyevdir. Onun əsas tutduğu siyasət əsasında Azərbaycan Ordusu dünyanın ən müasir silah və hərbi texnikası ilə təchiz edilən, infrastruktura mənzərəsi tamamilə dəyişən, döyüş hazırlığı ən yüksək tələblər səviyyəsinə qaldırılıb.

Azərbaycan Ordusunun sürətli inkişafını və Vətənin müdafiəsi üçün veriləcək bütün tapşırıqların icrasına qadir olmasını İlham Əliyev öz çıxışlarında dönə-dönə qeyd edib və Ali Baş Komandan kimi onun hazırlıq səviyyəsini yüksək qiymətləndirib. Tovuz hadisələrinin yekunlarına aid etdiyi çıxışlarında da Azərbaycan Ordusu Ali Baş Komandanın ali qiymətinə layiq görülmüşdü. “… Bu gün biz güclü ordu yaratmışıq. … Bir daha demək istəyirəm ki, Azərbaycan Ordusu bu gün istənilən vəzifəni icra edə bilər. …Son günlər ərzində Azərbaycan Ordusu bir daha öz üstünlüyünü göstərdi. Mən hesab edirəm ki, bu əməliyyatın Azərbaycan Ordusunun şanlı tarixində öz yeri olacaq. … Azərbaycan Ordusu Ali Baş Komandan tərəfindən verilən bütün tapşırıqları şərəflə yerinə yetirir. Mənim dövrümdə bir dəfə də olmayıb ki, tapşırıq verilsin, yerinə yetirilməsin. Yerinə yetirilib”.

Azərbaycan Ordusu öz gücünü və qüdrətini 2016-cı ilin aprelində Ermənistanın hərbi qüvvələrinin təxribatının qarşısının alındığı zaman və 2018-ci ilin mayında Naxçıvanın Günnüt kəndi ətrafındakı torpaqları erməni işğalından azad edərkən artıq əyani şəkildə nümayiş etdirib. Ali Baş Komandanın yuxarıdakı fikirlərində də buna bir işarə vardır. Həmin uğurları İlham Əliyev Azərbaycanın hərb tarixinin şərəfli səhifəsi kimi qələmə verirdi. 2020-ci il iyul ayının 12-15-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində baş verən hadisələr zamanı isə Azərbaycan Ordusunun bölmələri tamamilə yeni bir keyfiyyət ortaya qoydular. Ordunun komandir və zabit heyətinin yüksək peşəkarlığı, təşəbbüskarlığı və çevikliyi Ali Baş Komandan tərəfindən verilən tapşırıqların tam şəkildə yerinə yetirilməsinə yol açdı. Qısa müddət ərzində bölgədəki hərbi qüvvələr bu təcavüzün qarşısının alınmasına səfərbər olundular, Azərbaycan Ordusunun malik olduğu müasir hərbi texnika çox dəqiqliklə işə salındı. Xüsusilə pilotsuz uçuş aparatları Ermənistanın istər sərhəd boyu, istərsə də Ermənistanın dərinliklərində olan hərbi obyektlərini darmadağın etdi, təcavüzkara ağır itki verildi. Erməni hərbi qüvvələrinin ələ keçirməyə çalışdığı ərazilər geri qaytarıldı və düşmənə bu bölgədə bir qarış da olsa torpaq verilmədi.

Tovuz hadisələrinin yekunları ilə bağlı çıxışlarından birində İlham Əliyev ordunun komandir heyətinin, Müdafiə Nazirliyinin rəhbərliyinin Ermənistanın hərbi təcavüzünün qarşısının alınması üçün göstərdikləri xidməti fədakarlığa öz münasibətini belə bildirirdi: “…Bizim şanlı ordumuz, bizim əsgərlərimiz, zabitlərimiz, hərbi komandirlərimiz bu günlər ərzində gecə-gündüz yatmadan iş başındadırlar. Mən Müdafiə nazirinə, Baş Qərargah rəisinə nə vaxt zəng edirəmsə, iş başındadırlar – gecə, səhər saat 7-də, axşam saat 10-da, gecə saat 2-də. Biz böyük qələbə qazanmışıq”.

Tovuz hadisələri zamanı şəhid olan hərbçiləri isə İlham Əliyev nisgilli duyğularla yad edirdi, onların qəhrəmanlığını gənc nəsil üçün örnək sayırdı. Bu da əslində, Ali Baş Komandan tərəfindən Vətən müdafiəçilərinə göstərilən qayğının bir nümunəsi idi. Bununla İlham Əliyev həm də onu anladırdı ki, Vətənin müdafiəsi yolunda canını fəda edənlər heç zaman unudulmayacaqlar. Əksinə, Azərbaycan xalqı haqlı olaraq onlarla fəxr edəcəkdir: “General Polad Həşimov, polkovnik İlqar Mirzəyev həlak olmuşlar. Onların həyatı, torpaq, Vətən uğrunda göstərdikləri şücaət, qəhrəmanlıq hər bir gənc üçün nümunə olmalıdır. Biz fəxr edirik ki, Azərbaycan xalqı, Azərbaycan torpağı belə övladlar yetişdirib”.

Prezident İlham Əliyev onu da bəyan edirdi ki, ordunun inkişafı və möhkəmləndirilməsi üçün Ali Baş Komandan kimi o, gələcəkdə də lazım olan tədbirləri həyata keçirəcəkdir: “Ordumuz üçün nə lazımsa, biz edirik və edəcəyik”. Belə bir davamlı siyasət, əslində, xalqın və dövlətin milli maraqlarından və istəyindən irəli gəlməkdədir. Çünki indi bütün xalq da görür ki, Azərbaycanın müstəqilliyinə qarşı yönəlmiş çağırışların qarşısının alınmasının etibarlı yollarından biri məhz Azərbaycan Ordusunun daha da gücləndirilməsidir.

Tovuz hadisələrinin qarşısının alınması zamanı tarixi zəfər əldə edilməsinin bir göstəricisi də Ali Baş Komandan kimi İlham Əliyevin şəxsi idarəçilik və təşkilatçılıq keyfiyyətləridir. Ali Baş Komandanın vəziyyətə nəzarəti dərhal öz əlinə alması, baş verən təcavüzün aradan qaldırılması üçün soyuqqanlılıq nümayiş etdirməsi, vaxtında zəruri olan göstərişləri verməklə qətiyyət göstərməsi, verdiyi əmrlərin icrasına nail olması çox tezliklə vəziyyətin sabitləşdirilməsinə, şəhid olmuş hərbçilərin qisasının alınmasına, başlıcası isə dövlət sərhədinin Azərbaycan hissəsinin bütünlüklə nəzarət altına götürülməsinə yol açdı. “Dərhal mən bütün müvafiq göstərişlər verdim. Azərbaycan Silahlı Qüvvələrinə göstəriş verdim ki, hərbçilərimizin intiqamı alınmalıdır, onların qanı yerdə qalmamalıdır və düşmənə elə bir zərbə endirilməlidir ki, onu uzun illər bundan sonra yaddan çıxarmasın. … görülmüş operativ tədbirlər nəticəsində Ermənistan ordusu layiqli cavabını aldı. Onlara sarsıdıcı zərbələr endirildi və bu zərbələr əminəm ki, onlara yaxşı dərs oldu”.

İlham Əliyev Ali Baş Komandan kimi yalnız ordu qüvvələrinin qisas döyüşlərinin keçirilməsini nəzarət altına götürmədi. O, eyni zamanda, Prezident Administrasiyasının müvafiq şöbələrinə, Nazirlər Kabinetinə, aidiyyəti qurumlara lazımi göstərişlər verdi, dövlətin gücünü baş verən erməni təcavüzünün qarşısını almağa səfərbər etdi. Bu hadisələrin nəticəsi də artıq göstərir ki, Ali Baş Komandan döyüş xəttində təşəbbüsün ələ alınması və Ermənistanın hərbi-siyasi rəhbərliyinin yerində oturdulması üçün zəruriliyi və səmərəliliyi şübhə doğurmayan qərarlara əl atdı.

Dünya hərb təcrübəsi birmənalı şəkildə onu deməyə əsas verir ki, müharibə şəraiti yalnız ordu üçün, ölkə üçün, xalq üçün ağır sınaq deyil. Bu şərait həm də ölkənin Ali Baş Komandanının idarəçilik qabiliyyətinin sınağıdır. Çünki xalqın da, ölkənin də, ordunun da potensialı son nəhayətdə Ali Baş Komandanın idarəçilik məharəti ilə öz səmərəsini verir. Gözlənilməz hadisələr, hərbi şəraitdə baş verən kəskin dəyişikliklər bir çox hallarda qeyri-adekvat qərarlar qəbul edilməsini və onun icrasına da fərqli yanaşılmasını tələb edə bilər. Belə anlarda Ali Baş Komandanın təşkilatçılıq keyfiyyətləri önə çıxır ki, məhz bu keyfiyyətlər çoxlarının gözləmədiyi, çoxlarının inana bilmədiyi, çoxlarının duya bilmədiyi qərarların və idarəetmə təcrübəsinin meydana gəlməsinə yol açır. Yəni müharibə şəraitində o halda uğur əldə etmək olar ki, qəbul edilmiş qərarlarda ən kiçicik risklərə belə yer verilməsin və bununla da hərbi uğurun əldə edilməsi üçün etibarlı baza yaradılsın.

Müharibənin aparılması ilə bağlı düzgün və dəqiq qərar qəbul edilməsinin nə dərəcədə məsuliyyətli bir iş olduğunu əyaniləşdirmək üçün hərb filosofu Klauzvits dünyanın tanınmış sərkərdəsi Napoleonun bir deyiminə istinad edirdi. Napoleon deyərmiş ki, müharibə qərarının verilməsinə və müharibənin aparılmasına o qədər amillər təsir göstərir ki, yalnız bu amillərin sayını müəyyənləşdirmək üçün Nyuton kimi bir riyaziyyatçıya ehtiyac vardır. Kaluzevits sonra onu da əlavə edirdi ki, bu sonsuz sayda amillərin arasından ən düzgün seçimi edə bilmək və həmin seçimin ən səmərəli həllinə nail olmaq Ali Baş Komandandan böyük zəka, duyum və fədakarlıq tələb edir. Belə olmasa döyüşdən qalib çıxmaq da mümkün olmaz. İlham Əliyev də Ali Baş Komandan kimi məhz belə keyfiyyətlərə malik olduğu üçündür ki, Ermənistanın və onun havadarlarının çox uzaqlara hesablanmış məkrli planlarının icrasının qarşısını uğurla almaq mümkün oldu.

Tovuz zəfərinə aparan yol da Ali Baş Komandanın düzgün rəhbərliyindən və onun qəbul etdiyi düzgün qərarlardan başladı. Bu zəfəri həm də böyük qələbənin ərəfəsi saymaq olar. Həmin günün daha yaxında olduğunu isə Ali Baş Komandanın bəyanatlarından da hiss etmək mümkündür. Bu bəyanatlar həm də onu əminliklə deməyə imkan verir ki, böyük zəfərin addım-addım yaxınlaşdırılması, Azərbaycan bayrağının işğal olunmuş ərazilərə sancılması üçün Ali Baş Komandanın uğuru şübhə doğurmayacaq və son nəticəyə hesablanmış strateji xətti vardır: “O ki qaldı, bizim addımlarımıza, lazım olan vaxtda lazım olan addımları atırıq və atacağıq. Mən hələlik bundan artıq heç nə demək istəmirəm, hadisələri qabaqlamaq istəmirəm. Azərbaycanda hadisələri qabaqlamağı heç kimə məsləhət görmürəm. Buna ehtiyac yoxdur. Bu, zərərli ola bilər. Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Hesab edirəm ki, yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik. Son dörd il ərzində üç əməliyyat keçirilmişdir, üç toqquşma olmuşdur. Üçündə də qalib gəldik. Üçündə də bayrağımızı istədiyimiz yerə sancdıq. Üçündə də düşmənə sarsıdıcı zərbələr endirdik. Bundan artıq hələ ki, nəsə demək düzgün olmaz. …biz bilirik nə etmək lazımdır, nə vaxt etmək lazımdır və necə etmək lazımdır”.

Tovuz hadisələrindən dərhal sonra İlham Əliyevin verdiyi “Biz öz doğma torpaqlarımıza qayıtmalıyıq və qayıdacağıq” bəyanatının həyata keçəcəyi gün indi çox da uzaqda deyil. Bunu həm döyüş xətlərində, həm beynəlxalq aləmdə əldə edilən uğurlar və bir də Ali Baş Komandanın inamlı qətiyyəti deməyə əsas verir. Həmin gün heç şübhəsiz ki, Azərbaycan xalqının haqq işinin təntənəsi, Ali Baş Komandanın isə zəfər günü olacaqdır.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …