O, müharibəyə könüllü gedib, torpaqlarımızın azadlığı uğrunda şiddətli döyüşlərdə iştirak edib, ağır yaralanıb, on gün komada qalıb və beş medalla təltif olunub. Söhbət Vətən müharibəsi qazisi, Cəsur döyüşçü Taleh İsgəndərlidən gedir.
T.İsgəndərli əslən Laçın rayonunun Oğuldərə kəndindəndir, hazırda ailəsi ilə birlikdə Bakının Binə qəsəbəsində məskunlaşıb.
Qazi ilə müsahibə üçün evlərinə yollanırıq. Bizi Talehin atası Asif İsgəndərov qarşılayır. Üzündə Laçın boyda sevinclə “xoş gəlmisiniz” deyə bizi evə dəvət edir. Bu gün o, həm oğlunun qəhrəmanlığına, müharibədən sağ qayıtdığına, həm də işğal altında olan doğma yurdu Laçının azadlığına görə xoşbəxtdir.
İçəri daxil oluruq və bu zaman qürurlanıram, çünki bu ev təkcə daş divarlardan ibarət deyil, Qarabağı bizə qaytaran oğullardan birinin böyüyüb boya-başa çatdığı ocaqdır. Otaqlara daxil olanda gözümüz Talehi axtarır, ancaq atası deyir ki, qazimiz hələ yoldadır. Biz də o gələnə qədər atası ilə həmsöhbət oluruq. Göz yaşlarını saxlaya bilməyən A.İsgəndərov deyir ki, oğlu Laçını görmədən böyüsə də, fikrində ancaq ata-baba yurdu, o yerlərə qayıtmaq olub: “Müharibə dövründə bizdən xəbərsiz yerli səfərbərlik şöbəsinə gedərək qeydiyyata yazılıb. Öyrənəndə onu təmtəraqla döyüşə yola saldıq. Biz narahat olmayaq deyə, döyüşdüyü yeri gizlədirdi. Axırıncı dəfə bizə zəng edəndə Füzulidə idi. Qubadlıya gedəndən sonra ondan heç bir xəbər ala bilmədik. Yaralanıb Ağcabədidə xəstəxanaya gələndən sonra bizə zəng gəldi. Dedilər yaşayır, amma inanmırdıq, düşünürdük ki, şəhid olub. Çünki özü komada olduğuna görə, bizimlə danışa bilmirdi”.
Asif dayı kövrələ-kövrələ fikirlərini çatdırmağa çalışır. Elə söhbətimizin bu yerində qapı döyülür. Söhbətimizə Talehin qapını döyməsi ilə ara veririk. Üzündə müharibənin bütün izlərini daşıyan Talehin məğrur baxışları məni düz bir il əvvələ aparır. Sevinc və kədər dolu göz yaşlarının bir-birinə qarışdığı o günləri xatırlayıram. Müsahibəyə başlamaq üçün əyləşmək istəyəndə qəfil yadına nəsə düşür və bir kitab gətirəcəyini deyərək otaqdan çıxır. Kitabı görəndə bayaqdan mənə tanış gələn bu oğlanın kim olduğunu xatırlayıram. Onu müəllifi şəhid Şahgündüz Cabbarov olan kitabın təqdimatında görmüşdüm. Şəhidin döyüş yoldaşları ilə bir sırada əyləşmişdi.
T.İsgəndərli 1996-cı ildə Bakıda anadan olub və orta təhslini də burada alıb. 2014-cü ildə həqiqi hərbi xidmətdə olub. 2020-ci il oktyabrın 1-də Laçın hərbi komissarlığına müraciət edərək könüllü şəkildə Vətən müharibəsinə yollanıb. Döyüşlərin ilk günündən cəbhənin Füzuli, Xocavənd, Cəbrayıl və Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 20-si Qubadlı rayonu uğrunda gedən döyüşlərdə açıq kəllə-beyin travması alıb. 10 gün komada olan Talehin boyun nahiyəsindəki qəlpələrdən biri çıxarılsa da, digəri müharibənin acı xatirəsi olaraq onunla qalıb.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə T.İsgəndərli “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub. O, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə təltif edilib.
Taleh deyir ki, müharibə zamanı hər kəs xalqımızın birliyini gördü: “Döyüşdə də rütbə fərqi yox idi. Hamı bir-biri ilə qardaş idi. Mənim dayım da 54 gün Laçında mühasirədə qalıb və sağ-salamat geri qayıdıb. Mən də onun yolunu getdim. Şəhidlik uca zirvədir, ancaq heç vaxt şəhid olmaq və ya yaralanmaq barədə düşünmürdüm. Çünki mən yaralansam və ya şəhid olsam, mənə görə bir neçə nəfər döyüş meydanından kənarlaşmalı olacaqdı. Ancaq Qubadlıda gedən qızğın döyüşlərdə yaralandım. Məni döyüş meydanından çıxaran yoldaşlara minnətdaram. Bu gün burada oturmuşamsa, bu, onların sayəsindədir. Birgə döyüşdüyüm yoldaşlarımdan çoxu şəhid oldu, bu da məni xeyli sarsıtdı. İndi burada yaşasam da, özümü heç vaxt buraya aid hiss etməmişəm. Yaşadığım ev Bakıda olsa da, mənim evim o dağların qoynunda, Laçındadır”.
Qazimizin anası Gülayə İsgəndərova bildirir ki, müharibənin başlaması və orada şəhid olanların xəbərindən sonra Talehi heç bir qüvvə burada saxlaya bilməzdi: “Dedi ki, mən orada olmalıyam, döyüşə gedirəm. Döyüşdə olduğu müddətdə heç vaxt onun şəhid olacağını düşünmürdüm. Bilirdim ki, oğlum sağ-salamat qayıdacaq. Çünki tez-tez mənə deyirdilər ki, Talehi ön cəbhəyə göndərməyiblər, o, arxa cəbhədə kömək edir. Mən də inanırdım. Haradan bilərdim ki, Taleh elə ən öndə gedənlərdəndir. Taleh kiçik yaşlarından vətənpərvər olub. Hələ 3-4 yaşından döyüş həvəsində idi. Bu həvəsinə görə, xalası onun üçün hərbi paltar tikmişdi”.
Sonra çay süfrəsi arxasında əyləşib söhbət edirik. Haqqında danışılan mövzular o qədər əziz və doğmadır ki, diqqətlə qulaq asır, maraqlı bildiyim suallarıma cavab öyrənirəm. Həkəri çayından, Laçın dəhlizindən danışırıq. Asif bəy o yerlərdən danışdıqca hər dəfə kövrəlir. Söhbət zamanı operatorumuz Talehdən soruşur: “Qardaş, siz Ağdamda döyüşməmisiniz ki?” Qazinin “yox” cavabından sonra, gülümsəyərək, bizim müxbir xanım da ağdamlıdır, ona görə soruşdum, deyir. Bunu eşidən Asif bəy sevinc dolu baxışlarla mənə tərəf baxır, “gəl, ellim, burada əyləş” – deyə yanına çağırır. Bu doğma xitab məni yenidən düşünməyə vadar edir. Fikirləşirəm, bəlkə, Qarabağ heç işğal olunmasa idi, indi biz öz torpaqlarımızda məclislərdə yığışardıq. Haradasa el-oba sözlərini eşidəndə bu qədər kövrəlməzdik.
T.İsgəndərlinin söylədiyi kimi, biz illərdir o dağlara qayıtmağın həsrətində idik. Torpaqlarımızı da Qarabağa əbədi qayıtmaq, orada yaşamaq, bütün xoş günlərimizi orada qeyd etmək üçün azad etmişik. Sağollaşanda Asif bəy bizi “Qarabağda süfrə başında görüşənədək”, – deyə yola salır. Bir il əvvəl eşitsək, kədərlənəcəyimiz bu cümlələrə inamla, bir ağızdan “Amin” deyirik və dağlarda görüşənə qədər onlarla sağollaşırıq…
Video: Nərmin Bəhruzi və Vüqar Xanlarov