Çərşənbə , 19 Mart 2025
Drone Cameras

DTX Azərbaycan Ordusuna aid videomaterialları yaymış şəxsi istintaqa cəlb edib

Azərbaycan Silahlı Qüvvələrinə aid videomateriallar yaymış şəxs istintaqa cəlb edilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mətbuat xidməti məlumat yayıb. 

Qeyd olunub ki, ötən gün sosial şəbəkələrin xarici seqmentində Azərbaycanın dövlət sərhədində guya hərbi əməliyyatlar keçirilməsi ilə bağlı tədbirlərin görüldüyü iddia olunmaqla, Azərbaycan Ordusuna məxsus hərbi texnikanın hərəkəti barədə videogörüntülər yayılıb.

Faktla əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanılıb, aparılan ilkin araşdırmalar nəticəsində yayımlanmış videokadrların 27 fevral 2025-ci il tarixinə aid olduğu təsbit edilib.

Məlumata əsasən, Azərbaycan vətəndaşı, 2007-ci il təvəllüdlü Rüstəmov Səməd Bəhman oğlunun 27 fevral 2025-ci ildə Gədəbəy rayonu ərazisində Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın hərəkətinin videoçəkilişini aparmış və qanunla yayılması qadağan olunan bu videomaterialı martın 15-də özünün “TikTok” sosial şəbəkəsindəki səhifəsində paylaşması müəyyənləşdirilib. Bundan sonra, həmin videogörüntülərə sosial şəbəkələrdə fərqli dövrlərə aid videokadrlar əlavə edilməklə, həqiqəti əks etdirməyən müxtəlif xəbərlərin istinad mənbəyi olaraq nümayiş etdirildiyi müəyyən olunub.

“Görülən təxirəsalınmaz tədbirlərlə Səməd Rüstəmov saxlanılaraq istintaqa cəlb olunub, həmin videogörüntüləri çəkdiyi mobil telefon maddi sübut kimi götürülüb.

Bir daha bildirilir ki, Azərbaycan Ordusunun hərbi birləşmələri, onların dislokasiyası, yerdəyişmələri, döyüş və səfərbərlik hazırlığı, silahları, hərbi texnikası ilə bağlı videokadrların çəkilib internet informasiya ehtiyatında, o cümlədən sosial şəbəkələr vasitəsilə yayımlanması cinayət məsuliyyəti yaradır və belə əməllərə yol verən şəxslər barəsində qanunvericiliklə nəzərdə tutulmuş hüquqi tədbirlərin görülməsi təmin ediləcək”, – DTX-nın məlumatında qeyd olunub.

Check Also

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin fəaliyyət istiqamətləri genişləndirilib

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsində dəyişiklik edilib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev …