“Bloomberg” agentliyi tərəfindən hazırlanan dünyanın ən zəngin 500 insanın siyahısında yer alan biznesmenlər dünən, mayın 17-də 35 mlrd. ABŞ dolları həcmində vəsait itkisi ilə üzləşiblər.
“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, buna səbəb ABŞ Prezidenti Donald Trampın ətrafında yaranan siyasi qalmaqal olub. Belə ki, dünənki hərraclarda “Dow-Jones” və “S&P500” indeksi 1,8%, “NASDAQ” isə 2,6% azalma göstərib. Nəticədə, dünyanın ən zəngin insanı olan Bil Geyts 1 mlrd. dollar, Cef Bezos 1,7 mlrd., Amansio Orteqa isə 355 mln. dollar itiriblər. Ən çox maliyyə itkisi ilə üzləşən biznesmen isə Mark Tsukerberq olub. O, dünənki hərraclardan sonra sərvətinin 2 mlrd. dollar hissəsindən məhrum olub.