Cümə , 29 Mart 2024
Drone Cameras

Dünya ölkələri Koronavirusla mübarizədə Azərbaycan modelindən bəhrələnməlidir.

2019-cu ilin sonlarında Çinin Uxan şəhərindən başlayaraq dünyanın əksər ölkələrinə yayılan koronavirus infeksiyasının qarşısının alınması bəşəriyyət üçün ən qlobal problemə çevrilib. Bu baxımdan istər Ümumdünya Səhiyyə Təşkilatı (ÜST),istərsədə dünyanın inkişaf etmiş aparıcı dövlətləri planetimizi bu bəladan xilas etmək üçün bütün güclərini səfərbər ediblər. Artıq insan həyatı üçün son dərəcə təhlükə mənbəyinə çevrilən və çoxsaylı ölüm halları ilə müşaiyət olan koronavirus infeksiyası bəşəriyyəti təhdid edən ciddi qlobal kataklizmə çevrilib.Tarixdə ilk dəfə olaraq dünya ölkələrinin sərhəddlərini bir–birinin üzünə bağlaması,əksər ölkələrdə fövqəladə vəziyyət və ciddi karantin rejiminin tətbiq olunması faciənin nə dərəcədə ciddi və təhlükəli olması diktəsini ortaya qoyub.Təbii ki, güc birlik və həmrəylikdədir. Çin təcrübəsi onu deməyə əsas verir ki, dövlət,iqtidar və xalq arasında olan qarşılıqlı etimad və inam fəlakətdən az itki verməklə çıxmağın ən optimal variantıdır. Əgər Amerika, Avropa,İran və pandemiyanın geniş tüğyan etdiyi digər ölkələr Çin hökuməti həyacan təbili çalanda bu məsələni ciddiyə alsaydılar bu gün dünyadakı vəziyyət bu qədər acınacaqlı durumda olmazdı.

Sevindirici haldır ki, Azərbaycan dövləti Koronavirusla mübarizəyə vaxtında reaksiya verməklə ölkəmizin bu ağır fəlakətdən az itki ilə çıxmasını təmin etmək üçün bütün gücünü səfərbər etməyə müvəffəq olub. Ölkə əhalisinin həyat şəraitinin təmin olunmasını, insanların sağlamlığının qorunmasını əsas prioritetlərdən biri kimi dəyərləndirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qlobal pandemiya ilə mübarizədə təxirəsalınmaz tədbirlərin reallaşdırılmasını ən vacib amil kimi qiymətləndirərək vaxtında Nazirlər Kabineti yanında xüsusi Operativ Qərargah yaratmaqla xalqımızı və dövlətimizi bu fəlakətdən qorumağın ən düzgün və doğru yolunu ayırd etmiş oldu. İnfeksiyanın ilk yayıldğı İran və Çinlə sıx gediş gəlişin olmasına baxmayaraq ölkəmizdə aparılan tibbi maarifləndirmə, obyektiv informasiya mübadiləsi, sanitar-gigeyenik nöqteyi-nəzərdən çevik və effektiv iş mexanizminin qurulması,ən əsası isə ölkəmizə xaricdən gələn insanların vaxtında karantinə alınması və sərhədlərimizdə xüsusi rejimin tətbiq edilməsi milli təhlükəsizliyimizin qorunmasında mühüm amilə çevrildi. Bununla yanaşı güclü sosial-iqtisadi potensiala, yüksək infrastruktur təminatı və maliyyə imkanlarına malik olan qüdrətli Azərbaycan dövləti Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini və beynəlxalq təcrübəni nəzərə alaraq, əhalinin sağlamlığının etibarlı qorunması üçün həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da genişləndirib. Ölkəmizdə bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması,ictimai nəqliyyatın, restoran,kafe və obyektlərinin, ticarət mərkəzlərinin müvəqqəti bağlanması, vətəndaşlar üçün ciddi karantin rejiminin tətbiq edilməsi və onlara ciddi riayət edilməsi üçün nəzarət mexanizminin formalaşdırılması möhtərəm prezidentimizin indəyədək xalqımız və dövlətimizin xoş gələcəyi naminə həyata keçirtdiyi məqsədyönlü siyasətinin məntiqi davamıdır.Məhz bu gün aparılan düzgün siyasətin nəticəsidir ki,Azərbaycan koronavirusun ən az yayıldığı ölkələrdən biridir.
Bu baxımdan möhtərəm Prezidentimiz İlham Əliyevin və Azərbaycanın Birinci Vitse Prezidenti Mehriman Xanım Əliyevanın xalqımıza müraciətləri cəmiyyətimiz və insanlarımız tərəfindən böyük anlaq və rəğbətlə qarşılanaraq,hamını bu təhlükəyə qarşı səfərbər etdi.Bu çağırış həmçinin prezident və xalq arasında mövcud olan qarşılıqlı hörmət və sevginin senerjisinə çevrilməklə ölkəmizi ona yaxınlaşmaqda olan təhlükədən xeyli uzaqlaşdırmış oldu. Təqdirə layiq haldır ki, xalqımız həmişə olduğu kimi bu məsələdə də dövlətin çıxartdığı qərarlara anlaqlı şəkildə yanaşdı,mövcud təhlükəyə qarşı iqtidarla həmrəylik nümayiş etdirdi. Düşünürəm ki, bu baxımdan infeksiyanın daha çox yayıldığı ölkələr koronavirusla mübarizədə Azərbaycan modelindən istifadə etməklə,bu təhlükədən az itkiylə çıxmağa nail ola bilər.
Bir məqamıda xatırladım ki, Azərbaycan koronavirusa qarşı mübarizəyə MDB və Avropa ölkələrindən fərqli olaraq daha tez başladı və bu sahədə təxirə salınmaz tədbirlər həyata keçirtməklə mütəşəkkillik nümayiş etdirdi.Bu baxımdan bizə dost və qardaş ölkə olan Ukraynada vəziyyət o qədərdə ürək açan deyil .Əvvala Ukrayna Avropa ilə sərhəddə yerləşdiyi üçün koronavirus infeksiyasının yayılma təhlükəsinə görə ən riskli ölkə hesab edilir. Bu gün İtaliya, Almaniya, İspaniya kimi inkişaf etmiş ölkələrdəki ağır durumu nəzərə alsaq, Ukraynanın hazırkı vəziyyətini başa düşmək o qədərdə çətin deyil. Əslində Ukrayna dövləti bu infeksiyanın qarşısının alınmasında son dərəcə çətinlik çəkir.Çün ki, Ukrayna bu virusa qarşı mübarizəyə Azərbaycandan fərqli olaraq xeyli gec başladı.Bu arada avropadan gələn insanlar karantinə alınmadan ölkəyə buraxıldı ki,bu da infeksiya daşıyıcılarının nəzarətdən çıxmasına səbəb oldu. Azərbaycan bu baxımdan vaxtında və həlli vacib olan ciddi tədbirlər həyata keçirtdi.Prosesi nəzarətə götürməklə nümunəvi addım atdı.Düzdü Ukrayna dövləti də bu infeksiyanın geniş vüsət almaması üçün bütün gücünü səfərbər edib. Artıq 20 gündür ölkədə ciddi karantin rejimi elan olunub. Banklar, ərzaq mağazaları və bir sıra vacib istehsal müəssisələri istisna olmaqla bütün ticarət və iaşə obyektlərinin fəaliyyətinə ilkin etapda aprel ayının 24-dək qadağa qoyulub. Metro, avtobus və digər ictimai nəqliyyatın hərəkəti dayandırılıb.
Nəzərinizə çatdırım ki, Ukrayna ilə Avropa arasında şengen vizası ləğv olunduqdan sonra 10 minlərlə insan əmək miqrantı kimi Avropanın müxtəlif ölkələrinə üz tutublar.Hazırda on minlərlə Ukrayna vətəndaşı evlərinə dönmək üçün Avropa sərhəddlərində lövbər salıblar.Ukrayna hökuməti bu qədər insanın karantinə alınmasının mümkünsüz olduğunu elan edərək sərhədlərini öz vətəndaşlarının üzünə qapadıb. Ukraynanın səhiyyə naziri bəyan edib ki, bu qədər insanın ölkəyə karantinsiz daxil olması qarşısıalınmaz faciə və fəlakətə gətirib çıxara bilər. Ukrayna dövləti indiki dönəmdə, sərhədlərdə qalan vətəndaşlarının ölkəyə gətirilməsi və onların karantinə alınması üçün bütün gücünü səfərbər edib. Bununla bağlı ölkənin 15 vilayətində fövqəladə vəziyyət elan olunub. Xaricdə olan vətəndaşların karantinə alınması üçün lokal çadır şəhərcikləri salınır.
Bir məqamıda xüsusi vurğulamaq istəyirəm ki,Ukraynada yaşayan azərbaycanlılar da koronavirusla bağlı mübarizədə həmrəylik nümayiş etdirirlər. Hamı imkan daxilində tətbiq olunmuş qadağalara əməl etməyə çalışır. Demək olar ki, əksər soydaşlarımız vaxtlarını evlərində keçirirlər. Ailəni və uşaqları bu təhlükəli virusdan qurtarmağın ən mühüm yolunu evdən çölə çıxmamaqda görürlər. Bu gün hər bir insan özünü qorumaqla ailəsini, doğmalarını, ətrafını, nəhayət, yaşadığı cəmiyyəti bu bəladan qorumuş olur.Bizdə tanıdığımız ,bildiyimiz həmvətənlərimizlə mütamadi əlaqə saxlayır,mövcud durumu müzakirə edirik.
Bildiyiniz kimi, mövcud durumla bağlı təyyarə reyslərinin təxirə salınması Ukraynada müvəqqəti yaşayan soydaşlarımızın, xüsusən də azərbaycanlı tələbələrin vətənə qayıtması üçün böyük problemlər yaradıb.Bu məsələni tənzimləmək və vətəndaşlarımızın müvəqqəti olaraq yerləşdirilməsi üçün Azərbaycanın Ukraynadakı səfirliyi müvafiq tədbirlər həyata keçirir. Hazırda Ukraynanın müxtəlif vilayət və şəhərlərində 500 nəfərdən çox insan ölkəmizə qayıtmaq üçün Azərbaycan səfirliyində qeydiyyatdan keçib. Xarkov və Sumı şəhərlərində də bir necə azərbaycanlı tələbə və həmvətənlərimiz var ki, vətənə qayıda bilmirlər. Təbii ki,onlara Azərbaycanın Xarkovdakı Konsulluğu tərəfindən istənilən maddi və mənəvi dəstək verilir.Bununla bağlı Fəxri Konsulluqda qaynar xətt yaradılıb. Bu çətin dönəmdə hər hansı problemlə üzləşən söydaşlarımıza lazımi yardımın göstərilməsində əlimizdən gələn köməkliyi əsirgəmirik.Hazırda Vətənə gedə bilməyən bir neçə ailəni müvəqqəti evlə təmin etmişik Bu işdə Azərbaycan diaspuruda yaxından iştirak edir.Bundan əlavə Azərbaycanın Xarkovdakı Konsulluğu olaraq vilayətin mərkəzi klinik xəstəxanalarına da maddi yardım göstəririk.
Düşünürəm ki, Azərbaycan və Ukrayna prezidentlərinin rəhbərliyi ilə aparılan mübarizə tədbirləri xalqlarımızı və ölkələrimizi bu bəladan çox az itki ilə çıxaracaq. Buradan hər iki xalqın nümayəndələrinə müraciət edərək demək istəyirəm ki, bizim sağlam gələcəyimiz güclü iradəmizdən asılıdır. Bu baxımdan dövlətlərimizin tətbiq etdiyi qaydalara ciddi əməl etməklə ailələrimizin və insanlarımızın təhlükəsizliyinə xidmət etmiş olarıq.
Əfqan Salmanov Azərbaycanın Xarkovdakı Fəxri Konsulu, İqtisad elmlər üzrə fəlsəfə doktoru.

Check Also

Əfsanəvi “Eloğlu Yusif”…

“Eloğlu Yusif”—Kazımov Yusif Əli oğlu…(1924-1988) O, 1924-ci ildə Salyan rayonunda “naxırçı Əli”-nin ailəsində dünyaya göz …