Bazar , 19 May 2024
Drone Cameras

Dünyada qloballaşma gedir və bir sıra yeni innovativ, modern ixtisaslar yaranır – Tarixçi alim Arzu Abdullayev

Naxçıvan Dövlət Universiteti nəinki ölkəmizin ali məktəbləri, həm də dünya universitetləri sistemində yüksək nüfuzu, hərtərəfli inkişafı, yüksəkixtisaslı kadrların hazırlanması sahəsindəki fəaliyyəti ilə tanınır. Təsadüfi deyildir ki, Naxçıvan Dövlət Universiteti bir sıra sahələr üzrə ali təhsil müəssisələri arasında öncül yerləri tutmuş, onun fəaliyyəti təqdir olunmuş, klassik universitetlərlə müqayisə edilmiş, regionun elm və təhsil mərkəzlərindən biri kimi nüfuz qazanmışdır. Universitetdə inkişaf etmiş ali təhsil müəssisələri üçün xarakterik sayılan bütün struktur bölmələr yaradılmış, ilk dəfə burada müxtəlif yeniliklər tətbiq olunmuş və onların səmərəli fəaliyyəti təmin edilmişdir. Bunu universitetin istər beynəlxalq əməkdaşlıqlarının daha dinamik olaraq davamlılığında, iqtisadi, sosial, tibbi və digər mövzular üzrə ortaq elmi araşdırmaların uğurla həyata keçirilməsində, elmi konfransların təşkil olunmasında, eyni zamanda daha mütərəqqi layihələrin reallaşmasında daha açıq şəkildə görmək olar. 


Naxçıvan Dövlət Universiteti 3 ildir ki, Böyük Britaniyanın “Times Higher Education”, “Impact Rankings” reytinq cədvəlində dünyanın ən yaxşı universitetləri arasında yer alır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda Naxçıvan Dövlət Universitetinin də qarşıdakı mərhələlər üzrə perspektivləri müəyyən olunub. Universitetin tədris imkanlarının daha da etibarlı qaydada olmaqla şaxələndirilməsi, ixtisaslaşma proseslərinin təkmilləşməsi və ali məktəblərarası qarşılıqlı əməkdaşlıqlar mühüm məsələ olaraq müəyyən edilib. Eyni zamanda görüləcək işlər nəticəsində universitetlə digər ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlıqların gücləndirilməsi, birgə proqramların təşkil olunması, həmçinin ali təhsil müəssisələrində yeni məzmunlu proqramların reallaşması üzrə layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Qarşıya qoyulmuş əhəmiyyətli məsələlərdən biri də Naxçıvan Dövlət Universitetində ingilisdilli Tibb fakültəsinin, tibbi tədqiqat klinikasının yaradılmasından ibarət olacaqdır. İnkişafın hazırkı mərhələsində Naxçıvan Dövlət Universitetinin fakültələri üzrə tədrisi ingilis dilində olmaqla fənlərin tədrisinə başlanılıb və uğurlu nəticələr qazanılıb. Burada tibb sahəsindəki ixtisaslaşmanın da beynəlxalq təcrübəyə inteqrasiya olunması aktuallıq kəsb edəcəkdir. Belə ki, ali məktəbimiz tərəfindən 2023-2024-cü tədris ilindən etibarən ingilisdilli Tibb ixtisasına tələbə qəbulu elan edilib.


Dünyada qloballaşma gedir və bir sıra yeni innovativ, modern ixtisaslar yaranır. Bununla bərabər, ənənəvi ixtisaslar da qloballaşmanın bir hissəsinə çevrilir. İngilis dili artıq dünyanın əsas dillərindən biri kimi istifadə olunur. Təhsil ingilis dilində aparılan fakültələrin məzunları üçün gələcək iş perspektivləri daha asan, rahat olur. Onların işlə təmin olunma prosesləri çox sürətlə gedir. Belələri nəinki Azərbaycan sferasında, o cümlədən beynəlxalq şirkətlərdə, xarici ölkələrdə də işlə təmin edilmək imkanına sahib olurlar. Eyni zamanda ingilis dilində təhsil alan tibb tələbələrin bu ixtisas üzrə Avropanın müxtəlif universitetləri ilə ikili diplom layihələrini həyata keçirməyə, mübadilə proqramları əsasında xarici ölkələrdə təhsil almalarına, tədqiqat aparmalarına geniş imkanlar yaradılacaq. 

Arzu Abdullayev

Naxçıvan Dövlət Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru 

Check Also

Fədakar qələm adamı

Həyatını, yaradıcılığını xalqının səadətinə həsr eləyən insanlar təmənnasız olurlar. Gözü, könlü toxluq mənəviyyat adamlarının səciyyəvi …