Cümə , 17 May 2024
Drone Cameras

Ekspert: “Qarabağın bərpası üçün Avropa ölkələrinin təcrübəsini düşünürük”

“Azərbaycanın Avropa ittifaqı (Aİ) ilə iqtisadi əlaqələri ölkəmizin müstəqillik qazandığı dövrdən yaranıb. Xüsusən “Əsrin müqaviləsi”ndə Avropanın inkişaf etmiş ölkələrinin – İtaliya, Fransa və Böyük Britaniya şirkətlərinin yaxından iştirakı, onların Azərbaycanın neft sektoruna qoyulan investisiyalarda əsas rol oynaması, ümumiyyətlə isə ölkəmizə ilkin xarici kapitalın cəlbində böyük rol oynaması tarixi həqiqətdir”.

Bunu “Report”a açıqlamasında Azərbaycanla Aİ arasında iqtisadi münasibətləri şərh edən iqtisadçı-ekspert Xalid Kərimli deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanın ixracında Avropanın böyük payı var: “Azərbaycanın əsas ixrac məhsulları olan neft-qaz və neft məhsullarının əksər hissəsi Avropaya gedir. O cümlədən neftimizin əsas hissəsi İtaliya üzərindən Avropaya yayılır. TANAP və TAP layihəsinin icrasından sonra isə qazımız birbaşa Avropa ölkələri olan Yunanıstan, Bolqarıstan, Makedoniya, Rumıniya və bu kimi digər ölkələrə ixrac edilir”.

“Azərbaycan idxalında da Avropa ölkələri əhəmiyyətli rol oynayır. Xüsusən də maşınqayırma, texnoloji məhsulların və avtomobillərin əsas idxal olunduğu istiqamət məhz Avropa ölkələridir. Ölkəmiz daim Avropaya inteqrasiya və yüksək texnologiyanın idxalına diqqət yetirir, qitənin müsbət təcrübələrini tətbiq etməyə çalışır. Məhz bu səbəbdəndir ki, adıçəkilən beynəlxalq təşkilatın qonşu hesab etdiyi ölkələr arasında Azərbaycan da var”, – deyə X.Kərimli əlavə edib.

Onun sözlərinə görə, Azərbaycan xüsusən 2-ci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazın aparıcı ölkəsinə çevrilməkdədir: “Təbii ki, inkişafın əsas amili ölkə iqtisadiyyatının davamlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun formalaşdırılması, Qarabağın iqtisadiyyatının bərpasıdır. Burada da Avropa ölkələrinin yaxşı təcrübəsi, onların şirkətlərinin investisiyaları barədə düşünürük. İtaliya və Almaniya bu prosesdə əsas rol oynayır.

Təbii ki, münasibətlər qarşılıqlıdır və Azərbaycanın əsas brend şirkəti olan SOCAR-ın da Avropaya investisiyaları var. Son zamanlar Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu həm də alternativ enerji təchizatı ilə bağlı məsələlərdə özünü göstərir. Adıçəkilən beynəlxalq təşkilatla münasibətlərdə BTC, TANAP, TAP kəmərlərinin xüsusi rolu var. Xüsusi ilə nəzərə almaq lazımdır ki, Azərbaycan logistik əhəmiyyəti böyükdür. Azərbaycan üzərindən Avropadan Şərqə, Çinə, Mərkəzi Asiyaya və əksinə malların və yüklərin daşınmasının təşkili əsas məqsədlərdəndir. Ölkəmiz gələcəkdə də bu istiqamətdə ciddi rol oynamaq üçün səylərini davam etdirir.

Həmçinin xatırlamaq lazımdır ki, Azərbaycan Avropanın bir sıra ölkələrdə humanitar aksiyaların keçirilməsində, tarixi abidələrin bərpasında çox əhəmiyyətli rolu var. Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində bu regiondan olan əmlakların rolu böyükdür. Fondun əsas investisiya qoyduğu regionlardan biri Avropadır. Bunu adıçəkilən qurumun valyuta portfelində avronun xüsusi çəkisinin çox olması da sübut edir.

Avropadan gələn kapitalın birbaşa ölkəyə, xüsusən də azad iqtisadi zona olan Ələtə cəlb olunması Azərbaycanın əsas maraqları çərçivəsindədir. Bu baxımdan Avropa şirkətlərinin ölkə daxilində, eləcə də qeyri-neft sektorunda fəal iştirakı ölkəmizin iqtisadi müstəqilliyi üçün və iqtisadi artımın davamlılığı üçün əhəmiyyətli rol oynaya bilər”.

Check Also

Birinci Qarabağ müharibəsində itkin düşən Gülalı Dadaşovla vida mərasimi keçirilir

Birinci Qarabağ müharibəsi zamanı itkin düşən və 30 ildən sonra meyitinin qalıqları tapılan Gülalı Dadaşovla …