“Rusiya Tovuz təxribatından sonra Qazaxıstan, Türkmənistan və İranın hava məkanından istifadə etməklə Ermənistana 400 ton hərbi təyinatlı yük göndərib. Bu addım regionda sülhə və təhlükəsizliyə nəinki xidmət etmir, əksinə çox təhlükəli bir vəziyyət yaradır”.
Bu fikirləri “Yeni Tv”-nin efirində Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr, mədəniyyətlərarası dialoq və inteqrasiya komissiyasının katibi Elman Nəsirov deyib.
Onun sözlərinə görə, Rusiyanın işğalçını silah-sursatla təchiz etməsi ilk növbədə onun ATƏT-in Minsk qrupunun həmsədri statusuna uyğun gəlmir: “Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi bitərəf mövqedə dayanmalıdır. Eyni zamanda bütün dünya kimi Rusiya da Ermənistanın işğalçı olduğunu bilir. Belə olan halda işğalçını silahlandırmaq hansı məna daşıyır? Sual oluna bilər ki, Rusiya Azərbaycana da silah satır. Amma nəzərə almaq lazımdır ki, bu məsələdə həm Azərbaycanın, həm də Rusiyanın marağı var. Amma Ermənistana bu silahlar kredit və ya başqa adlar altında hədiyyə edilir. İkincisi isə bu məsələdə Azərbaycan və Ermənistanı müqayisə etmək olmaz. Azərbaycan təcavüzə məruz qalan dövlətdir və öz ərazi bütövlüyünü təmin etmək hüququ var. Ona görə bizim ayrı-ayrı dövlətlərdən silah almağımız anlaşılandır”.
E.Nəsirov qeyd edib ki, təcavüzkara silah satmaq onu şirnikləndirir: “Rusiyanın bu addımı regionda gərginliyi artırır. Bu faktiki olaraq regionda müharibə vəziyyətinə yaşıl işıq yandırmaq deməkdir. Hesab edirəm ki, Prezident İlham Əliyevin rusiyalı həmkarı ilə telefon danışığında bu məsələni gündəmə gətirməsi çox böyük siyasi məna və əhəmiyyət kəsb edir”.