“Əbəs yerə deyilmir ki, tarix heç nəyi silmir. Eyni zamanda, daim danışan, həqiqətləri ortaya qoymağa və ədalətə, beynəlxalq hüququn prinsiplərinə söykənərək münasibət bildirməyə çağırışlar edən faktlardır. Tarixi faktlara, real həqiqətlərə söykənməyən təbliğatın ömrü qısa olar. Necə ki, ermənilər tarixi saxtalaşdırmaqla himayədarlarının dəstəyi ilə “böyük Ermənistan” xülyasına düşsələr də sonda möhkəm hüquqi bazaya söykənən Azərbaycan Ordusu dövlətimizin qətiyyətli mövqeyi sayəsində 30 ilin erməni işğalına və yalanlarına son qoydu”.
Boyukmillet.com xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.
V.Rəhimzadə xatırladıb ki, dövlətimiz bu illər ərzində dünya güclərinin edə bilmədiklərini edib, ədalət və beynəlxalq hüquq deyilən məfhumların reallıqda mövcudluğunu sübut edbi və başqasının torpaqlarında gözü olanın, zaman-zaman öz çirkin niyyətinə uyğun olaraq soyqırımlar, faciələr törədənin hansı duruma düşəcəyini bütün dünyaya göstərib: “Budur, tarixi faktlara söykənən siyasətin uğurlu nəticəsi. Ermənilərin tarixin ayrı-ayrı dövrlərində törətdikləri soyqırımlar, vəhşiliklər dünyaya çox yaxşı bəllidir. Amma bir reallıq unudulur ki, işğalçıya, təcavüzkara dəstək olmaq bu siyasətin müdafiəsi anlamına gəlir. Belə olan təqdirdə etimad mühitinin mövcudluğundan danışmaq olarmı? Erməni vəhşiliyindən, dünya susmağından qalmadı. Dəhşətli Ağdaban faciəsi də bu vəhşiliklərin tərkib hissəsidir. 1992-ci il aprelin 8-də, Kəlbəcərin işğalından təqribən bir il əvvəl ermənilər bu rayonun sonrakı dövrdə işğalına şərait yaratmaq üçün Ağdaban kəndində soyqırımı törətdilər. Erməni vandalizmini təsdiqləyən bu faciə ilə bağlı statistik rəqəmlərə nəzər salaq. Erməni quldurları tərəfindən törədilmiş qırğın nəticəsində Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılmışdır. Kəndin 800-ə yaxın dinc sakininə müxtəlif növ işgəncələr verilmiş, 70-ə yaxın şəxs isə amansızlıqla qətlə yetirilmişdir. Bundan əlavə, 2 nəfər itkin düşmüş, 12 nəfər isə ağır bədən xəsarətləri almışdır. Erməni quldurları tərəfindən tarix, memarlıq və mədəniyyət abidələri dağıdılıb, müqəddəs ziyarətgah və məzarlıqlar təhqir olunaraq məhv edilib. İşğalçı Ermənistanı susduran, hər zaman aciz duruma salan bu dəhşətli faktlardır. Tarix saxtakarlığı sevməməklə yanaşı, faktların dili ilə danışır”.
Ağdaban soyqırımından 30 il ötdüyünü qeyd edən V.Rəhimzadə vurğulayıb ki, bu faciə Ermənistanın Azərbaycana təcavüzünün ən qanlı səhifələrindən biri, insanlıq əleyhinə ən böyük cinayətdir:
“Ağdaban 1993-cü ildə ikinci dəfə ermənilərin hücumuna, vəhşiliklərinə məruz qalıb. Kəndin ikinci dəfə işğalı Kəlbəcərin tamamilə zəbt olunmasına şərait yaratdı. Belə ki, Kəlbəcər hər tərəfdən mühasirəyə alınaraq 1993-cü il aprelin 3-də erməni silahlı qüvvələri tərəfindən tamamilə işğal edildi. İki ilə yaxındır torpaqlarımızın işğal deyil, işğaldan azad olunduğu tarixləri qeyd edirik. Bununla yanaşı, faciələrimizi, ermənilərin törətdikləri təxribatları, vəhşilikləri unutmur, onların dünya ictimaiyyətinə çatdırılması istiqamətində bütün səylərimizi birləşdiririk. Xalqımız daim Zəfər sevincini bizlərə yaşadan dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdarlığını ifadə edir, qanları, canları ilə tarix yazan şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Allahdan rəhmət, qazilərimizə şəfa diləyir. Şəhidlərimizin, ermənilərin törətdikləri soyqırımların qurbanlarının ruhu şaddır. Çünki, üçrəngli bayrağımız işğaldan azad edilmiş torpaqlarımızda dalğalanır”.
Vüqar Rəhimzadə
V.Rəhimzadə 44 günlük Vətən müharibəsində tarixi Qələbəmizi, Ermənistanın məğlubiyyətini təsdiqləyən 10 noyabr üçtərəfli Bəyanatının imzalanmasından sonra Kəlbəcərin, Ağdamın və Laçının boşaldılmasına diqqəti yönəldib.
O qeyd edib: “Mənfur düşmən üçtərəfli Bəyanata uyğun olaraq Kəlbəcəri noyabrın 15-də boşaltmalı idi. Lakin vaxt məhdudiyyətini əsas gətirərək Rusiyanın vasitəsilə Azərbaycandan 10 gün əlavə vaxt istədi. Azərbaycan dövləti yenə də öz humanizmini nümayiş etdirərək vaxtı noyabrın 25-dək uzatdı. Ermənilərin Kəlbəcəri tərk etmələri ilə bağlı görüntüləri izləyəndə adamı dəhşət bürüyür. Bu vandalizm bir daha Azərbaycanın 30 il hansı vəhşi ilə üz-üzə qaldığını dünyaya göstərdi. Belə ki, qanunsuz yaşadıqları əraziləri – Azərbaycan torpaqlarını tərk edən ermənilər təhlükəsiz şəkildə, atəşə məruz qalmadan rahatlıqla əşyalarını götürür, hətta evlərin dam örtüyünü, pəncərə çərçivələrini çıxarıb aparırdılar. Bununla yanaşı, yaşadıqları və yaşamadıqları evləri yandırır, meşələrə od vurur, vandallıq edirdilər. 27 il əvvəl buradan qovulmuş azərbaycanlıların evlərində yaşayan mənfur düşmən həmin evlərə od vuraraq tərk etdi. Azərbaycanlıların və ermənilərin Kəlbəcəri tərk etməsinin müqayisəsi ortada dəhşətli fərqin olduğunu üzə çıxarır. Azərbaycan tərəfi Kəlbəcərdəki erməni hərbi birləşmələrinin ərazidən çıxması üçün humanitar qaydalara tam uyğun olaraq, əvvəlcədən razılaşdırılmış müddət təyin etdi. Lakin 1993-cü ildə rayonun azərbaycanlı əhalisi oradan zorakılıqla qovulub, dağ yolları ilə, ayaqyalın, piyada şəkildə erməni təcavüzkarlarından qaçmağa çalışıb. Onların bir çoxu qırğına məruz qaldı, atəşə tutuldu, cəsədləri belə təhqir edildi. Nəticədə Kəlbəcərdə 500-dən çox dinc sakin həlak oldu, yüzlərlə insan girov götürüldü və ya itkin düşdü. Azərbaycan əhalisi özü ilə heç nə götürə bilməyib, sakinlərin bütün əmlakı işğalçı Ermənistan ordusu tərəfindən qarət olunmuşdur”.
Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan dövləti daim təbliğatını həqiqətə, faktlara söykənərək həyata keçirib, ermənilərin qəddarlığını, vəhşiliklərini əsaslı şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb: “Xocalı faciəsi, 44 günlük İkinci Qarabağ müharibəsinin getdiyi günlərdə bu faciənin davamı kimi dəyərləndirilən Gəncə, Bərdə, Tərtərdə dinc sakinlərə, evlərə endirilən raket zərbələri ermənilərin vəhşiliklərinin miqyasının geniş, ölçüyəgəlməz olduğunu təsdiqləyir. Xalqımız tam əmindir ki, insanlığa qarşı bu cinayətlər də cavabsız qalmayacaq. Necə ki, 44 gündə dünyaya səs salan “Dəmir yumruq” əməliyyatını həyata keçirib, erməni işğalına son qoyduq, ərazi bütövlüyümüzü təmin etdik, bu cinayətlərin də beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində dəyərləndiriləcəyinə, günahkarların cəzalandırılacağına nail olacağıq. Dövlət başçısı İlham Əliyevin postmünaqişə dövrünün reallıqlarının təsdiqi və qəbulu istiqamətində atdığı addımlar və onların uğurlu nəticələri göz önündədir. Keçirilən görüşlərin hər birində əsir götürülmüş, yaxud itkin düşmüş azərbaycanlılarla, həmçinin kütləvi məzarlıqlarla bağlı məsələlər gündəmdə saxlanılır, bunlarla bağlı statistik rəqəmlər, faktlar açıqlanır. Prezident İlham Əliyev aprelin 4-də İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru xanım Katrin Bombergeri qəbul edərkən birinci Ermənistan-Azərbaycan müharibəsindən etibarən 3890 nəfər azərbaycanlının itkin düşmüş hesab olunduğunu, onların bir çoxunun işgəncələrə məruz qaldığını və öldürülərək Ermənistan tərəfindən kütləvi məzarlıqlarda basdırıldığını diqqətə çatdırmışdır. Dövlətimizin başçısı bildirmişdi ki, Azərbaycan humanitar xarakter daşıyan bu məsələ ilə bağlı dəfələrlə Ermənistan tərəfinə müraciət etsə də, Ermənistan tərəfindən konstruktiv əməkdaşlıq və xoş niyyət nümayiş olunmayıb. Bu yaxınlarda Xocavəndin Edilli kəndində belə bir kütləvi məzarlığın müəyyən olunduğu, qazıntı işləri apararaq orada basdırılmış şəxslərin qalıqlarının aşkara çıxarıldığı və bu qalıqların DNT analiz təyinatlı laborator müayinələrə təqdim edildiyi xanım Katrin Bombergeriyə çatdırılmışdır”.
YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, Azərbaycan döyüş meydanında olduğu kimi, informasiya cəbhəsində də üstünlüyünü təsdiqləyir: “Dünya güclərinin hazırkı mərhələdə regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycanın göstərdiyi səyləri, Ermənistana təklif etdiyi sülh təklifini dəstəkləmələri də deyilənlərin təsdiqidir. Avropa İttifaqı və digər beynəlxalq təsisatlar dəstəyə hazır, Azərbaycanın gündəmə gətirdiyi məsələlərin müzakirəsində maraqlı olduqlarını ifadə edirlər. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin Brüsseldə iki dəfə görüşünün baş tutması da bu kimi məqamlara işıq salır. Ermənistanın dalana dirəndiyi göz önündədir. Tezliklə zaman-zaman törətdikləri faciələrə, soyqırımlara, müharibə cinayətlərinə görə beynəlxalq hüquq qarşısında cavab verəcək, layiqli cəzasını alacaq. BMT Baş Assambleyasının 1948-ci il 9 dekabr tarixli “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyasının müddəalarının icra edilməsinin zamanıdır”.