“Son 20 ildə fəaliyyətim ərzində Azərbaycana dəfələrlə səfər etmək imkanım oldu”.
Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıda Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, Prezident İlham Əliyev Azərbaycan və Türkiyə, Türk dünyası üçün etdikləri ilə adını tarixə yazıb: “Hər şeydən əvvəl Cənubi Qafqazın sabitliyi çox önəmlidir. Ölkələrimiz arasındakı əlaqələrin daha da inkişaf etdirilməsi əzmindəyik. Azərbaycan antiterror tədbirləri ilə öz suverenliyini bərpa edib. Bununla bağlı ölkənizi təbrik edirik. Bu tədbirlər zamanı həlak olanların ailələrinə başsağlığı veririk”, – Hakan Fidan qeyd edib.
Ermənistanla Azərbaycan arasında sülh istiqamətində atılan addımları dəstəklədiklərini bildirən Türkiyə XİN rəhbəri sözlərinə belə davam edib: “Son günlər Azərbaycanla Ermənistan arasındakı müsbət addımları müsbət qiymətləndirir, bu addımların davam etdiriləcəyinə ümid edirik. İki ölkə arasında münasibətlərin inkişafı Ermənistanın Türkiyə ilə əlaqələrinə də müsbət təsir edəcək”.
Hakan Fidan sözlərinə onu da əlavə edib ki, təəssüflər olsun ki, erməni diasporu bəzi ölkələri Azərbaycana qarşı yönləndirir.
Günel İbrahimova