Cümə , 22 Noyabr 2024
Drone Cameras

Erməni mediasında “azərbaycanlıların İsa bulağında kef məclisi” təxribatı…

“Bu videonu ermənilər haradasa çəkiblər və onu montaj edərək Azərbaycan cəmiyyətini qıcıqlandırmaq üçün sosial şəbəkələrdə yayıblar”

Ermənilərin Azərbaycana qarşı törətdikləri təxribatçı hərəkətlərin miqyası günü-gündən genişlənir. Onlar əllərində olan imkanlardan istifadə edərək bizə qarşı hər cür xoşagəlməzliklər törədirlər. Bu gün ermənilər torpaqlarımızı işğal altında saxlamaqla yanaşı, abidələrimizi dağıdır, onları saxtalaşdırır, həm də Azərbaycana qarşı informasiya müharibəsi aparırlar.

Bu günlərdə erməni saytlarında, eləcə də sosial şəbəkələrdə Azərbaycana qarşı növbəti erməni iyrəncliyi yer alıb. Ermənilər tərəfindən sosial şəbəkələrdə ilginc və inanılması mümkün olmayan bir video paylaşılıb. Yayılan videogörüntüdə göstərilir ki, guya bir qrup azərbaycanlı Şuşada yerləşən məşhur İsa bulağında istirahət edir və burada yeyib-içir (?). Hətta görüntülərdə o da təqdim edilir ki, “azərbaycanlı turistlər” erməni qadından araq alırlar. Onu da vurğulayaq ki, videonu müşayiət edən danışıq səsləri təmiz Azərbaycan dilində eşidilir, hətta ləhcədən bu insanların Azərbaycanın hansı bölgəsində yaşamasını da müəyyənləşdirmək mümkündür. Azərbaycan sosial şəbəkələrində də geniş müzakirə edilən bu videogörüntüdə olan insanların azərbaycanlı olmadığı məlumdur. Bildirilənə görə, bu videodakı ermənilərdir və onlar belə rəy yaratmaq istəyirlər ki, guya azərbaycanlılar çox sərbəst şəkildə işğal altında olan Azərbaycan torpaqlarına gedirlər, hətta yeyib-içmək məclisi də qururlar.

Ekspertlər qeyd edirlər ki, bu video ermənilər tərəfindən məqsədli şəkildə çəkilərək sosial şəbəkələrə və mediaya ötürülüb. Onların məqsədinə gəlincə, ekspertlər hesab edirlər ki, bu birbaşa UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakı sessiyasına qarşı bir təxribatdır. Yəni Azərbaycan tərəfi haqlı olaraq sessiyada ölkəmizin işğal altındakı ərazilərinin taleyi ilə bağlı məsələ qaldırıb və orada bir nəfər də olsun azərbaycanlının qalmadığını bildirib. Buna görə də ermənilər belə bir video yayırlar ki, guya orada azərbaycanlılar var və istədikləri vaxt işğal altındakı torpaqlarımıza gəlib-gedə bilirlər. 

Ekspertlər hesab edirlər ki, azərbaycanlılar erməni işğalı altındakı dədə-baba torpaqlarına sərbəst gedib-gəlirlərsə, bəs onda necə ola bilir ki, yaxınlarının qəbrini ziyarət etmək üçün doğma yurduna gedən Dilqəm Əsgərov və Şahbaz Quliyev hələ də erməni əsirliyində, girovluğunda saxlanırlar. Məlumdur ki, Ermənistanın bütün giriş məntəqələrində azərbaycanlı soyadlıların ölkəyə daxil olmasına qadağa qoyulduğu halda, necə olur ki, bir qrup azərbaycanlı işğal altındakı İsa bulağına gedib çıxa bilib və sərbəst şəkildə erməni qızına Azərbaycan dilində içki sifariş edir?

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videogörüntüdəkilərin azərbaycanlı olmadıqları şübhə doğurmur. Ermənilər işğal etdikləri Azərbaycan ərazilərindən əhalini qovub, etnik təmizləmə siyasəti həyata keçiriblər. Orada yalnız ermənilər yaşayırlar.

  • Akif Nağı: “UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının keçirildiyi bir zamanda belə saxta videogörüntülərin ermənilər tərəfindən sosial şəbəkələrdə yayılması…”

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı olayla bağlı “Bakı-Xəbər”ə bildirdi ki, yayılan videogörüntülərdəki şəxslər azərbaycanlılar deyil, bu insanlar ermənidirlər. A.Nağının sözlərinə görə, bu gün hansısa bir azərbaycanlının turist kimi, yaxud başqa bir şəkildə işğal altında olan Azərbaycan torpaqlarına getməsi, hələ üstəlik də orada məclis qurması, birmənalı olaraq, mümkün deyil. Yayılan videogörüntünün növbəti erməni təxribatı olduğunu deyən A.Nağının sözlərinə görə, onların məqsədi belə videolar yaymaqla Azərbaycan cəmiyyətini qıcıqlandırmaqdır. “Bu videogörüntü sosial şəbəkələrdə çox qızğın şəkildə müzakirə olunur və bununla bağlı müxtəlif fikirlər mövcuddur. Hətta bu görüntüdən depressiyaya düşənlər də olub. Bu videogörüntülər bizim cəmiyyətdə səs-küylü reaksiyalar doğurub. Ancaq bu görüntülər həqiqəti əks etdirmir və təxribatdır. Hesab edirəm ki, ermənilərin qəsdən çəkdikləri və görüntülərdəkilərin azərbaycanlılar olduğunu iddia etdikləri videogörüntü təxribat xarakterlidir. Bu görüntülərdəkilər azərbaycanlılar deyil, ermənilərin özləridir. Bu videonu ermənilər haradasa çəkiblər və onu montaj edərək Azərbaycan cəmiyyətini qıcıqlandırmaq üçün sosial şəbəkələrdə yayıblar. Erməni təxribatının qarşısının alınması üçün cəmiyyət lazımi reaksiya verməlidir. Fikrimcə, dövlət orqanları ermənilər tərəfindən yayılan bu təxribatçı video ilə bağlı araşdırmalar aparsaydılar və araşdırmaların nəticələri ilə ictimaiyyəti tanış etsəydilər, çox yaxşı olardı”.

A.Nağı, həmçinin, hesab edir ki, ermənilərin “azərbaycanlıların” İsa bulağında kef etməsi ilə bağlı təxribatçı videonu yaymaqda məqsədlərindən biri də UNESCO-nun Bakı sessiyasına qarşı təxribatçı mövqe tutmaları ilə bağlı ola bilər. “Bu gün Bakıda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçirilir. Bilirsiniz ki, sessiya öz işinə başlamamışdan əvvəl də ermənilər Azərbaycana qarşı müxtəlif təxribatçı fikirlər yayırdılar. Düşünürəm ki, onlar bu videogörüntünü paylaşmaqla dünya ictimaiyyətinin fikrini çaşdırmaq istəyirlər. Bilirsiniz ki, Azərbaycan son illər davamlı olaraq bir sıra beynəlxalq tədbirlərə evsahibliyi edir və bu tədbirlər də çox yüksək səviyyədə keçirilir. Ermənilər isə bütün beynəlxalq məsələlərdən təcrid olunublar və belə bir nüfuzlu sessiyanın Bakıda keçirilməsini qısqanclıqla qarşılayırlar. Bu sessiyada sözsüz ki, ermənilərin işğal altında saxladıqları Azərbaycan əraziləri, tarixi abidələri haqqında da danışılır. Bu da erməni saxtakarlığının, işğalçılığının növbəti dəfə ifşa olunması deməkdir. Ona görə də düşünürəm ki, UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının keçirildiyi bir zamanda belə saxta videogörüntülərin ermənilər tərəfindən sosial şəbəkələrdə yayılması Bakı sessiyasına qarşı da təxribat sayıla bilər” – deyə A.Nağı vurğuladı.

İradə SARIYEVA

Check Also

Azər Qasımlımın ölkədən çıxışına qadağa qoyulub

O, Bakı Hava Limanından xaricə buraxılmayıb Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlının ölkədən çıxışına qadağa …