Ermənistan öz vətəndaşı, mülki şəxs, 84 yaşlı Mişa Melkumyanı Azərbaycandan təhvil almaqdan imtina etməsini qeyri-adi bəhanə ilə əsaslandırıb.
Bu barədə Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir.
Ermənistanın hüquq müdafiəçisi Arman Tatoyan bildirib ki, o, Azərbaycan tərəfinin açıqlamasından sonra ölkəsinin müvafiq orqanlara sorğu göndərib. A.Tarmonyanın sözlərinə görə, alınan cavablara əsasən guya bu, Mişa Melkumyanın səhhəti ilə əlaqədar olub. Qarşı tərəf M.Melkumyanın xəstə olması ilə əlaqədar onu qəbul etməkdən imtina edib.
Hüquq müdafiəçisinin bu sözləri Ermənistan hakimiyyətinin qoca vətəndaşına qarşı qeyri-insani davranışını nümayiş etdirir. A.Tatoyanın sözlərindən belə çıxır ki, səhhətində hər hansı problem yaranan erməni artıq ölkəsi üçün lazımsız hesab edilir. Xüsusən qoca yaşlarında. Buna görə də dövlət tərəfindən qayğıya daha çox ehtiyac hiss edən Mişa Melkumyan daha ölkəsinə lazım deyil. Göründüyü kimi, Yerevan öz vətəndaşına sahib durmaq istəmir.
Sadalananlar Ermənistan hakimiyyətinin öz vətəndaşlarına münasibətdə yürütdüyü sosial siyasətin hansı səviyyədə olmasından xəbər verir. Yəni sabah səhhətində hər hansı problemin yaranacağı erməni daha Ermənistana lazım deyil. Rəsmi Yerevan bununla öz vətəndaşlarına qarşı qeyri-insani münasibətini bir daha ortaya qoydu.
Qeyd edək ki, dünən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iştirakı, ATƏT və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə 30 erməni hərbçisinin meyiti birtərəfli qaydada Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində Ermənistan tərəfinə təhvil verilib. Ermənistan tərəfi erməni mülki şəxs, 84 yaşlı Mişa Melkumyanı son anda təhvil almaqdan imtina edərək növbəti dəfə qeyri-insani davranışını nümayiş etdirib.