Qanun layihəsi 64 lehinə, 7 əleyhinə olmaqla qəbul edilib
Ermənistan parlamenti “Ermənistan Respublikasının Avropa İttifaqına qoşulması prosesinin başlanması haqqında” qanunu ikinci və yekun oxunuşda təsdiqləyib.
İkinci oxunuşda qanun layihəsi 64 lehinə, 7 əleyhinə olmaqla qəbul edilib.
“Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında” qanun layihəsinin müəllifləri Qərbpərəst “Avroreferendum” vətəndaş cəmiyyətinin üzvləridir. Onlar layihəni parlamentə təqdim etmək üçün qanunla tələb olunan 50 mindən çox imzanı toplayıblar.
Ermənistan hökuməti layihəni 2025-ci il yanvarın 9-da təsdiqləyib.
2025-ci il fevralın 12-də olan birinci oxunuşdan sonra layihənin preambulasına müəyyən dəyişiklik edilib.
Ermənistanın baş naziri Nikol Paşinyan daha öncə bildirib ki, Aİ-yə üzvlüklə bağlı qərar ümumxalq səsverməsi yolu ilə verilməlidir.
Avropa Parlamenti üzvlərinin fikrincə, Ermənistanın Aİ-yə üzvlüyü uzun zaman və səy tələb edəcək. Üzvlük yolunda Ermənistan islahatlar həyata keçirməli, ədliyyə sektorundan tutmuş, sosial sahəyə qədər ölkə qanunvericiliyini Avropa standartlarına uyğunlaşdırmalıdır.
Moskva isə daha əvvəl Yerevana xəbərdarlıq edib ki, “Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanması həm də Avrasiya İqtisadi İttifaqından çıxmaq prosesinin başlanması deməkdir”.