“Aydın məsələdir ki, Ermənistandakı son inqilab Sorosun və ona yaxın dairələrin növbəti təxribatı olub. Təsadüfi deyil ki, bu yaxında Soros Ermənistana pandemiya ilə əlaqədər 600 min dollar maliyyə yardımı edib. Əvvəlki hakimiyyətlərə nifrət olduğu kimi, bu gün də Ermənistanda Paşinyan hakimiyyətinə nifrət formalaşıb. Cənab Prezidentin bildirdiyi kimi, Sorosun əlaltıları Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müttəfiqləri ola bilməz. Onlar bu gün də gizli şəkildə bu fondlardan maliyyə alır. Ölkəmizdə də bu fond vasitəsilə zaman-zaman təxribatlar törətməyə cəhdlər edilib. Lakin bu, baş tutmayıb”.
Boyukmillet.com xəbər verir ki, bu fikirləri Trend-ə açıqlamasında siyasi ekspert Rufiz Qonaqov deyib.
O, bildirib ki, Prezident İlham Əliyevin Ermənistanın hazırki hakimiyyət dairələri ilə bağlı son açıqlaması erməniləri düşündürməlidir.
Onun sözlərinə görə, Ermənistanın hazırki baş naziri Paşinyan da daxil olmaqla indiki hakimiyyətin bir çox nümayəndələri Soros Fondunun və ona yaxın təşkilatların əməkdaşları olublar. Onlar bu kimi fondlardan və qurumlardan maliyyələşib və bu gün də bu proses davam edir.