“Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsi başlayan ilk gündən Silahlı Qüvvələrin bütün strukturlarına, o cümlədən Dövlət Sərhədi Xidmətinə (DSX) xüsusi tapşırıqlar vermişdi. Ali Baş Komandanın verdiyi bütün tapşırıqlar uğurla yerinə yetirilib”.
Boyukmillet.com -un xəbərinə görə, bunu Dövlət Sərhəd Xidmətinin Şəxsi heyət üzrə Baş idarənin rəisi polkovnik Qinyaz Qaralov Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya komitəsinin oktyabrın 22-də Qarabağ zəfərinin ildönümü ilə bağlı təşkil etdiyi konfransda deyib.
O bildirib ki, DSX-nin peşəkar zabit, gizir, əsgər heyəti tərəfindən keçirilmiş əməliyyatlar hərb tarixində yeniliklər yaradıb: “Müharibə zamanı AN-2 təyyarələrinin tətbiqi nəticəsində düşmənin zenit-raket sistemləri aşkar edilib. Bunun nəticəsində isə düşmənin müvafiq qurğuları, o cümlədən S-300 zenit-raket kompleksləri və digər texniklarının ilk gündən aşkar edilərək məhv edilməsinə nail olmuşuq. Bu vasitələrin müharibənin ilk gündən məhv edilməsi bütün qoşunun irəli getməsinə şərait yaradıb. Hesab edirəm ki, DSX-nin hərbi qulluqçuları Vətən müharibəsi zamanı üzərilərinə düşən vəzifələri ləyaqətlə və şərəflə yerinə yetiriblər”.