Adətən bir qayda olaraq terror təşkilatını terrora dəstək verən ölkə, işğalçını separatizm və təcavüzkar siyasət həyata keçirən dövlət müdafiə edər, ona dəstək nümayiş etdirər. Necə ki, zaman-zaman işğalçı Ermənistana verilən dəstəyin timsalında bunu aydın şəkildə görürük. Və bu günlərdə Kiprin yunan hissəsi də eyni yanaşma, mövqeni, işğalçıya dəstək münasibətini ortaya qoydu. Söhbət Avropa Birliyi tərəfindən ədalətsiz olaraq Kipr Respublikası kimi tanınan ölkənin xarici işlər naziri İoannis Kasoulidesin Ermənistan rəsmiləri ilə keçirdiyi görüşdə verdiyi sərsəm açıqlamalardan gedir. Məlumat üçün qeyd edək ki, İoannis Kasoulides Ermənistanın müdafiə naziri Vigen Sarkisyanla görüşü zamanı iddia edib ki, Dağlıq Qarabağ ermənilərin tarixi ərazisidir. Erməni və kiprli nazirlər görüş zamanı Şimali Kipr və Dağlıq Qarabağ məsələsini müzakirə ediblər. Xarici işlər naziri olmasına baxmayaraq xarici siyasətdən, beynəlxalq hüquq və prinsiplərdən zərrə qədər belə anlayışı olmayan İoannis Kasoulides bildirib ki, Kipr və Dağlıq Qartabağ problemini müqayisə etmək səhvdir. Kirpli nazirin sözlərinə görə, çünki Şimali Kiprdən fərqli olaraq Dağlıq Qarabağ Artsax ermənilərin tarixi ərazisidir. İoannis Kasoulides bir qədər də sərsəmləyərək Şimali Kiprin Türkiyə tərəfindən işğal olunduğunu söyləyib.
Əslində, İoannis Kasoulidesdən başqa bir fikir eşitmək də sadəlövhlük olardı. Çünki yuxarıda qeyd etdiyimiz kimi bir qayda olaraq terror, separatizm, işğalçılıq siyasəti həyata keçirən ölkələri məhz bu prinsiplərə sadiq qalan, eyni xisləti daşıyan dövlətciklər müdafiə edər, dəstək olar. Yaxın və uzaq tarixə nəzər yetirdikdə aydın şəkildə görürük ki, ermənilər azərbaycanlılara qarşı soyqırım həyata keçirdiyi kimi kiprli yunanlar da keçən əsrdə türklərə qarşı olmazın vəhşiliklərə imza atıb, qoca, uşaq, xəstə demədən minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər. Bu gün Ermənistan Dağlıq Qarabağ probleminin həlli məsələsində qeyri-konstruktivlik nümayiş etdirdiyi kimi, eynilə Yunan Kipri də Kıbrıs probleminin həllində danışıqlar prosesindən yayınır, problemin həllinə hər vəchlə maneçilik törədir. Ona görə də Kiprin yunan hissəsinin xarici işlər nazirindən (əgər ona xarici işlər naziri demək mümkünsə) belə bir açıqlama gözləmək olardı. Çünki hər iki dövlətciyin mahiyyəti, xisləti eynidir. Sadəcə, biri erməni həyasızlığı, digər isə yunan saxtakarlığı və abırsızlığıdır. Əks halda xarici siyasətdən sorumlu olan birisi beynəlxalq hüquq prinsiplərinə, ən əsası tarixə zidd fikirlər, ifadələr səsləndirməzdir.
Onu da qeyd edək ki, Kiprin yunan hissəsinin xarici işlər nazirinin Dağlıq Qarabağ problemi ilə bağlı verdiyi açıqlama Azərbaycan cəmiyyətində də ciddi əks reaksiya doğurub. İstər rəsmi, istərsə də qeyri-rəsmi dairələr tərəfindən Kiprin yunan hissəsinin xarici işlər nazirinin sərsəmləməsi kəskin tənqid edilib. Azərbaycan Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı yaydığı açıqlamada qeyd edilib ki, Kiprin xarici işlər naziri tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar səsləndirilən fikirlər Kiprin beynəlxalq hüquq, Helsinki Yekun Aktı və
digər beynəlxalq sənədlərlə üzərinə götürdüyü öhdəlikləri ilə bilavasitə ziddiyyət təşkil edir, Ermənistanın Azərbaycana qarşı təcavüz və işğal siyasətinin təşviq edilməsinə xidmət göstərir. Onun bu fikirləri ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin danışıqlar yolu ilə həlli prosesinə və regionda davamlı sülhün təmin olunması səylərinə zərər vurur.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, əgər Kipr yunanlarının naziri Dağlıq Qarabağı Ermənistana birləşdirirsə, biz niyə Kıbrıs türklərinin müstəqil yaşamaq hüququnu tanımamalıyıq?: “Yaxşı yadımdadır, rəsmi Bakı 2000-ci illərin əvvəllərində Kuzey Kıbrıs Türk Cumhuriyyəti ilə təmasların genişləndiirilməsinə qərar verdikdə, Afinadan təcili olaraq Bakıya diplomatik desant göndərildi. Bizi anlatmaq istədilər ki, KKTC-ni rəsmən tanısaq, Afina da Dağlıq Qarabağla bağlı “adekvat” addım ata bilər. O zaman rəsmilərimiz Afinanı eşitdilər. Növbə bizimdir. Bu dəfə isə bizim diplomatlar Afinaya gedib onları anlatmalıdırlar ki, əgər Kirp yunanlarının naziri İrəvanda verdiyi açıqlamaya düzəliş etməsə biz KKTC ilə bağlı yarımçıq saxlanılan işi davam etdirə bilərik. Yunanlara boşluq buraxmaq olmaz”.
S.İsmayılbəyli