Bazar , 22 Dekabr 2024
Drone Cameras

Ermənilərin Naxçıvan iddiası… Uydurma tarix

Uzun illərdir ki, ermənilər Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvana qarşı ərazi iddiaları ilə çıxış etməkdə və bu iddialarını qanuniləşdirmək üçün saxta tarixçilik metodologiyasına baş vurmaqda, hətta məsələyə siyasi olmaqla birlikdə dini mövqedən də yanaşmaqdadırlar. Şübhəsiz ki, buna rəvac verən müxtəlif məqamlar vardır. Heç təsadüfi deyildir ki, bu iddialar dünya mətbuatında sıx-sıx gündəmə gətirilərək, Azərbaycana və ümumiyyətlə, türklüyə qarşı mənfi rəylərin formalaşmasına səbəb olmuşdur. Ermənilər tərəfindən istər internet saytlarında, istərsə də dərc olunan kitab, məqalə və dövri mətbuatlarda Naxçıvanın hal-hazırda Azərbaycanın sərhədləri daxilində olmasına baxmayaraq, guya tarixən erməni ərazisi olduğu şəklində əsassız iddialara yer verilməkdədir. Bir cəhəti xüsusilə qeyd etmək lazımdır ki, onlar məsələyə vəd olunmuş torpaqlar çərçivəsində baxırlar. Ermənilər arasında yayğın olan ənənəvi düşüncəyə görə, Naxçıvan da daxil tarixi türk torpaqları Hz. Nuh tərəfindən guya ermənilərə vəd edilmişdir.

Erməni tarixçisi Mikael Vardabet Çamıçyanın 1811-ci ildə İtaliyada nəşr edilmiş “Ermənilərin tarixi” adlı kitabında qeyd edilir: “…Tufandan sonra Nuhun oğulları Yafəs, Sam və Ham Araratda məskunlaşaraq törəyib çoxaldılar. Sam oğlanları ilə birlikdə şimal-qərbə, Ham ilə Yafəs də oğlanları ilə birlikdə Ermənistanın müxtəlif ərazilərinə yayıldılar. Hamın övladları qərb hüdudlarında, Yafəsin oğlanları da Ararat dağı ətrafında məskunlaşdılar. Onların bir qismi Mesopotamiya tərəflərinə getdilər ki, Yafəsin nəvələrindən olan və ermənilərin atası olaraq qəbul edilən Hay (və ya Hayk) da onların içərisində idi. Babil qalasının inşasında iştirak edən Hayk 130 yaşında ikən bu qalanın yıxılması səbəbiylə oğulları və nəvələri ilə birlikdə Ermənistana gəldi. Onların hamısı eyni dildə, eyni ləhcədə danışırdılar və böyük ehtimalla bu dil ermənicə idi. Yafəsdən Qomer, Qomerdən Torqom, Askenaz, Torqomdan da Hayk əmələ gəldi. Hayk ata və ya baba mənasındadır. Haykdan da millətimiz ortaya çıxdı. Yəni bir millətin atası olduğu üçün ona Hayk adı verilmişdir. Bizim tariximiz Haykdan başlayır…

…Babildə olduğu dövrlərdə öz gözəlliyi, qıvrım saçları, kəskin baxışları, qüvvətli qolları, ox atmaqda məharəti ilə fərqlənən Hayk Babil kralı, tarixdə Nemrud deyə bilinən Pelin (və ya Belin) zülmünə qarşı çıxdı. Bütün dünyaya hakim olan Pel özünü Tanrı adlandıraraq, hər kəsin ona sitayiş etməsini əmr etdi. Məğrur Hayk isə kralın bu istəyinə qarşı gəldi. Babildə oğlu Armenak, Manavaz, Xor və bir neçə övladı anadan oldu. Sonra Hayk Pelə tabe olmamaq üçün oğlanları, qızları, nəvələri və 300 nəfərlik güclü dəstəsi ilə Ararat bölgəsinə gəldilər. O, Araratda Nuhun dilini danışan öz millətinə rast gəldi və onları öz hakimiyyəti altında birləşdirdi…”.

Belə çıxır ki, Nuh peyğəmbər erməni imiş, erməni olduğuna görə də onun və övladlarının ayaq basdığı torpaqlar ermənilərə məxsus olmalıdır. Bu məsələdə müəyyən məqamlara aydınlıq gətirməyin son dərəcə vacib olduğunu hesab edirik. Dünya ictimaiyyətinə çatdırılmaq istənilən mesaj budur ki, guya Tanrı tərəfindən “seçilmiş olan millət” məhz ermənilərdir. Ermənilər Qafqaz və Şərqi Anadolu bölgələrinin bir zamanlar məhz Hz. Nuhun nəvəsinin nəvəsi olan Haya vəd edildiyini önə sürürlər. Məhz bu baxımdan erməni ideologiyası “seçilmiş millət və vəd olunmuş torpaqlar”iddiaları üzərində yaranıb möh­kəm­lənmişdir.

Qatı millətçi fikirləri ilə tanınan Zori Balayan da “Oçaq” adlı kitabında Nih peyğəmbərin erməni olduğunu və məhz bu dildə danışdığını iddia etmişdir. Bu iddiaya əsaslanaraq o, yazır: “Rəvayətə görə, Nuh peyğəmbər Tufandan sonra gördüyü ilk torpaq parçasına “erevume” (yəni “görünür” E.Ş.) – deyə səslənmiş və torpağın adı Erevan olaraq tarixə keçmişdir…”.

Nümunələrin sayını artırmaq mümkündür. Göründüyü kimi, ermənilər müqəddəs dini kitablarda adı çəkilən Nuh peyğəmbərin erməni mənşəli olduğuna inanırlar. Onlara görə, Ağrı dağına çıxaraq, həyatda qalmağa müvəffəq olan qövm ermənilərin atalarıdır. Bu baxımdan Ağrı dağı ermənilər üçün müqəddəslik simvoludur. Bu müqəddəslik guya Nuh peyğəmbərin erməni mənşəli olması ilə əlaqədardır. Ermənilər bu inancla özlərini “seçilmiş millət” olaraq görürlər. Nuh Tufanı kimi çətin imtahan və hətta həyatda qalmaq üçün bütün çətinliklərin öhdəsindən gələ bilmə qabiliyyətlərinə və dözümlü olduqlarına olan inamları erməni kimliyinin bir parçası halına gəlmişdir. Bu baxımdan, ermənilər gəminin Ağrı dağında oturması səbəbi ilə vətənlərinin Şərqi Anadolu olduğunu iddia edirlər. Gəminin Naxçıvandakı Gəmiqayada dayanması ilə bağlı tədqiqatlar dərinləşdikcə, ermənilər belə bir yeni iddia ortaya atdılar ki, guya Nuh peyğəmbər erməni olduğuna görə, onun ayaq basdığı bütün torpaqlar ermənilərə məxsusdur.

Burada “Ağrı dağı” barəsində müəyyən məsələlərə aydınlıq gətirməyi son dərəcə vacib hesab edirik. Bu dağın adı Bibliyada “Ararat” olaraq keçir. Erməni mənşəli olduğunu düşünərək bu ada dərhal kəskin reaksiya veririk. Halbuki “Ararat” kəlməsinin ermənilərlə və erməni dili ilə heç bir əlaqəsi yoxdur. Bizlər nədənsə bilərəkdən və ya bilməyərəkdən bəzi sözləri erməni-ləşdiririk ki, bu da ermənilər üçün əlverişli məqamların və yeni fürsətlərin meydana gəlməsinə imkan yaradır və onların saxta tarixçilik metodolo-giyasını daha da qüvvətləndirir. Əgər “Ararat” həqiqətən də ermənicə bir kəlmədirsə, o zaman nəyə görə bu millət “Ağrı dağı”nı “Ararat” deyil, “Masis” adlandırır? Məsələ burasındadır ki, “Ararat” kimi oxunan “RRT”əslində Urartu adının sami dilindəki yazılışıdır. Məlum olduğu kimi, Urartu tayfaları hay ola bilməzdilər, çünki onlar Asiya mənşəli xalq idi. Haylar isə Hind-Avropa dilli xalqdır. Digər tərəfdən, qeyd edək ki, bu dağ Bibliyada “Ararat” şəklində yazılmışdır, halbuki Bibliyanın ortaya çıxdığı dövrlərdə erməni millətindən və dilindən söhbət gedə bilməzdi.

Qeyd etmək lazımdır ki, bu iddiaların arxasında kilsə dayandıqca ermənilər özlərini bu iddialara daha çox bağlanıblar. Hal-hazırda erməni kimliyi də məhz həmin iddialar üzərində möhkəmlənmişdir. Məlum məsələdir ki, belə iddialar elm adına heç bir həqiqəti özündə əks etdirmir. Bütün bunlar mifoloji təxəyyüllərə əsaslanan əfsanəvi iddialardır. Məsələyə dini aspektdən yanaşsaq, Adəm peyğəmbər bəşəriyyətin ilk atası sayıldığı kimi, Nuh peyğəmbər də Dünya Tufanı səbəbiylə bəşəriyyətin ikinci atası sayılır. Belə bir vəziyyətdə, hər hansı milli mənsubiyyətdən söhbət gedə bilməz. Yox, əgər Hz. Nuh ermənilərin də iddia etdiyi kimi, er­mə­ni­dirsə, o zaman ağla gələn ilk fikir budur: bəşəriyyət ermənilərdən törə­miş və bütün dillər erməni dili əsasında formalaşaraq, sonra­dan deformasiyaya məruz qalmışlar. Necə deyərlər, bax, budur müəm­ma!

Yuxarıda da qeyd etdiyimiz kimi, ermənilərin ərazi iddiaları içərisində Naxçıvanın özünəməxsus yeri vardır. Naxçıvana qarşı əsassız iddialar Zori Balayan, Avo Katerciyan, Arqam Ayvazyan, Sergey Şakaryants, Mqer Arutyunyan və başqaları tərəfindən önə sürülməkdədir. Bu müəlliflər tərəfindən irəli sürülən iddialrda Naxçıvan tarixi Ermənistan ərazisi kimi tanıtdırılır, yalan sazişlərin qurbanı kimi göstərilir və eyni zamanda guya erməni mədəni irsinin guya azərbaycanlılar tərəfindən həvəslə dağıdılması, daş xaçlara qarşı edilən vəhşiliklər qeyd olunur.

Diqqət yetirin: “Erməni mədəni irsi və xaçqarlar”! Sual olunur: Yəni həqiqətən də erməni mədəni irsi olmuşmu və ya Naxçıvanda erməni abidələrinin mövcudluğu nə dərəcədə realdır?

Erməni tarixçisi Manuk Abekyan, ermənilərin kim olduqlarını və harada təşəkkül tapdıqları barədə yazır ki, “…erməni xalqının mənşəyi nədir, necə və nə vaxt, haradan və hansı yollarla buralara gəlmişlər, erməni olmazdan əvvəl və sonra hansı xalqlarla əlaqələr qurmuşlar, onun dilinə, etnik mənsubiyyətlərinə kimlər necə təsir göstərmişdir? Bizim əlimizdə bunları isbatlayan açıq və dəqiq məlumatlar yoxdur…”.

Mənşəyi, sosial, siyasi, ictimai münasibətləri olmayan bir millətin mədəni irsi necə ola bilər? Cavab aydındır: Bu irs mədəni oğurluq üzərində qurulmuşdur. Heç təsadüfi deyildir ki, ermənilər yer üzünün ilk xristian milləti kimi gülünc obrazlarla dünya ictimaiyyətinin beynini qarışdıraraq Naxçıvanda və Azərbaycanın digər bölgələrindəki abidələri tarixi erməni abidələri şəklində tanıtdırmaqda və bu surətlə reallıqları saxtalaşdıraraq, bunları qonşu ölkələrin torpaqları üzərindəki ekspansional əməllərinə vasitə etməkdədirlər.

Naxçıvanla bağlı digər bir iddialar isə Arqam Ayvazyanın ingilis dilində nəşr etdirdiyi “Jugha”, “Nakhjivan Book of Monuments”, K.Patkanyanın “Choice Selections from Armenian Chronicles” adlı əsərlərində, İsveçrə-Ermənistan Parlament Qrupunun Berndə nəşr etdirdikləri “The destruction of Judja” adlı kitabda rast gəlmək mümkündür. Hal-hazırda regnum.ru saytında da Naxçıvanla bağlı ifrata varan varan iddialara rast gəlmək mümkündür.

Ümumiyyətlə, biz bu iddiaları ayrı-ayrılıqda təhlil etmək niyyətində deyilik. Qısaca olaraq onu deyə bilərik ki, müxtəlif dillərə tərcümə edilən yüzlərlə kitab, məqalə və informasiyalar vasitəsilə ermənilər iddia etdikləri ərazilərə siyasi, inzibati-ərazi baxımından deyil, həmçinin qədim mədəniyyət baxımından da sahib olduqlarını sübut etməyə çalışırlar. İddialar var və olacaq, lakin tarixi türk torpağı olan Naxçıvan keçmişdə olduğu kimi, bu gün də özünün “Türk qapısı” kimliyini qoruyur və mühafizə edir.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir