Dəyərli həmkarlar, dəyərli dostlar!
Yayılan informasilarda diqqətimi “QHT Agentliyinin 2024-cü il üzrə qrant müsabiqələrini ELAN EDİR” başlıqlı yazı cəlb etdi.
Boyukmillet.com xəbər verir ki, bu fikirləri “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova sosial media hesabında yazıb.
O daha sonra qeyd edib ki, ictimai birliyimizin fəaliyyət istiqamətinə uyğun olaraq “C. İtkin düşmüş, əsir və girov götürülmüş şəxslərin hüquqlarının müdafiəsi, mina və partlamamış hərbi sursatların yaratdığı təhlükə və onunla mübarizə” bölməsinə baxanda, təəccübdən şoka düşdüm.
Təəccübümə səbəb isə orada yarımbaşlıqda verilmiş “azərbaycanlı” ifadəsi oldu. Sizə də təqdim edirəm:
(azərbaycanlı itkin, əsir və girovların taleyi ilə əlaqədar təşəbbüslərə, onların ailələri ilə işə, dünyanın müxtəlif ölkələrində bu kateqoriyadan olan şəxslərin hüquq və azadlıqlarının birgə müdafiəsinə dair təkliflərə, işğaldan azad edilmiş ərazilərin mina və PHS-dan təmizlənməsinə dəstək təkliflərinə, bu barədə əhalinin maarifləndirilməsi tədbirlərinə, mina qurbanları, onların ailələri ilə işə, BMT-nin Davamlı İnkişaf Məqsədlərindən biri kimi “minasız dünya”nın müəyyənləşdirilməsi istiqamətində təşəbbüslərə üstünlük verilir). Əslində “Azərbaycan Respublikası vətəndaşları olan müxtəlif millətlərin nümayəndələri və ya Azərbaycan Respublikası vətəndaşları olan” yazılmalı idi. 19 ildir ki, beynəlxalq təşkilatlara göndərdiyim müraciət, bəyanat və hesabatlarda belə yazmışam.
Mən bunu özümdən icad etməmişəm. İlk dəfə tanınmış hüquqşünas alimlərin tövsiyyələri ilə yazmışam.
Necə yəni “azərbaycanlı itkin, əsir və girovların taleyi ilə əlaqədar…”?
Bu qədər də naşılıq, savadsızlıq olar ki, belə kobud siyasi səhv buraxasan?
Məgər ermənilər yalnız azərbaycanlıları əsir və girov götürmüşdülər?
Bu mövzuları tərtib etməmişdən əvvəl olmazdı ki, hər istiqamət üzrə 5-6 öz işi ilə illərdən bəri mükəmməl çalışan, təcrübəli, savadlı QHT rəhbəri ilə görüşüb, məsləhətləşə idilər?
Yəqin ki, ekspertləri də internet TV-lərdə son zamanlar ulduza çevrilmiş, bəzi saytlarda nəyinsə müqabilində peyda olmuş hərşeyşünaslardırlar.
Mövzuları tərtib edənlər məgər bilmirlər ki, erməni əsir – girovluğundan hələ də azad edilməmiş və itkin düşmüş hesab olunan, həmçinin əsir – girovluqdan azad edilmiş şəxslərin arasında azərbaycanlılardan başqa Azərbaycan Respublikası vətəndaşları olan müxtəlif millətlərin nümayəndələri – Ahıska türkləri, ruslar, ukraynalılar, tatarlar, ləzgilər, ingiloylar, talışlar və digər millətlərin nümayəndəli də var.
Bu böyüklükdə siyasi səhv buraxmaq olar? Kimlər bu həssas mövzu üzərindən bölücülüyə əsas verib?
Sabah gözü yollarda qalan adını çəkdiyim millətlərin nümayəndələrinin ailələri və ya əsir- girovluqda olmazın işgəncələrə məruz qaldıqdan sonra azad edilmiş qeyri-azərbaycanlılıar deməzlər ki, bizi nəyə görə kənarda qoyur, ayırırsınız?
Bu nə savadsızlıq, bu nə naşılıqdır? Bunun arxasında görəsən, hansı məqsədlər güdülür?
Kimlər bu bərbad mövzunu təsdiq ediblər?
Nə üçün Prezident Administrasiyasında oturan QHT Agentliyinin rəhbərliyini hər vasitə ilə qoruyan, QHT-lərlə işə məsul olan əməkdaşlar bu böyüklükdə siyasi səhvə imkan veriblər? Yoxsa onların funksiyası ancaq QHT Agentlinin rəhbərliyini qorumaqdır?
Çox təəssüf edirəm! Görün Vətəndaş Cəmiyyətinə kimlər rəhbərlik edirlər!