Cümə , 22 Noyabr 2024
Drone Cameras

Ev tikmək istəyənlərin nəzərinə: bu materialların qiyməti bahalaşacaq

“2024-cü ildə tikinti materiallarının qiyməti 30 faizə qədər bahalaşacaq”.

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin vitse-prezidenti, iqtisadçı-ekspert Vüqar Oruc deyib.

Onun sözlərinə görə, hazırda mövsümə uyğun olaraq inşaat materiallarının qiymətində müəyyən qədər ucuzlaşma müşahidə olunur. Ekspert bu ucuzlaşmanın daha çox taxta materiallarının qiymətində hiss olunduğunu söyləyib.

V.Oruc bildirib ki, ümumilikdə tikinti işləri dinamik şəkildə aparılmadığına görə əvvəlki aylarla müqayisədə inşaat materiallarının qiymətində artım yoxdur:

“Rusiya-Ukrayna müharibəsi fonunda ölkəyə inşaat materiallarının gətirilməsi çətinləşmişdi. Yerli istehsalat mövcud çatışmazlığı aradan qaldırmaq üçün alternativ istehsalla boşluğu doldurmağa çalışırdı. Nəticədə yerli məhsullara tələbat geniş vüsət aldı. Hazırda da yerli istehsal işləri də davam edir. Bu baxımdan tikinti materiallarının qiyməti əlçatandır”. 

Bazarda alıcılıq qabiliyyəti hansı səviyyədədir?

V.Oruc vurğulayıb ki, indiki məqamda alıcılıq qabiliyyəti yüksək deyil: “İlin sonu olduğuna görə insanlar daha çox növbəti ilin büdcəsinin təşkili barədə düşünürlər. Ona görə də bazarda passivlik müşahidə olunur. Gələn il üçün ölkədə genişmiqyaslı inşaat işlərinin aparılması gözlənilir. 2024-cü ilin birinci rübündə ciddi qiymət artımı baş verməsə də, ikinci və üçüncü rübdə tikinti materiallarının qiyməti bahalaşacaq”.

“Məlumdur ki, işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işlərinə start verilib. Bundan başqa, gələn il üçün investisiya axını gözlənilir. Bu da tikinti işlərinin həcminin artımına yol açacaq və inşaat materiallarına tələbat yüksək olacaq. Bu isə inşaat materiallarının qiymətini 25-30 faiz bahalaşdıracaq”, – iqtisadçı əlavə edib.

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …