2020-ci ilin sonunda imzalanan Türkiyə-Naxçıvan təbii qaz boru xətti layihəsi üzrə işlər tam sürətlə davam etdirilir.
“Boyukmillet.com” Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz bildirib.
Onun sözlərinə görə, hədəfimiz Naxçıvana da fasiləsiz və təhlükəsiz təbii qaz təminatını həyata keçirməkdir.
O qeyd edib ki, 85 kilometrlik bu xətlə daşınacaq illik 500 milyon kubmetr təbii qaz Naxçıvanda yaşayan yerli əhali üçün böyük bir rahatlıq təmin edəcək.
Xatırladaq ki, dekabrın 15-də Ankarada Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında Naxçıvan Muxtar Respublikasına təbii qazın tədarükünə dair Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycan tərəfindən energetika naziri Pərviz Şahbazov, Türkiyə tərəfdən isə energetika və təbii sərvətlər naziri Fatih Dönməz imzalayıb.
Anlaşma Memorandumuna əsasən, bu sənəd Naxçıvanın təbii qazla təminatı üçün strateji əhəmiyyət daşıyır. Hər iki ölkənin şirkətlərinin – Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və BOTAŞ-ın təbii qazın tədarükü ilə bağlı texniki, ticari, inzibati, hüquqi və digər məsələlərdə əməkdaşlığına təminat verir. Türkiyədən Naxçıvana qaz tədarükü qaz təchizatını şaxələndirəcək və enerji təminatının etibarlılığını artıracaq. Naxçıvan həm İrandan, həm də Türkiyədən dəstək almaqla artan enerji tələbatını tam təmin edə biləcək.
İğdır-Naxçıvan qaz kəməri 500 min nəfər əhalisi və illik 500 milyon kubmetr təbii qaz tələbatı ilə Naxçıvana qaz nəql ediləcək. Boru kəmərinin İğdırdan Naxçıvana – Sədərək rayonuna qədər olan hissəsi 85 kilometr təşkil edəcək. Bu boru kəməri ilə gündəlik 1,5 milyon kubmetr qaz nəql etmək həcminə malik olacaq ki, bununla da Naxçıvanın qaz tələbatı tamamilə ödəniləcək.