Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biri tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu. 1993-cü ilin 15 iyun tarixi gün olmaqla yanaşı, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması, qurtuluş deməkdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
O bildirib ki, müstəqilliyin ilk illəri Azərbaycan üçün ciddi sınaq dövrü idi. Həmin dövrdə ölkədə yaranmış siyasi böhran, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizinin zəbt olunması və bunun nəticəsində 1 milyona yaxın soydaşımızın doğma yurd-yuvasından didərgin düşməsi sosial-iqtisadi böhranı daha da dərinləşdirmiş və beləliklə, ölkə idarəolunmaz vəziyyətə düşmüşdü. Ölkədə siyasi institutların darmadağın olması, dərin xaos və anarxiyanın güclənməsi, ideoloji əsasların sıradan çıxması, eyni zamanda, xarici təhdid və Ermənistanın işğalçılıq planlarının artması müstəqilliyimizi təhlükə altına almışdı. Belə bir vəziyyətdə ölkəni xilas edə biləcək, milli-ideoloji əsaslarla suveren dövlətçilik institutlarını yaratmaq üçün milli liderə çox ehtiyac var idi.
F.Yıldırımın sözlərinə görə, vətəndaş müharibəsi təhlükəsini aradan qaldırmaq, siyasi və iqtisadi sabitliyi bərpa etmək üçün Azərbaycan xalqı yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsini olduqca vacib bilirdi. 1993-cü il iyunun 15-də Azərbaycan xalqının istəyi ilə Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra ölkəmizdə siyasi sabitlik bərqərar oldu, atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi islahatlara başlanıldı. Beləliklə, Azərbaycan ağır fəlakətlərdən, təhlükələrdən qurtuldu. Ən vacib hadisələrdən biri 1994-cü ildə Azərbaycanın dünyanın aparıcı neft şirkətləri ilə “Əsrin müqaviləsi”ni imzalaması oldu. Bununla, ölkəmizdə enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu. Eyni zamanda, Heydər Əliyev 1994-cü ildə bazar iqtisadiyyatına keçidi təmin edən mükəmməl qanunvericilik yaratdı. Ölkədə azad biznes mühitinin təmin edilməsi, yerli və xarici sərmayəçilərin hüquqlarının etibarlı şəkildə qorunması, onların fəaliyyətini tənzimləyən hüquqi normativ sənədlərin qəbul olunması islahatların əsas məqamlarından biri sayılır.
Deputat vurğulayıb ki, ulu öndər Heydər Әliyevin layiqli davamçısı Prezident İlham Əliyevin uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə 2003-cü ildən etibarən Azərbaycanın inkişafında yeni mərhələnin bünövrəsi qoyuldu. Ölkəmiz ötən 19 ildə uğurlu inkişaf yolu keçib, beynəlxalq miqyasda mövqelərimiz daha da möhkəmlənib.
“Ulu öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısında ən mühüm xidmətlərindən biri Azərbaycanın tərəqqi yolunda əmin addımlarla irəliləməsini təmin edəcək layiqli varis, qətiyyətli lider yetişdirməsidir. Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirib. Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də bu uğurların məntiqi nəticəsidir. Prezident, Müzəffər Ali Baş Komandan azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur, Şuşada Novruz tonqalı alovlandırır, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək, düşmənin yerlə-yeksan etdiyi Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək. Beləliklə, Azərbaycanı qarşıda yeni nailiyyətlər, zəfərlər gözləyir”, – deyən deputat fikirlərini yekunlaşdırıb.
Check Also
Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək
Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …