Cümə , 22 Noyabr 2024
Drone Cameras

Fatma Yıldırım: Yeni kommunikasiya bağlantıları Azərbaycana həm siyasi, həm də iqtisadi dividendlər qazandırır

Azərbaycan regionda təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə, əməkdaşlığın genişlənməsinə davamlı töhfələr verməkdədir. Belə töhfələrdən biri də Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumun imzalanmasıdır. Beləliklə, Azərbaycan bölgədə liderliyini davam etdirərək növbəti uğura imza atdı.
Boyukmillet.com xəbər verir ki,bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım söyləyib.
Deputat bildirib ki, memorandumun imzalanması postmüharibə dövrünün reallıqları fonunda Azərbaycan dövlətinin milli və perspektiv maraqlarına cavab verən önəmli addımdır. Əslində, bu sənədin imzalanmasını tarixi hadisə kimi də dəyərləndirmək mümkündür. Onun sözlərinə görə, Azərbaycanla İran arasında imzalanmış sənəd Ermənistana daha bir zərbədir. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiya bağlantısının yaradılmasını özündə ehtiva edən maddə yer almışdı. Ermənistanın Mehri rayonunun ərazisindən keçəcək Zəngəzur dəhlizinin yaradılması regionun bütün dövlətlərinin maraqlarına cavab verir. Dəhlizin açılması, əslində, dalan ölkə olan Ermənistan üçün də faydalıdır.
“Lakin məğlub ölkə yaranmış fürsəti lazımınca dəyərləndirə bilmir. Təxminən bir il yarımdır ki, Ermənistan hakimiyyəti, oradakı ayrı-ayrı revanşist qüvvələr Zəngəzur dəhlizinin yaradılmasını Azərbaycana qarşı istifadə etməyə çalışaraq müəyyən şərtlər irəli sürür və yersiz bəyanatlar səsləndirirlər. Bu şərtləri qəbul etməyən qalib Azərbaycan isə qarşısına qoyduğu məqsədləri uğurla reallaşdırır və milli maraqlarının təmin olunmasını, regional əməkdaşlığın genişlənməsini hədəfləyən addımlar atır. Ölkəmizin dost İranla yeni nəqliyyat bağlantısının yaradılması ilə bağlı razılığa gəlməsi bunu bir daha təsdiqləyir. Əgər Ermənistan Zəngəzur dəhlizinin reallaşmasına əngəl törətsə, yenə də regional əməkdaşlıqdan kənarda qalacaq, dərin sosial-iqtisadi böhran məngənəsindən çıxa bilməyəcək” , – deyə deputat qeyd edib.
F.Yıldırım vurğulayıb ki, yeni layihə Azərbaycana həm siyasi, həm də iqtisadi dividendlər qazandırır. Bu yol, əslində, Ermənistan ərazisindən çəkilməsi nəzərdə tutulan Zəngəzur dəhlizinə paralel və yaxud alternativ bir marşrutdur. Beləliklə, Ermənistanın və onun havadarlarının Azərbaycana qarşı xoş olmayan niyyətləri iflasa uğrayır. Yəni, Zəngəzur dəhlizi Ermənistansız da fəaliyyət göstərəcək. Bütövlükdə Azərbaycanın İran ərazisindən keçməklə yaradılan yeni nəqliyyat dəhlizindən götürəcəyi iqtisadi dividentlər də kifayət qədər böyükdür.
Deputat bildirib ki, yeni yol bağlantısı ölkəmizin ərazisindən keçən Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinə inteqrasiya olunacaq. Bu, o deməkdir ki, Avropadan Asiyaya və əks istiqamətə daşınan yüklər Azərbaycandan keçəcək. Bunun sayəsində də respublikamızın gəlirləri artacaq. Eyni zamanda, Naxçıvanla kommunikasiya əlaqələri təmin olunacaq.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …