Cümə axşamı , 27 Mart 2025
Drone Cameras

Fazil Mustafanın güllələnməsi işi: hakimlər deputatı məhkəməyə gətirə bilmədi

Deputata sui-qəsddə ittiham olunan 5 nəfər haqqında hökm dəyişmədi

Deputat Fazil Mustafaya qarşı sui-qəsddə ittiham olunan 5 nəfərin haqqındakı hökmdən apelyasiya şikayəti verilsə də, nəticə dəyişmədi. Bakı Apelyasiya Məhkəməsində bir neçə aydır davam edən məhkəmə prosesi fevralın 17-də yekunlaşıb. Hakim İbrahim İbrahimlinin sədrliyilə keçilən məhkəmədə elan olunub ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılır.

2024-cü il avqustun 13-də çıxarılan hökmlə təqsirləndirilən şəxslərdən Azər Səricanov ömürlük, Səbuhi Şirinov 20 il, Rəşad Əhmədov 19 il, Elşad Əsgərova 18 il, Emin Əliyarov isə 4 il azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxslər apelyasiya məhkəməsində bildiriblər ki, hökm qanunsuz və ədalətsizdir. Onlar zərərçəkmiş qismində tanınan Fazil Mustafanın çağırılıb dindirilməsini tələb ediblər. Deyiblər ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dəfələrlə vəsatət qaldırmalarına baxmayaraq, deputat məhkəməyə gəlmədi: “Bizim ona çoxsaylı suallarımız var”.

Təqsirləndirilən şəxslərin etiraz etdikləri əsas məqamlardan biri də cinayətin motivi barədə ittihamda yazılanlarla bağlıdır.

Cinayət işində iddia olunur ki, Fazil Mustafaya qarşı sui-qəsd planı İranın Rey şəhərində müzakirə olunub. Həmin planın icrası barədə tapşırıq verilib. Bu planın icrası üçün Bakıya Rəşad Əhmədov vasitəsilə 30 min dollar pul göndərilib. Rəşad Əhmədov pulu gətirib Azər Səricanova çatdırıb. Planın icrası Səbuhi Şirinova tapşırılıb. O, tapşırığı yerinə yetirib – Fazil Mustafaya avtomat silahla atəş açıb və daha sonra Elşad Əsgərov vasitəsilə hadisə yerindən uzaqlaşıb.

Polkovnik Emin Əliyarov isə Azər Səricanovun dostu olub. O, Azər Səricanovun verdiyi silahı gizlətməkdə ittiham olunur.

Təqsirləndirilən şəxslər isə bildirir ki, Fazil Mustafanı İrandan gələn tapşırıq və pula görə güllələməyiblər, deputat onların dini inancını təhqir etdiyinə görə onu cəzalandırıblar. Onlar Bakı Apelyasiya Məhkəməsində də deyiblər ki, Fazil Mustafanı öldürmək niyyətləri olmayıb. Bu səbəbdən də yaxın məsafədən atəş açılmasına baxmayaraq, onun həyati əhəmiyyətli orqanlarını hədəf seçməyiblər.

Fazil Mustafa 2023-cü il martın 28-də axşam saatlarında Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşadığı evin qarşısında güllələnib. Deputat çiyin və bud nahiyəsindən yaralanıb.

Check Also

Mİrvari Qəhrəmanlının prokurorluğa çağırıldığı deyilir

Mirvari Qəhrəmanlının özü xəbəri şərh etməkdən imtina edib Daha bir QHT rəhbərinin Baş Prokurorluğun İstintaq …